“Location” klubundakı partlayışla bağlı istintaq yekunlaşdıbackend

“Location” klubundakı partlayışla bağlı istintaq yekunlaşdı

Bakıda “Location” gecə klubundakı partlayışla bağlı təqsirləndirilən Ruslan Məmmədov, Orxan Səfərli və Rəsul Rəsulovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

KONKRET.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən O.Səfərli qardaşı Elşən Səfərli şahid qismində ifadə verib.

O, R.Rəsulovun vəkilinin suallarını cavablandırıb. O söyləyib ki, “Location” klubunda heç bir rəhbərliyi olmayıb: “Rəsul Rəsulov fevral ayından etibarən həmin klubda işləyib. Kassir işlərinə o, özü nəzarət edirdi. İşçilərin obyektə sənədləşdirilərək götürülməsindən xəbərim yox idi. Rəsula gecə klubunda maaşı şirkət tərəfindən veriləcəkdi”.

Daha sonra R.Rəsulovun vəkili Umud Abdürrəhmanlı vəsatət qaldıraraq bildirib ki, gecə klubunda təhlükəsizlik aktında imzaların yoxlanılması ilə bağlı xəttşünaslıq ekspertizası keçirilməlidir.

Vəkil məhkəmədən eyni zamanda “Merser food” MMC-nin işçilərin işə götürülməsi ilə bağlı əmrlər kitabının məhkəməyə gətirilməsini, həmçinin MMC-nin kompüterinə baxış keçirilməsini tələb edib.

Onun sözlərinə görə MMC-nin baş mühasibi Sərxan Ramazanov məhkəməyə əlavə şahid qismində dəvət olunmalıdır.

Vəsatətlər təmin edilməyib.

Bu zaman vəkil məhkəmə tərkibinə yazılı etiraz edib.

Məhkəmə etirazı baxılmamış saxlayıb. Hakim deyib ki, hər üç hakimə verilən etiraza Bakı Apellyasiya Məhkəməsi baxır, amma vəsatətdə bu qeyd olunmayıb.

Daha sonra məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edilib və çıxış etmək üçün prokurora söz verib. Prokuror çıxışa hazırlaşmaq üçün vaxt istəyib.

Məhkəmənin növbəti iclası sentyabrın 19-na təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*