Manatın ucuzlaşması qaçılmazdır – TƏHLİLbackend

Manatın ucuzlaşması qaçılmazdır - TƏHLİL

Birinci yazı

Dünyanı ağuşuna alan COVİD-19 pandemiyasının sosial deyil, iqtisadi bəla olduğu artıq heç kimə sirr deyil. Çox təəssüfki, bu pandemiya dünyanı yenidən bölüşdürmək üçün hazırlanmış çirkin bir layihədir. BMT və digər beynəlxalq maliyyə institutları artıq neçə vaxtdır həyəcan təbili çalır ki, pandemiya bütün dövlətlərin iqtisadiyyatına böyük zərbə vuracaq. Kasıb və bizim kimi inkişaf etməkdə olan dövlətlər isə bundan daha çox ziyan görəcək. Pandemiyanın iqtisadi bəla olduğunu sübut edən faktorlardan biri eyni vaxtda dünya birjalarında neftin sürətlə ucuzlaşmasıdır.

Digər bir amil isə dünya ölkələri arasında son bir neçə ayda iqtisadi əlaqələrin demək olar ki, kəsilməsidir. BMT-nin son məlumatına görə koronavirus pandemiyası səbəbindən artıq dünyanın 30 ölkəsində ciddi ərzaq çatışmazlığı hiss olunur. Bu ölkələrdən 10-a qədərində artıq əhali aclıqdan ölüm həddində çatıb. BMT-nin Dünya Ərzaq Proqramının icraçı direktoru Devid Beasleyin dediyinə görə, pandemiya İkinci Dünya müharibəsindən sonra yaranan ən ciddi humanitar böhrandır.

“Bizim təhlillərimiz göstərir ki, əgər biz o insanlara kömək üçün uğraşmasaq, üç aylıq dövr ərzində aclıqdan hər gün 300 min adam ölə bilər. Bura COVID-19 səbəbi ilə aclığın artması daxil deyil”, – deyə o bildirib. Belə olan vəziyyətdə, görəsən, ölkəmizi hansı sürpirizlər gözləyir? Bəri başdan deyək ki, perspektiv o qədər də ürəkaçan deyil. Çünki ölkəmizin iqtisadiyyatı neftdən asılıdır. Hazırda dünya birjalarında “Azeri Light” markalı neftin qiyməti 2020-ci il dövlət büdcəsində nəzərdə tutulan qiymətdən ən azı 2 dəfə ucuzdur. Bu isə artıq ölkəmizin yaxın gələcəkdə hansı cətinliklər gözlədiyinin əyani göstəricisidir. İlk baxışdan idxal-ixrac əməliyyatlarına baxanda ölkəmiz müsbət saldoya malik olduğu görsənir. Amma nəzərə alsaq ki, ixrac əməliyyatlarında neft-qaz məhsullarının payı 85-90 faizdir, onda vəziyyətin nə qədər ciddi olduğunu görərik.

Dövlət Gömrük Komitəsinin customs.gov.az saytında yerləşdiriən məlumatlar bir anlıq göz yetirək. 2018-ci ildə ölkəmizdən 29 milyon 498 min 337 ton və yaxud 15 milyard ABŞ dallarlıq xam neft, 1 milyon 15 min 118 ton və yaxud 520 milyon 600 min dollarlıq neft məhsulları, 7 milyard 900 milyon 12 min kubmetr və yaxud 1 milyard 499 milyon 385 min dollarlı qaz ixrac edilib. Satılan neft-qaz məhsulları isə ixrac əməliyyatlarının nə az, nə çox düz 91.17 faizini təşkil edir. Ötən il isə 30 milyon 837 min 85 ton və yaxud 14 milyard 814 milyon 132  min ABŞ dolları dəyərində  xam neft, 979 min 717 ton və yaxud 462 min 789 dollarlıq neft məhsulları və 12 milyard 537 milyon 405 min kubmetr və yaxud  2 milyard 366 milyon 833 min dollarlıq qaz ixrac olunub. Bu da ümumi ixracın 89,86 faizi deməkdir. Bu ilin birinci rübündə də neft-qaz məhsulları ixracda əsas pay sahibidir. Belə ki, 3 milyard 837 milyon 763 min ABŞ dollarlıq neft qaz məhsulları ixrac edilib ki, bu da ümumi ixracın 89,01 faizini təşkil edib.

Faktlardan da göründüyü kimi biz davamlı inkişaf etdiyimizi nə qədər də iddia etsək də, ölkəmiz hələ də xam neftdən gələn gəlirlərdən asılıdır. Bu gəlirlər isə son aylar ən azı 2 dəfə azalıb. Neft-qaz məhsullarını idxal-ixrac əməliyyatlarından çıxarıb bir kənara qoyduqda isə mənzərə çox acınacaqlıdır. Belə ki, 2018-ci il ərzində ölkəmizdən vur-tut 2 milyard 203 milyon 432 min ABŞ dollarlıq məhsul ixrac olunub. Əvəzində isə 11 milyard 464 milyon 970 min ABŞ dolları dəyərində məhsul idxal edilib. Fərq 5 dəfədən çoxdur.

Ötən ilin mənzərəsi isə daha acınacaqlıdır. Bəri başdan deyək ki, 2019-cu ildə qeyri-neft sektorunda ixrac əvvəlki illə müqayisədə xeyli azalıb. Belə ki, ötən il cəmi 1 milyard 991 milyon 826 min ABŞ dollarlıq məhsul ixrac edilib. Əvəzində xaricdən nə az-nə çox, düz 13 milyard 667 milyon 237 min dollarlıq məhsul gətirilib. Görünən fərq 6 dəfədən çoxdur. Bu ilin birinci rübünün də göstəriciləri heç də ürəkaçan deyil. Belə ki, bu ilin ilk 3 ayında vur-tut 429 milyon manatlıq qeyr-neft məhsulları ixrac etmişik. Əvəzində 2 milyard 636 milyon 969 min manatlıq məhsul idxal etmişik. Fərq təxminən 7 dəfəyə yaxındır. Bu yerdə “proletariatın dahi rəhbəri” Leninin bir kəlamı yada düşür: Faktlar yaman tərs şeydir…

Narahatlıq doğuran odur ki, sadaladığımız bu rəqəmlər neftin dünya bazarında büdcəmizdə nəzərdə tutulan qiymətdən bir qədər yuxarı olduğu dövrü əks etdirir. Hazırda isə neftimiz dünya bazarlarında ötən illə müqayisədə ən azı 2 dəfə ucuz satılır. Üstəgəl koronavirus pandemiyası son 2 ayda xarici iqtisadi əlaqələrimizə ciddi ziyan vurub. Vurulan ziyanın tam hesabatı olmasa da, ilkin nəticələr bəllidir. İqtisadiyyat naziri Mikayıl Cabbarov aprelin 25-də keçirdiyi birifinqdə söylədi ki, COVİD-19 hər gün ümumdaxili məhsulumuza 100-120 milyon ABŞ dolları civarında ziyan vurur. Belə yerdə bir atalar sözün deməsəm, ürəyim çartlayar: Əri döymüş arvadı it də bir yandan tutdu.

Göründüyü kimi ötən hər gün heç də xeyrimizə işləmir. Çünki neftin yenidən bizə sərf eliyəcəyi qiymətə – ən azı 60 dollara qalxacağı real görünmür. Bundan əlavə koronovirus pandemiyasının nə vaxt aradan qalxacağı və xarici iqtisadi əlaqələrimizin tam yoluna düşəcəyi də  tarix də bəlli deyil. Bu yerdə məşhur sual ortaya çıxır: NƏ ETMƏLİ?

Son illərin təcrübəsi göstərir ki, hökümət bu vəziyyətdə yenidən Neft Fonduna üz tutacaq. Burdakı vəsaiti dövriyyəyə qatacaq. Baxmayaraq ki, bu ilin birinci rübündə manatın məzənnəsini sabit saxlamaq üçün artıq Neft Fondundan 3 milyard vəsait götürülüb. Təbii ki, bu növbəti aylarda da davam edəcək. Digər bir addım isə Mərkəzi Bankın növbəti dəfə devalvasiyaya getməsi olacaq. Yaxın günlərdə yəqin ki, bunun şahidi olacağıq. Çünki hər gün milyonlarla vəsait xərcləyərək manatın məzənnəsinin sabit saxlanılması artıq öz effektliyinin itirib. Devalvasiya hesabına büdcəyə bir qədər də vəsait cəlb olunacaq. Amma bu, çıxış yolu deyil. Bu, sadəcə getməyən qatarı silkələməklə hərəkətdə olması imitasiyası yaratmaqdan başqa bir şey deyil. Əslində isə çıxış yolları var. Hansıdır o çıxış yolları..?

TƏKLİFLƏR…

Birincisi, gecikmədən gömrük və vergi orqanlarındakı inzibati rıçaqlar tam aradan qaldırılmalıdr. İdxal-ixrac əməliyyatlarında və vergidə şəffaflıq təmin edilməlidir.

İkincisi, ölkə daxilində hələ də mövcud olan inhisarçılığa son qoyulmalıdır.

Üçüncüsü, maliyyə amnistisiyası verilməlidir. Kimin pulu harda və necə qazanmasından asılı olmayaraq ölkədə sərbəst investisiya yatırımına icazə verilməlidir. Əks təqdirdə ölkənin vəsaiti yenə xaricə daşınmaqda davam etdiriləcək. Çünki yuxarıda sadaladığımız səbəblərə görə Azərbaycandakı imkanlı adamlar respublikamızda investisiya yatırmaqda tərəddüd edir. Ona görə də bu təkliflər hökümət tərəfindən eşidilməlidr. Əks təqdirdə hər şey Allahın ümidinə qalacaq.

Surxay Atakişiyev,

 (Ardı var)

  • omer
    Aprel 29, 2020 - 17:43

    surxay muellim manat niye ucuzlasmalidir?men sizin yazini oxuyub bele basa dusuremki qeyri neft sektorunun inkisafi deyende bizi aldadiblar..cox pis.e

omer üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*