20 milyon manatdan artıq dövlət vəsaitinin yeyintisi, cinayət yoluyla əldə olunan pulların leqallaşdırılmasında suçlanan Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun keçmiş icraçı direktoru Vüqar Səfərli istintaqa ifadəsində bir sıra yüksəkvəzifəli şəxslərin adlarını çəkib. Onların arasında Milli Elmlər Akademiyasının prezidenti, 25 ilə yaxın (1995-2019) Prezident Administrasiyasına rəhbərlik etmiş Ramiz Mehdiyev də var.
Səfərliyə ittiham verilən epizodlardan biri də Fondun yerləşdiyi ofis üçün əlverişsiz şərtlərlə icarə müqaviləsi bağlamasıdır. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu uzun illər prezidentin keçmiş köməkçisi Əli Həsənovun oğlu Şamxal Həsənova məxsus binada yerləşib.
Səfərli bildirib ki, icarəyə görə məbləğ hər il Fondun büdcəsi müəyyənləşdiriləndə Maliyyə Nazirliyi ilə razılaşdırılıb. Nazirlik heç vaxt onlara irad bildirməyib ki, icarə məbləği normaya uyğun deyil.
2019-cu ildə icarə müqaviləsinə dəyişiklik edilib. Əvvəllər Bilik Fondu da həmin binada yerləşirdi. 2019-cu ildə bu qurumun yerləşdiyi, ikinci mərtəbədə 421 kvadrat metrlik ofis boşalıb. Fond həmin yeri də icarəyə götürüb və bu dəfə müqavilə Şamxal Həsənovla bağlanıb. 2019-cu ildə sözügedən binanın mülkiyyətçi artıq o idi.
Azadlıq Radiosunun əldə etdiyi məlumata görə, Səfərlinin ifadəsində bəhs olunan bloqerlər müxtəlif saytların əməkdaşları olub. Onların işi, əsasən, sosial şəbəkələrdə hökumətin, ayrı-ayrı dövlət orqanlarının fəaliyyətinin tənqid olunduğu paylaşımlara rəy yazmaqdan ibarət olub. Onlar səhər saat 9-da işə gəlir, axşam saat 18.00-a qədər fəaliyyət göstərirdilər.
“Xüsusən Facebook-a daha çox diqqət yetirirdik. Hər birimiz çoxlu sayda saxta profillər yaratmışdıq və onların vasitəsilə şərhlər yazırdıq. Şərhlər də öncədən razılaşdırılmış olurdu. Əksər hallarda səhərlər bizə yazılı şəkildə göndərilirdi. Ona görə də çox vaxt tamamilə eyni olan cümlələr müxtəlif profillərin adından rəylərdə yazılırdı”, – orada fəaliyyət göstərmiş şəxslərdən biri belə deyir.
Onun sözlərinə görə, hamı bu işlə məşğul deyildi. Bəziləri də tapşırılan konkret mövzu üzrə material hazırlayırdı: “Prezident Administrasiyası müəyyənləşdirirdi ki, bu günün mövzusu nədir. Səhər tapşırıq verilirdi, bir neçə nəfər də o mövzuda material hazırlayırdı. Həmin material müxtəlif hökumətyönlü saytlarda, telekanallarda yayılırdı”.