“Media gün ərzində 20 material yarada bilmirsə, bu, ciddi yaradıcılıq qüsurudur” – Baş redaktorlar DANIŞDIbackend

“Media gün ərzində 20 material yarada bilmirsə, bu, ciddi yaradıcılıq qüsurudur” – Baş redaktorlar DANIŞDI

“Media cəmiyyətin güzgüsüdür”. Bu isə o deməkdir ki, cəmiyyət güzgüyə baxarkən özünü dolğun, dəqiq və faktlara söykənən informasiya ilə təmin edilmiş görürsə, deməli Azərbaycan mediası yaxşı işləyir və peşəkardır. Ədalət naminə qeyd etmək lazımdır ki, uzun müddət səriştəsiz idarəetmə səbəbindən yarıtmaz hala salınan Azərbaycan mediası Medianın İnkişafı Agentliyinin yaranması ilə özünün yeni dirçəliş dövrünə qədəm qoyub. Peşəkarlığın artırılması istiqamətində atılan addımlardan tutmuş, faktlara söykənən xəbərlərin istehsal edilməsinə, obyektivliyin qorunmasına, qarşı tərəfin mövqeyi alınaraq xəbərlərin yayımlanmasına, özəl materialların hazırlanmasına qədər bir çox istiqamətlərdəki dəyişiklikləri görmək mümkündür. Bu isə mediamızın gələcəyinin MEDİA ilə birgə daha da parlaq olacağına inamı artırır. Bu gün agentlik tərəfindən özəl materialların hazırlanması istiqamətində qoyulan tələblər, Reyestrin yaradılması, peşəkarlığa və peşə kodeksinin gözlənilməsinə önəm verilməsi MEDİAnın gördüyü işlərin bariz nümunəsi kimi qiymətləndirilməlidir. Agentlik yarandığı gündən jurnalistlərin sosial vəziyyətinin, eləcə də  müxtəlif media qurumlarının maliyyə imkanlarının yaxşılaşdırılması istiqamətində müxtəlif addımlar atır. Bütün bunlar isə gələcəyə ümidləri daha da artırır.

Mövzu ilə bağlı “Visiontv.az” saytının baş redaktoru Şöhrət El-Dəniz KONKRET.az-ın suallarını cavablandırıb.

– İnformasiya bolluğu baxımından 20 özəl məlumatın hazırlanması nə dərəcədə vacibdir?

– İnformasiya və yaxud analitik yönümlü xəbərlər, yazılar hazırlayan saytlar “copy-paste” edib, başlığı dəyişib yayımlamaqla yalnız bir dəfə öz oxucusunu aldadacaq. İkinci dəfə oxucu o sayta girməyəcək. Ona görə də özəl və müəllif yazılarının hazırlanması üçün peşəkar baş redaktor Medianın İnkişafı Agentliyinin tələblərini gözləmədən də gündəlik olaraq öz oxucusunu yeni məlumat, təhlil və şərhlərlə təmin etməlidir. Yoxsa onun işlətdiyi media qurumunun mənası olmayacaq. İndi agentlik 20 özəl məlumatı, tərcüməni, müəllif yazılarını şərt kimi saytlara irəli sürüb və düz edir. Əgər layihədə iştirak edib MEDİA-nın şərtləri ilə razlaşırsansa, deməli qoyulan tələbi də yerinə yetirməlisən. Tələbin mahiyyətində isə saytlara öz işinə peşəkar yanaşma sərgilənir. Gün ərzində baş redaktor 20 xəbər, tərcümə, müəllif yazısı təşkil edib saytına qoya bilmirsə, bu halda adına niyə media qurumu deyir?! Mənim fikrimcə, bu tələb olmadan da hər bir sayt çalışmalıdır ki, maksimum özünə, oxucusunun zövqünə, öz dəsti xəttinə uyğun original yazılarla çıxış etsin.

No description available.

– Mediada peşəkarlığın artırılması üçün hansı işlər görülür və daha nə kimi addımlar atılmalıdır?

– Jurnalistika əslində peşədir. Peşə sahibi olmaq üçün istedad lazımdır. Bəli, istedadı yonub, cilalayıb peşəkara çevirmək üçün təhsil və təcürbə lazımdır. Bunun üçün jurnalistə səbr, təmkin, dözüm, aylarla  təcürbələr, pulsuzluqdan ayaqla evə və yaxud işə gedib-gəlmək, səhərdən axşama kimi ac qalmaq, təzyiqlərə, təqiblərə, təhqirlərə dözmək lazımdır. Həmçinin digər pisliklər var ki, bütün bunları gözünün qarşısına alıb sona qədər getməli və peşəkar olmalıdır. Yoxsa inqibator cücələrinin içindən seçib irisini götürüb  bəstələməklə jurnalist olmur.

 “Demokrat.az” xəbər portalının baş redaktoru Vasif Həsənli də saytımızın suallarını cavablandırıb:

– Media reyesterinin yaradılmasının önəmi nədir?

– Dəfələrlə deyilib ki, media reyesterinin yaradılması yeni bir yanaşmadır və bu, Azərbaycan mediasında sistemli yanaşmanın tətbiqi kimi xarakterizə olunur. Bu gün istər peşəkar jurnalistlərin, istər peşəkar media qurumlarının sayı ilə bağlı kifayət qədər ziddiyyətli rəqəmlər var. Reyesterin yaradılması media ilə bağlı bir sıra açıq qalan suallara aydınlıq gətirəcək. Bunun peşəkar müstəvidə də ciddi töhvələri olacaq. Buna heç kəsin şübhəsi olmasın. Media reyesteri Azərbaycanda milli mətbuatın sağlam rəqabət mühitini formalaşdıracaq. Düzdür, bu sahədə də ciddi işlər görülməli və addımlar atılmalıdır. Dəfələrlə Medianın İnkişafı Agentliyinin rəhbərliyi də çıxışlarında qeyd edib ki, bu proses könüllü aparılacaq və kimsə düşünməsin ki, burada hansısa müdaxilə və ya ayrı-seçkilik olacaq. Şəxsən mən bu işin prespektivinə inanıram

– İnformasiya bolluğu baxımından 20 özəl məlumatın hazırlanması nə dərəcədə vacibdir?

– Bu artıq “Media haqqında” qanunun tələbidir. İkincisi də media əgər gün ərzində 20 material yarada bilmirsə, bu həm də ciddi yaradıcılıq qüsurudur. Jurnalistlərin işi cəmiyyəti informasiya ilə təmin etməkdir. Hər media qurumu gün ərzində 20 xəbər istehsal edə bilsə, görün necə şəffaf bir mənzərə yaranacaq. Əlbəttə ki, bu, informasiya bolluğu baxımından çox ciddi addımdır. Bu məqamı qiymətləndirmək lazımdır.

– Mediada peşəkarlığın artırılması üçün hansı işlər görülür və daha nə kimi addımlar atılmalıdır?

Azərbaycanda son illər media sahəsində aparılan islahatlar, görülən işlər, atılan addımlar da göstərir ki, əsas hədəf jurnalistlərin peşəkarlığının artırılmasına hesablanıb. “Media haqqında” yeni Qanun da məhz bu zərurətdən doğdu. Hesab edirəm ki, bu islahatlar getdikcə daha da dərinləşəcək və biz böyük uğurların şahidi olacağıq.

“Pravda.az” saytının baş redaktoru İlkin Pirəli isə mövzu ilə bağlı saytımıza açıqlamasında bildirib ki, hələ “Media haqqında” qanun qəbul edilməzdən öncə Medianın İnkişafı Agentliyi bu sahədə kifayət qədər uğurlu addımlar atıb: “Müxtəlif təlimlər, treninqlər, görüşlər keçirilib, tövsiyələr verilib. Media bir növ yeni qanuna hazırladı. Bu da, təbii ki, kifayət qədər vaxt apardı. Bu sahədə islahat aparmaq o qədər də asan məsələ deyildi. Çünki illərin problemləri yığılıb qalmışdı. Doğrudan da, Agentlik islahatları həyata keçirməyi bacardı. Bu, davamlı prosesdir. İnanırıq ki, işlər uğurla yekunlaşdırılacaq, Azərbaycanın mediası beynəlxalq səviyyədə də uğurlar əldə edəcək”.

Şəkilin açıqlaması yoxdur.

Baş redaktor hesab edir ki, media reyesterinin yaradılması vacibdir: “Bu mexanizm xaosu aradan qaldıracaq. Minimal tələblər də normaldır. Hər hansı sayt gün ərzində ən azı 20 özəl xəbər verə bilmirsə, məlumatları şəffaf şəkildə göstərmirsə, niyə fəaliyyət göstərir? Reyestr məhdudiyyət anlamına gəlməməlidir. Şəffaflığın olması və etibarlılığın göstəricisidir. Təbii ki, tələbləri yerinə yetirməyənlər narazılıq edəcək. Həm də media reyestri təkcə bunlardan ibarət deyil ki… Burada həm də jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün addımlar atılıb. Sistemdə olan jurnalist asanlıqla güzəştli ipotekadan istifadə edə biləcək. Media subyektlərinə digər güzəştlərin olacağı da istisna deyil. Dövlət jurnalistinə sahib çıxır, dəstək verir, qayğısına qalır. Bu addımları dəstəkləmək lazımdır”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*