Məlum olduğu kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda səfərdədir. Prezident Ərdoğanın təyyarəsinin Laçın Beynəlxalq Hava Limanına enməsi və səfərə məhz buradan başlaması həm simvolik, həm də strateji bir mesaj kimi qiymətləndirilə bilər.
Ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşləri güclü simvolika və siyasi mesajlarla yadda qalır. Bu baxımdan, Laçın Beynəlxalq Hava Limanında çəkilmiş bir foto da xüsusi diqqətə layiqdir.
KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, fotoda Prezident Ərdoğanın əlində yaşıl buğda, Prezident Əliyevin isə əlində sarı buğda tutduğu görünür. Adi bir detal kimi görünə biləcək bu təsvir, əslində dərin siyasi simvolizm daşıyır.
Ümumiyyətlə, yaşıl buğda başlanğıc, ümid, inkişaf mərhələsini sarı buğda isə nəticə, məhsul, yetkinlik və uğur mərhələsini simvolizə edir. Bu kontekstdə Prezident İlham Əliyevin əlindəki sarı buğda artıq yetişmiş, nəticə mərhələsinə çatmış bir prosesi, daha dəqiq ifadə etsək, Azərbaycanın torpaqlarının işğaldan azad olunmasını təmsil edir.
Türkiyə liderinin əlindəki yaşıl buğda isə hələ yetişməkdə olan, lakin böyük potensial və gələcək vəd edən bir prosesin mesajını verir. Bu, da inkişaf mərhələsində olan Türk Dövlətləri Təşkilatı (TDT) və ümumilikdə Türk birliyi ideyası ola bilər.