Lukaşenko hakimiyyəti təhvil verməyə razılaşdıbackend

Lukaşenko hakimiyyəti təhvil verməyə razılaşdı

Belarus prezidenti Aleksandr Lukaşenko onun başına bir hadisə gələcəyi təqdirdə ölkədə idarəetmənin Təhlükəsizlik Şurasına verilməsi haqda fərman imzalayıb.

KONKRET.az-ın məlumatına görə “Novaya qazeta” Prezident Lukaşenkonun mətbuat xidmətinə istinadən xəbər verir ki, imzalanan sənəd “Suverenliyin və konstitusiya quruluşunun qorunması haqqında” adlanır. “Lukaşenkonun ölümü, ona qarşı terror aktının törədilməsi və digər zorakı hərəkətlər nəticəsində” səlahiyyətləri avtomatik olaraq baş nazirin rəhbərlik etdiyi Təhlükəsizlik Şurasına veriləcək. Eyni zamanda, Təhlükəsizlik Şurasına ölkədə fövqəladə və ya hərbi vəziyyətin tətbiqi və daha sonra yeni seçkilərə hazırlaşmaq səlahiyyət verilib.

Prezident aprel ayının sonunda belə bir sənəd imzalayacağını anons etmişdi. “Deyin, sabah prezident olmazsa, hər şeyin yaxşı olacağına kim zəmanət verər? Prezident vuruldu – ertəsi gün Təhlükəsizlik Şurasına səlahiyyət veriləcək. Sərhəddə kimsə hərəkət edərsə, hərbi vəziyyətə qədər dərhal fövqəladə vəziyyət elan etmək lazımdır. Təhlükəsizlik Şurası da qərar verməlidir. Buna görə də bu fərmanı imzalayacağam.”

Yada salaq ki, bir müddət əvvəl Lukaşenko özünün və övladlarının həyatına sui-qəsd planlaşdıran bir qrupun həbs olunduğunu bəyan edib. Belarus prezidentinin sözlərinə görə, saxlanılanlar ABŞ xüsusi xidmət orqanları ilə əlaqəlidir. Lukaşenko jurnalistlərə bildirib ki, sui-qəsd planı böyük ehtimalla – Mərkəzi Kəşfiyyat İdarəsində hazırlanıb: “Onların Minskə gəlmək və mənim və uşaqlarımın həyatına qəsd təşkil etmək istəklərini aşkar etdik”.

Musavat.com bildirir ki, Belarus Təhlükəsizlik Şurasına 20 nəfər daxildir. Bunların arasında prezident, baş nazir, Milli Bankın sədri, Ali Məhkəmənin sədri, ölkənin təhlükəsizlik orqanlarının rəhbərləri, parlamentin hər iki palatasının spikerləri var. Prezidentin böyük oğlu Viktor Lukaşenko da Təhlükəsizlik Şurasının üzvüdür. Viktor prezidentin milli təhlükəsizlik üzrə köməkçisidir.

Lukaşenko deyib ki, Təhlükəsizlik Şurası kollektiv bir prezidentlik olacaq. “Bəli, Təhlükəsizlik Şurasına sədrik prezident olmadıqda baş nazir həyata keçirməlidir. O, sədrlik edəcək, amma bütün qərarlar gizli səsvermə yolu ilə alınacaq”,-deyə o bildirib.

Belarus müxalifəti dövlət çevrilişinin hazırlanmasına dair məlumatları təxribat adlandırıb. Lukaşenko isə Moskvaya aprelin 22-də etdiyi səfəri zamanı dövlət çevrilişi cəhdini Rusiya prezidenti Vladimir Putinlə də müzakirə edib.

Xatırladaq ki, ötən il avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. İllər sonra ölkədə böyük maraqla qarşılanan seçkilərdə, yekun nəticələrə görə, Lukaşenko 6-cı dəfə qalib olub. Bunun nəticəsində ölkənin bir sıra bölgələrində kütləvi dinc etirazlar başlayıb. Lukaşenkonun əsas rəqibi S.Tixanovskaya seçkidən iki gün sonra təhlükəsizlik məqsədilə ölkəni tərk edərək Litvaya üz tutub. ABŞ və Avropa İttifaqı bəyan edib ki, Lukaşenkonu Belarusun qanuni prezidenti kimi tanımır.

Lukaşenko bir neçə dəfə birmənalı olaraq bəyan edib ki, onun övladlarından birinin prezident olacağı ilə bağlı iddialar yalandır: “Məndən sonra övladlarım prezident olmayacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*