“Mandatı var, özü yox”: Talıbov və Əsədov parlamentə gəlməyi “podlo” bilir?backend

"Mandatı var, özü yox": Talıbov və Əsədov parlamentə gəlməyi "podlo" bilir?

Mediada oxuduğum bir xəbər diqqətimi necə cəlb etdisə, beynimdə həmin andaca yeni mövzu yarandı və beləcə yazı yazmaq qərarına gəldim. Deməli, Yaponiyada bir deputat iclaslarda uzun müddət iştirak etmədiyinə görə parlamentdən uzaqlaşdırılıb və mandatı əlindən alınıb. Qısacası, adama başa salıblar ki, bura sənin üçün “karvansaray qapısı” deyil və istədiyin zaman gəlib-gedə bilməzsən. Açığı sözügedən məlumatı oxuduğum zaman içimdə qəribə bir həsəd hissi keçirməklə yanaşı, həm də bizim “milli parlament”i xatırladım. Axı Milli Məclisdə də uzun müddət iclaslarda iştirak etməyən, heç parlamentə ayaq basmayan deputatların sayı kifayət qədərdir. Məsələn, sabiq spiker Oqtay Əsədovun, Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun adlarını çəkə bilərik. Bu şəxslər mandat daşısalar da, Milli Məclisə təşrif buyurmağı, iclaslarda iştirak etməyi, müzakirələrə qoşulmağı özlərinə “podlo” bilirlər. Açığı başqa cür düşünmək üçün ağlıma daha məntiqli bir fikir də gəlmir. Keçmiş spiker və sabiq “xan” həzrətlərinin öz təəbələri ilə birlikdə əyləşməsi ayıb sayılır axı… 

Deməli, 2022-ci il ərzində ümumilikdə 37 plenar iclas keçirilsə də, Vasif Talıbov onların heç birində iştirak etməyib. Elə həmkarı Oqtay Əsədovun da ondan geri qalmadığını əminliklə deyə bilərik. Belə olan halda sual yaranır: Bu şəxslərə büdcədən niyə əməkhaqqı ayrılır? Ölkənin qanunverici orqanının iclaslarına saymamazlıq göstərən “oliqarx”lar haqqında niyə parlamentin İntizam komissiyası qərar çıxarmır?. Yoxsa sabiq spiker və keçmiş “xan” göydən zənbillə düşüblər və onlara “gözün üstə qaşın var” deməyə heç kimin “dux”u çatmır? Cənablar! Azərbaycan çox ciddi münaqişələrin və siyasi proseslərin getdiyi bir regionda yerləşir. İran, Ermənistan, Rusiya kimi riyakar ölkələrlə siyasi mübarizə aparmaq, eləcə də ikiüzlü Qərb dairələrinin hədəfinə çevrilməmək üçün balansı qorumaq çox böyük zəhmət, iradə və güc tələb edir. Bütün bu məsələlərin öhdəsindən Azərbaycan lideri, Prezident İlham Əliyyev uzaqgörən siyasi qabiliyyəti sayəsində gəlməyi bacarsa da, ona daxildən mütləq dəstək vermək lazımdır. Amma Vasif Talıbov, Oqtay Əsədov və onlar kimi digər “adı var, özü yox” deputatlarla bu siyasətə dəstək nümayiş etdirmək, islahatlarla ayaqlaşmaq olmaz axı…  Büdcədən havayı pul alan, lakin heç bir iş görməyən bu cür “mandat həvəskar”larının Milli Məclisdə əyləşməsi kimlərə və niyə sərf edir? Bax bu sualın cavabını mütləq araşdırmaq lazımdır.

Yeri gəlmişkən, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, plenar iclaslarda, komitə və komissiyaların iclaslarında üzrsüz səbəbdən iştirak etməyən deputatlar parlamentdaxili məsuliyyətə cəlb oluna bilərlər. Daxili Nizamnamənin 45-ci maddəsinin birinci hissəsinin 3-cü bəndində göstərilən əsasa görə, Milli Məclisin sədri Milli Məclisin növbəti sessiyasının bütün iclaslarında və ya il ərzində Milli Məclisin 15 iclasında üzrsüz səbəbdən iştirak etməyən deputat barəsində İntizam komissiyasına təqdimatla müraciət ünvanlaya, İntizam komissiyası isə Milli Məclisin deputatı barəsində deputat səlahiyyətlərinin itirilməsi intizam tədbirinin tətbiq edilməsi haqqında rəy verə və məsələni parlamentin müzakirəsinə çıxara bilər. Amma maraqlıdır ki, daxili nizamnamə və müvafiq qanun yalnız kağız üzərində keçərlidir. Onun əməli tətbiqi isə heç zaman reallaşmayıb. Əks halda indi parlamentdə nə Vasif Talıbov, nə də Oqtay Əsədov kimi “deputat”lar əyləşə bilməzdi.

Mövzunu KONKRET.az-a şərh edən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun sözlərinə görə, başqa ölkələrin parlamentlərinin təcrübəsindən çıxış edərək Azərbaycanın Milli Məclisinə münasibət bildirmək doğru deyil: “Azərbaycan parlamentində təmsil olunan deputatların çoxu seçilməyib və ora təyin edilib. Bu şəxslərin böyük əksəriyyəti bizneslə məşğuldur. Onlar öz işlərini qoyub niyə gəlib Milli Məclisdə otursunlar ki? Onsuz da həmin deputatların iclaslarda iştirakı parlamentin fəaliyyətində heç nəyi dəyişməyəcək. Təbii ki, deputatların parlamentin iclaslarında iştirakı hüquqi cəhətdən vacibdir. Amma məsələ burasındadır ki, onların əksəriyyəti seçilməyib, təyin olunub. Onların özlərinə qalsa, parlamentdəkilərin 90 faizi mandatdan imtina edər. Çoxu məcburi şəkildə gəlib Milli Məclisdə əyləşib. Fikir verirsinizsə, əksər deputatlar “ağızlarına su alıb oturublar” və heç nəyə münasibət bildirmirlər. Parlamentin nə işlə məşğul olduğu onları maraqlandırmır, heç bir qanunvericilik təşəbbüsü ilə çıxış etmirlər. Ona görə də, öz biznesi və işi olan deputatların çoxu gəlib parlamentdə oturmaq istəmir”.

Sərdar Cəlaloğlu Azərbaycan qadınını belə görür:

Sərdar Cəlaloğlu əlavə edib ki, 99 faiz deputatın Milli Məclisə gəlməsinin heç bir mənası yoxdur: “Parlamentdə iki-üç nəfər əyləşib və onlar qanunları təsdiqləməyə kifayət edirlər. Yerdə qalan deputatlar öz vaxtlarını parlamentdə israf etmək istəmirlər. Təsəvvür edin ki, dörd çağırış deputat seçilən millət vəkili bu illər ərzində 4 söz deməyib. O, nəyə görə parlamentdə oturmalıdır ki? Gedib öz işi ilə məşğul olmalıdır. Təbii ki, bu cür deputatların mandatlarını almaq üçün sərt qanunlara ehtiyac var. Amma bu deputatların çoxu təyin edildiyindən onları uzaqlaşdırmağa da lüzum görmürlər”.

Müşviq Tofiqoğlu,

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*