Cənubi Qafqazdakı geosiyasi vəziyyət müxtəlif platformalarda müzakirə edilir və Rusiya ilə Qərbin regiondakı rolu təhlil olunur.
KONKRET.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq Tədqiqatlar İnstitutunun Avroatlantik Təhlükəsizlik Mərkəzinin baş elmi işçisi Sergey Markedonov özünün “Donskoy Kazak” teleqram kanalında bu mövzunu geniş təhlil edib.
Məsələyə müxtəlif aspektlərdən yanaşan Markedonov Cənubi Qafqazdakı yeni danışıqlar formatı və Türkiyənin regiondakı roluna toxunub. Rusiya XİN-in rəsmisi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya, Azərbaycan və Ermənistan liderlərinə münaqişənin həlli perspektivlərini müzakirə etmək üçün dördtərəfli görüş təklif etdiyini xüsusi vurğulayıb. Görünür, Ərdoğanın regionda fərqli ab-hava yaratması və xüsusi çəkiyə malik olması Rusiyanın ürəyincə deyil.
Markedonov Türkiyənin Cənubi Qafqazda aktiv siyasətinin Rusiya üçün müəyyən risklərinə toxunaraq qeyd edib ki, Türkiyə balanslaşdırılmız siyasət aparır. Ermənistanın mövqeyinə nəzər salan siyasətçi bildirib ki, bu gün vəziyyət fərqlidir: “Ermənistan həddindən artıq zəifləyib və ruhdan düşüb. Qərb və Rusiya Cənubi Qafqazda öz rollarını artırmaq niyyətindədir. Rusiyasız Qafqaz Qərbə çox lazımdır. Qərblə çəkişmə Ərdoğanı rusiyayönlü etməyəcək. Türkiyə prezidentinin saysız-hesabsız ambisiyaları var. Ona görə də Türkiyə lideri müstəsna olaraq öz oyununu oynayacaq, son məqsədi Qafqazda sülh uğrunda mübarizə olacaq. Bütün bunlar ümumilikdə gündəmin, xüsusən də Rusiya qarşısında duran vəzifələrin mürəkkəbləşməsindən xəbər verir. Əks halda məsələlərə daha incə, daha rasional baxmaq lazım gələcək”.
Vəli Həsənov,
KONKRET.az