Mediamızı kimlər idarə edir?backend

Mediamızı kimlər idarə edir?

Cəmil MƏMMƏDLİ

Əvvəla ondan başlayaq ki, insan beyni, zehni , ağlı, hər hansı bir problemin həlli yollarını axtarmaq, hansısa bir məsələdə mühakimə yürütmək kimi davranışlardan başqa demək olar ki, iradəyə bağlı olmadan, ondan asılı olmayaraq çalışır.

Televiziya izləyicilərində, hər hansı bir futbol matçına baxaraq, azarkeşlik edənlərdə, hansısa piket və ya yürüş iştirakçılarında hakim olan psixoloji davranışlar demək olar ki, beynin ətrafa verdiyi qeyri-iradi reaksiyalardır.

Eyni məqsədlə bir araya gəlib, eyni anda, eyni yerdə olan bir qrup insana kütlə, bu insanların ruh halına isə “kütlə psixologiyası” deyilir. Bu mövzuda əsaslı araşdırma aparan elm adamlarından biri də Gustav Le Bon-dur. Maraqlananlar, onun “Kütlə psixologiyası” kitabını oxuya bilər.

Nümayişlər, yürüşlər, üsyanlar, linç və ya qətliam olayları həmişə kütlə psixologiyası ilə meydana gəlir. Kütlə psixologiyası ilə hərəkət etdikdə, demək olar ki, iradənin rolu azalır. Belə bir durumda liderlər, qarşılarındakı kütləyə istədikləri hər bir hərəkəti, bir növ “sifariş” edə bilirlər. Əlbəttə ki, bunu etməyin tam zamanı olub olmadığını isə çox sadə üsulla yoxlayırlar. Xalq hərəkatı zamanı, meydanlarda kütləyə “oturmayan ermənidir, otur, dur, otur, dur” komandalarını verənlər, əslində bunu niyə etdiklərini çox gözəl bilirdilər.

İstənilən dövlət və ya ölkənin idarəetmə orqanları da, kütlə psixologiyasının ətrafa təsirini də gözəl bildikləri üçün, buna qarşı həmişə lazımi tədbirlər hazırlayırlar. Bu tədbirlərdən kütlənin xəbəri olub, ya da olmamasının isə onların planlarına heç dəxli olmur.

Bütün bunları yazmağımın da bir səbəbi var.

İndi isə bir anlıq insan həyatını düşünək. Hər hansı bir insan.

İnsan dünyaya göz açdığı andan etibarən, ölənə qədər ətraf mühitdən ya birbaşa, ya da dolayısı ilə təsirlənir. Ailə, məktəb, universitet, dostlar və media inisanın formalaşmasında əsaslı rolu olan amillərdir. Bu amillərdən müsbət təsirlənən insanlar müsbət, mənfi təsir altına düşənlər mənfi xarakter sahibi kimi formalaşır. Bunu bir növ ətraf aləmin insanın beyninə göndərdiyi mesajlar kimi də qəbul etmək olar. İnsanın öz həyatında mənimsədiyi bilgilər, fikirlər, gördüyü və yaşadığı olayların hər biri onun həyatında müxtəlif duyğu və idrak prosesləri doğurur. Hətta bəzən insanın bəzilərini özü bilmədən, qeyri-iradi olaraq təqlid etməsi mümkün və yayılmış haldır. Fiziki doğuşdan bəri özündə mövcud olan qabiliyyətləri və daxilindən gələn səylə ətraf aləmdən əldə edə bildiyi informasiya, təcrübə və vərdişlər də insanın şəxsiyyətini meydana gətirir, onu formalaşdırır və kamilləşdirir. Ancaq ətraf aləmlə bu formada qarçılıqlı münqasibəti isə insan ölənə qədər davam edir.

Ailənin, məktəbin, müxtəlif qurumların və medianın vəzifəsi, insana müsbət bir xarakter qazandıraraq, onu ictimai faydalı fərd olması üçün istiqamətləndirmək, dövlətin vəzifəsi isə bu fəaliyyət üçün münbit şərait yaratmaqdır.

İnsan ümumən öz duyğuları ilə hərəkət edən bir varlıqdır və insanın bu psixoloji xüsusiyyəti onun ən zəif nöqtəsidir. Ona görə də əslində insan bütün yaş dövrlərində, əsasən də uşaqlıq və gənclik illərində hər cür mənfi təsirlərdən fasiləsiz olaraq qorunmalıdır. Adətən bundan ötrü kifayət qədər elmi, məlumatı, təcrübəsi olmayan insanlar üçün. Özü-özünü belə təsirlərdən qorumaq məsələsi olduqca çətin olur. Məhz belə məlumatsız və təcrübəsiz insanları hər cür zərərli xarici təsirlərdən qorumaq dövlətin birbaşa borcudur.

İndi isə gələk mətləbə. Bütün yaşadığımız, şahidi olduğumuz, izlədiyimiz olaylarda insana verilən mesajlar mövcuddur. Bu mesajlar psixologiya qanunlarına əsasən insanların ağlında, zehnində, bir sıra duyğuları və düşüncələri oyadır. Bu prosesdə insan iradəsinin heç bir rolu yoxdur. Medianın gücü də bu nöqtədədir.

Hədəfə götürülən kütləyə bəlli bir fikri qəbul etdirmək üçün, o fikrin mesajını verəcək verilişlər, reklamlar, xəbərlər yayımlamaqla, bu yayımları təkrarlamaqla istənilən fikri cəmiyyət tərəfindən mənimsənilməsinə şərait yaradılır. Yayılmasını istədikləri düşüncələr, kütlənin hökm sürən təməl dəyərləri ilə ziddiyət təşkil edərsə, bu mesajlar dolayısı ilə, yəni əyləncə, sənət, şou kimi təqdimatla aşılanır.

Gözünüzün önündə ölkəmizdəki mənzərəni canlandırın. Cəmiyyətə bütün sahələrdə təqdim olunan informasiyaları soyuq başla, obyektiv təhlil etməyə çalışın. Bu zaman əslində nə demək istədiyimi, nəyin necə baş verdiyini özünüz də duyacaqsınız, əmin olacaqsınız.

Beləcə söz və efir azadlığını məqsədli şəkildə istismar edən media, yaxşını, gözəlliyi və doğruları yaymaqdansa, pisliyi və çirkinliyi, parçalanmanı yaymaqdadır!

Misal üçün deyək ki, əgər bir toplumda əxlaqsızlığın yayılması məqsədini güdürlərsə, bunu gerşəkləşdirəcək media, bol-bol əxlaqsız xəbərlər, terror və üsyan olaylarının yayılmasını istəyirlərsə, bu mövzuda filmlər lentə alınır. Bu filmlərin və ya verilişlərin əvvəlində də, sonun da da keçmişdə və ya bu günümüzdə başqa ölkələrdə “uğurlu” nətiicələnən bu kimi olayları təbliğ edirlər. Beləcə bu prizmadan fəaliyyət göstərən medianın, öz informasiyaları, yayınları ilə əhatə etdiyi insan qrupunu düşünün. Psixologiya qanunlarına görə, çox rahat deyə bilərik ki, bütün bu “hərəkət və davranışlar” məqsədli şəkilldə hədəfə aldığı insanların beynində istənilən, arzu olunan duyğu və düşüncələri oyatmaq qabiliyyətinə malikdir.

İndi isə bir sual verim. Bəs medianın böyük bir kütləni təsir altına alaraq,  bütün adət və ənənələrimizi, dini və əxlaqi dəyərlərimizi məhv edərək, cəmiyyətə bu kimi zərərli davranışları təlqin etməsi, kütləni üsyana, anarxiyaya istiqamətləndirməsi demokratiyadır yoxsa demokratiyanın inkar olunması? Ortaya çıxacaq mənfi davranışlarda, bununla razılaşmayan başqalarının haqq və azadlıqları tapdalanmır ki?

Buna görə də cinsi və siyasi əxlaqsızlığın, dinsizliyin müxtəlif mədəniyyətlərlə qarışıq bir formasını təbliğ edən Qərb mediası bizə, bizim kimi ölkələrə nümunə olmamalıdır. Şəxsən mənim fikmcə, bizə hər cür əxlaqsızlıqdan, bölücü fikirlərdən, dağıdıcı düşüncələrdən uzaq olan Yaponiya mediası kimi bir media qurmalıyıq. Əsas məqsəd medianın mənfi deyil, müsbət xarakterlər formalaşdırılması istiqamətində fəaliyyət göstərməsidir.

Əks təqdirdə məmləkətimizdə bu kimi düşüncələri təbliğ edən media qurumları olduqca, hakimiyyətdə kimin olmasından asılı  olmayaraq, iqtidar da mənfi mediaya təslim olacaq.

Düşünün, cənablar, düşünün!!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*