Ramiz Mehdiyev barəsində cinayət işinin açılması ilə bağlı yayılan məlumatlar ictimai-siyasi çevrələrdə ciddi müzakirələrə səbəb olub. Cəmiyyətin müxtəlif təbəqələrində, o cümlədən ekspert və ziyalı dairələrində onun uzunmüddətli susqunluğu ilə bağlı fərqli fikirlər səslənir. Bəziləri bunu keçmiş ortaqlarını qorumaq cəhdi kimi dəyərləndirsə, digərləri tam fərqli səbəblərin dayandığını düşünür.
Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Azad Məsiyev bildirib ki, Ramiz Mehdiyev dövlətin yüksək məqamlarında təmsil olunan, müxtəlif sahələrə təsir imkanına malik şəxs idi:

“Ramiz Mehdiyev təsadüfi adam deyil. Onun əli həm iqtisadi, həm siyasi, həm də hərbi sahələrə uzanırdı. Özünə yaxın şəxsləri dövlətin müxtəlif qurumlarına yerləşdirib. Hətta deyilənə görə, onun siyahısında olmayan şəxslər deputat seçilə bilməzdi. Bu da göstərir ki, parlamentdə belə onun komandasının izi olub,” – deyə Məsiyev vurğulayıb.
Ekspertin sözlərinə görə, Mehdiyev barəsində cinayət işi açılıbsa, bu, rəsmi sənədlərdə və məhkəmə qərarlarında da əksini tapmalıdır:
“Əgər həqiqətən cinayət işi başlanıbsa, onun vəkili kim olub, hansı məhkəmə qərar qəbul edib, bunlar cəmiyyət üçün açıqlanmalıdır. Hazırda isə biz yalnız mediada səslənən iddiaları görürük.”
Azad Məsiyev qeyd edib ki, Mehdiyevin susqunluğu cəmiyyət tərəfindən razılıq əlaməti kimi qəbul olunur:
“Hər kəsin özünü müdafiə etmə haqqı var. Əgər ona qarşı deyilənlər böhtandırsa, o zaman cavab verməlidir. Susmaq isə bir çox hallarda razılıq kimi dəyərləndirilir. Atalar demişkən, “od olmayan yerdən tüstü çıxmaz”.
Siyasi şərhçi hesab edir ki, əgər doğrudan da Ramiz Mehdiyev barədə dövlət çevrələrində belə bir cinayət işi mövcuddursa, müvafiq qurumlar bu barədə rəsmi açıqlama verməlidir.
Müşviq Tofiqoğlu
KONKRET.az

