Magistral yollarda son vəziyyət – FOTObackend

Magistral yollarda son vəziyyət - FOTO

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxı və Qobustan rayonlarından keçən magistral yolları qardan və buz qatından təmizlənib. Paralel olaraq, Şamaxı-Pirqulu avtomobil yolunda da işlər aparılır və yaranmış çətinliklər aradan qaldırılıb.

Qarlı və şaxtalı hava təkcə Bakı-Şamaxı-Yevlax yoluna deyil, Şamaxı-Pirqulu-Dəmirçi avtomobil yoluna da təsir edib. Bu ərazidə də qar və buzlaşma səbəbindən nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Aidiyyəti qurumlar ərazidə yolların təmizlənməsi və təhlükəsizliyin təmin olunması üçün tədbirlər görməkdə davam edir.

KONKRET.az xəbər verir ki, 19 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru Nazim Eynallının sözlərinə görə, qarın davamlı yağmasına baxmayaraq, işçilər fasiləsiz olaraq gecə-gündüz növbəli şəkildə çalışırlar: “Qar davamlı yağdı, biz də fasiləsiz olaraq gecəli-gündüzlü növbəli şəkildə bütün işçi heyətimiz və texnikamızla işlədik. Qar təmizlənib, duz-qum qarışığı yola səpilib ki, buz ərisin. Yenə də arxayınlaşmırıq, bilirik ki, sabah, birisi gün də bizi şaxta və qar gözləyir. Buna görə də biz tam hazırıq və bütün təminatımız var”.

Hazırda bölgədə qar yağmasa da, şaxtalı hava şəraiti davam edir. Xüsusilə gecə saatlarında buzlanma ehtimalı yüksək olduğundan, sürücülərə sürət həddinə əməl etmələri və nəqliyyat vasitələrinin texniki vəziyyətinə xüsusi diqqət yetirmələri tövsiyə olunur.

Xatırladaq ki, fevralın 20-si səhər saatlarından etibarən Qobustan və Şamaxı rayonları ərazisində yağan qar axşam saatlarında daha da intensivləşib. Bunun nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 105-120-ci kilometrliyində buzlaşma yaranıb. 19 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC tərəfindən yolların buzdan təmizlənməsi üçün hərəkət hissəsinə duz-qum qarışığı səpilib.

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*