Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həbs edilmiş vəzifəli şəxslərinin əməllərindən zərərçəkən kimi tanınan iş adamının məhkəməsi davam etdirilir. O, mənimsəmədə ittiham edilir.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 193-1.3.2-ci ( cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və 179-cu (mənimsəmə) maddəsi ilə ittiham edilən Kabulov Əşrəf Rafael oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Siyavuş Hacıyevin sədrliyi ilə baş tutan məhkəmə iclasında əlavə şahidlərin dindirilməsi üçün vəsatət verilib.
Vəsatət Kabulovun vəkili tərəfindən məhkəməyə təqdim edilib. Məhkəmə vəsatəti təmin edib.
Bundan əlavə dəymiş zərər kimi müəyyən edilən 450 min manatın Kabulovun payına düşən hissəsinin ödənilməsi üçün də danışqlar aparılır.
Zərərçəkmiş tərəf də bununla razılaşdığını, Kabulovun payına düşən hissənin ağlabatan məbləğ olacağı halda danışıq aparıla biləcəyini qeyd edib.
Hakim də bildirib ki, bu işdə əsas adı çəkilən və məbləği ələ keçirdiyi bildirilən şəxslər başqalarıdır. Hazırda onların cinayət əməlləri barədə də məhkəmə araşdırması davam etdirilir.
Əşrəf Kabulova verilən ittihama görə, Esmira Əliyeva, Emil Bədəlov və digərləri ilə əlbir olaraq Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi layihələrə saxta sənədlər hazırlayıblar. Belə ki, vəzifəli şəxslərin adından sənədlər imzalayaraq müxtəlif layihələrin icra olunduğunu göstərərək ayrılan vəsaiti mənimsəyiblər.
Həmin sənədlər əsasında Emil Bədəlovun müxtəlif banklarda olan hesablarına pullar köçürülərək nağdlaşdırılıb.
İttihamda ümumi dəymiş zərər 420 min manat olaraq göstərilir. Kənd Təsərrüfatı Nazirliyinin mülki iddiası da qeyd edilən miqdardadır.
Elan olunmuş ittihamla Əşrəf Kabulov özünü qismən təqsirli bilib.
O deyib ki, bu işdə adı keçənlərdən yalnız Esmira Əliyevanı tanıyır.
“Özüm uzun illər “Bank Respublika”da işləmişəm. Esmira Əliyeva ilə də orada birlikdə çalışmışıq. 2015-ci ildə Esmira dedi ki, 4 şirkət lazımdır ki, pul köçürmə həyata keçirsin. Mən də ona 4 şirkətin adını verdim. Özü deyirdi ki, şirkətlərdən pul köçürülüb. Məndən yenə də şirkət istədi. Amma olmadığını dedim. Sonradan istintaqda məlum oldu ki, on beşə yaxın şirkətin adından köçürmələr edilib.
Mən bu işdə adı keçən nə Sevinci, nə də Emili tanıyıram. Sadəcə Esmiranı tanımışam”- deyə təqsirləndirilən şəxs bildirib.
Bu işdə adı keçən Emin Bədəlov və Sevinc Zeynalova barəsində də ayrıca cinayət işi açılıb. Emil Bədəlov həbsdədir. Onlar barəsindəki cinayət işi də Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.
Əşrəf Kabulovun cinayət işi üzrə məhkəmə iclasında dindirilən Esmira Əliyeva “Atabank”ın “Nərimanov” filialında baş mühasib işlədiyini deyib.
O, həbs edilən Əşrəflə dostluq münasibətinin olduğunu deyib.
Kabulovun vəkili arayış verib ki, Esmira Əliyevanın depozitdə olan 600 min puluna və əmlaklarına həbs qoyulub.
Müdafiəçi bu barədə şahidə suallar verib. Esmira Əliyeva bildirib ki, onun barəsində də cinayət işi açılıb və ayrıca icraata verilib.
Məhkəmə araşdırması davam etdirilir.
Qeyd edək ki, Ə. Kabulov MTN generalları Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova və digərlərinin cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb.
Həmin iş üzrə ittihamda göstərilirdi ki, MTN əməkdaşları Ə.Kabulovdan barəsində cinayət işi açacaqları adı ilə 30 min manat pul alıb. Həmin cinayət işi də banklardan qanunsuz pul köçürmələri ilə bağlı olub.