Lənkəranda gənc kinematoqrafın filminin təqdimatı olub.
KONKRET.az-ın verdiyi xəbərə görə, təqdimat mərasimi pandemiya qaydalarına riayət edilməklə təşkil olunub.
Təqdimatı keçirilən “Köz təndir” adlı qısametrajlı bədii-sənədli filmin müəllifi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinorejissorluq fakültəsinin III kurs tələbəsi Səməd Mehribandır. Filmin quruluşçu operatoru Məhəmməd Orxandır, musiqi tərtibatçısı və poster dizaynı Aslan Ağamirzəyevə məxsusdur.
“Köz təndir”inin mövzusu məhəllə təndirxanalarının birinin işçisinin gündəlik həyatından götürülüb. Ekran əsəri səhərin alatoranında işə gələn, çörək bişirib, satmaqla övladlarını böyüdən qadından bəhs edir.
Filmin yaranma səbəbindən danışan müəllif deyib: “Hər bir insanın maraqlı hekayəsi var. İnsanlar arasında ünsiyyət çox vacibdir. Şəxsən mən bu filmin qəhrəmanları ilə söhbətdən sonra bir sıra məqamları daha fərqli görməyə başladım. Düşüncələrimdə, ətrafa baxışımda yenilik hiss etdim”.
S.Mehriban həmkarlarını Lənkərana, cənub regionuna dəvət edib. Bildirib ki, burada böyük yaradıcılıq imkanları var. Hətta gənc kinematoqrafların işlərindən ibarət festivalın təşkil olunması əla olar.
Təqdimat mərasimindən sonra filmin nümayişi olub və gender bərabərliyi mövzusunda müzakirələr aparılıb.




