Maral Şuşada əsir düşməsindən danışdı – Erməni snayperin etirafları və yalanlarıbackend

Maral Şuşada əsir düşməsindən danışdı - Erməni snayperin etirafları və yalanları

Erməni məşuqu ilə Şuşada yaxalanmış Livan vətəndaşı Maral Nacaryan ölkəsinə təhvil verildikdən sonra nala-mıxa vurub, bəzən xoş, bəzən bəd rəftarla üzləşdiyini iddia edib.

Azərbaycan Rusiyanın xahişini nəzərə alaraq (hər halda, KİV belə yazmışdı), humanist addım atdı, Şuşada əsir götürülən Livan əsilli erməni snayper qadın Maral Nacaryanı azad elədi. Əlbəttə ki, həm də diplomatik gediş idi. Bu qərarına görə Livan hökuməti rəsmi Bakıya təşəkkür mesajı da yolladı, Nacaryan ölkəsinə gedərək ailəsinə qovuşdu.

KONKRET.az xəbər verir ki, bu yaxınlarda isə erməni qadın müsahibəsində əsirlik həyatından danışıb.

Müsahibədən məlum olur ki, Nacaryan Viken Eulcekyan adlı erməni məşuqu ilə noyabrın 10-da Şuşaya gedib. Erməni qadın əsir düşməsini belə təsvir edir:

“Qarşıda Azərbaycan əsgərləri dayanmışdı. Mən onları görəndə özümü itirdim. Dedim ki, bu, necə ola bilər. Azərilər buradadır. Ancaq yol dar olduğundan biz dönüb geri qayıda bilmədik. İki azərbaycanlı zabit bizi əhatəyə aldı. Onlardan biri mənimlə rus dilində danışdı, gördü ki, mən rus dilini başa düşmürəm. Türkcə danışmağa başladı. Soruşdu ki, haradan gəlib hara gedirsiz. Türkcə mükəmməl bildiyimdən onlara dedim ki, İrəvandan gəlirik, Şuşidəki hoteldə əşyalarımız qalıb. Onları götürməyə gəldik. Zabit mənə dedi ki, siz məgər bilmirsiz, Şuşa bizimdir? Daha Şuşi yoxdur. Mən dedim ki, biz bunu bilsəydik, heç bura gəlməzdik”.

Müsahibənin başqa bir yerində isə Nacaryan Ermənistan hökumətini ittiham edir. Deyir ki, hökumət yalan məlumatlar yaymasaydı, biz Şuşaya tərəf getməzdik.

Nacaryan deyir ki, türkcə mükəmməl danışdığına görə azərbaycanlı hərbçilər onu casus zənn edib. Sonra məşuqunun telefonundakı fotolara diqqət ediblər. Əlində silah, özü də hərbi paltarda xeyli fotolar üzə çıxıb. Həmin fotolar Qarabağda döyüşən digər könüllülərlə birlikdə çəkilib.

O, habelə digər azad edilən erməni əsirlər kimi, “bəzən mənimlə xoş rəftar edirdilər, sonra yenidən bəd rəftarla üzləşirdim” iddiasında bulunub: “Bəzi gözətçilər yeməyə mənə şaurma və ya kartof gətirirdi və ya yeməyimə əlavə duz vurmaq istəyib-istəmədiyimi soruşurdular, elə gözətçilər də vardı ki, verdikləri yeməyi az qala sifətimə çırpırdı”.

Onun əsirlik həyatı isə belə başa çatır: “Martın 8-də yüksək vəzifəli şəxs məni qəbul etdi. Dedi ki, siz azadsız və mənə qırmızı və ağ güllərdən ibarət bir buket bağışladı”.

Martın 10-da səhər tezdən Maral Nacaryan Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşayiəti ilə Bakıdan İstanbula, oradan isə Beyruta uçub: “Hava limanında oğlum və qızım məni qucaqlayanda başa düşdüm ki, mən arzuma çatdım. Ailəmə qovuşdum. Bu, Allahın mənə hədiyyəsi idi”. Hazırda o, saç ustası kimi Livanda işə başlamağa hazırlaşır.

Onun bu söylədiklərində xeyli ziddiyyətlər var. Nacaryan Azərbaycanın, hərbçilərimizin lehinə maraqlı detallar açıqlayıb. Fəqət erməni ki erməni: neçənci ermənidir ki, həbsdən buraxıldıqdan sonra yalan danışır, Azərbaycan tərəfini suçlayır, guya yeməyi sifətinə çırpanlar olub. Ondan əvvəl də bir erməni qarısı ölkəsinə getdikdən sonra Azərbaycan haqda şər-böhtan dolu müsahibə vermişdi. Onların bu cür çıxışlarını başa düşmək olar, nəticədə bir ermənidir. Amma onların bu davranışları istər-istəməz düşünməyə vadar edir ki, bu erməniləri azad etməkdə nə dərəcədə doğru qərar vermişik?

Elman Nəsirov: “Onlara elə təzyiq olunur ki, 180 dərəcə mövqelərini dəyişirlər”

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Elman Nəsirov açıqlamasında sual etdi ki, Ermənistan pisliyindən əl çəkmirsə, Azərbaycan niyə öz yaxşılığından əl çəkməlidir. Deputatın sözlərinə görə, biz mahiyyətcə humanist dövlətik və xalqıq, bu da dünyaya bəlli olan həqiqətdir:

“Azərbaycan hərbi əsirlərlə beynəlxalq qanunlar çərçivəsində necə rəftar olunmalıdırsa, o cür də davranıb. Bu başqa məsələdir ki, ermənilər bizdən insani davranış görür, etiraf edirlər, sadəcə, ölkələrinə təhvil verildikdən sonra xüsusi xidmət orqanı tərəfindən təzyiqlə üzləşirlər. Onlara elə təzyiq olunur ki, 180 dərəcə mövqelərini dəyişirlər.

Həmin adamlara deyirlər ki, siz satqınsınız, Azərbaycan tərəfə keçmisiniz, xəyanət etmisiniz… Bu təzyiqlər altında həmin şəxslər Azərbaycanda dediklərinə daban-dabana zidd, bizi ittiham edən xarakterli mövqe ortaya qoyurlar. Əgər ermənilər Azərbaycan dövlətinin işğal olunmuş ərazilərində vandallıq ediblərsə, Prezidentin dediyi kimi, bu yerlərdən vəhşi qəbilə keçibsə, o zaman onların əsirlərə qarşı analoji münasibət göstərəcəyi də şübhə doğurmur. Ona görə Azərbaycanın təhvil verdiyi ermənilərin bu cür çıxış etmələrində təəccüblü hal yoxdur”.

Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyevin qəzetimizə bildirdiyinə görə, onların azad olunması uzun danışıqlar nəticəsində baş verib. Ekspert hesab edir ki, qarşı tərəf də onların azad olunması müqabilində nəsə təklif edir:

“Biz danışıqlar prosesini bilmirik, yəni niyə, necə təhvil veriblər. Amma ermənilər beynəlxalq təşkilatlara olan-olmayan məlumatlar ötürürlər ki, guya əsirləri Cenevrə konvensiyasına zidd olaraq saxlamışıq. Maral Nacaryana gəlincə, o, atəşkəsdən əvvəl tutulub. Onun vətəndaşlığı Ermənistan deyildi, bu səbəbdən təhvil verilməsində gecikmə olub. İndi hökumət daha yaxşı bilir ki, niyə onu azad edib. Amma əsirlikdən qaytarılan hər şəxs belə danışacaq. Çünki erməni ictimai rəyi ondan belə gözləyir”.

F.Mehdiyevin fikrincə, onların sözlərinə etibar etmək olmaz:

“Əsas odur ki, belə məsələlərdə sistematik davranış nədir. Hansısa əsgər kobud davrana bilər. Çünki qadın snayper olub və müharibədə kobudluq olan hadisədir. Amma Azərbaycanın qaytardığı əsirlərdən hansını danışdırsan Nacaryan kimi hamısı eyni sözü deyəcək”.

Qeyd edək ki, Azərbaycan üçtərəfli bəyanata uyğun olaraq bütün hərbi əsirləri Ermənistana qaytarıb. Bunu xarici işlər naziri Ceyhun Bayramov deyib. O, Ermənistan hərbçilərinin Azərbaycan ərazisinə qanunsuz daxil olmaq cəhdlərini, habelə Ermənistanın indiyədək Azərbaycana işğaldan azad olunmuş ərazilərinin minaların basdırılması məlumatının Azərbaycana təqdim etmədiyini bildirib. Hazırda Azərbaycanda saxlanan 62 erməni diversant-terrorçu isə hərbi əsir sayılmır. Çünki onlar 10 noyabr bəyanatından sonra Hadrut istiqamətində təxribata cəhd edərkən Azərbaycan tərəfinin həyata keçirdiyi anti-terror zamanı yaxalanıblar./musavat.com/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*