“Mehriban Əliyeva milli ruhun daşıyıcısı kimi şərəf zirvəsinə ucalıb” – Elnarə Mehbalıyevabackend

"Mehriban Əliyeva milli ruhun daşıyıcısı kimi şərəf zirvəsinə ucalıb" - Elnarə Mehbalıyeva

Elnarə Mehbalıyeva, ADPU-nun Kimya və Biologiya fakültəsinin dekanı, dosent

Nəcib keyfiyyətləri, saf mənəvi dəyərləri parlaq şəxsiyyətində cəmləyən böyük insanların nurlu çöhrəsi bəzən bütöv bir dövrün obrazı kimi göz önündə canlanır.  Yaşadıqları dövrün real imkanlarını mənimsəyib zamanın fövqünə qalxmağı bacaran belə insanlar xalqın mənəvi-intellektual potensialını qoruyur, milli intibaha xidmət edən və şərəfli yolda öz həyat ideallarını tapırlar. Fitri istedada malik novator ziyalı, pak və nəcib insan, yaşadığı mənalı ömür yolu hər bir Azərbaycan vətəndaşı üçün həyat və mənəviyyat nümunəsi, kamillik, müdriklik məktəbi olan Mehriban xanım Əliyeva da məhz belə nəcib şəxsiyyətlərdən biri kimi milyonların qəlbində özünə yer tapıb.

Xalq üçün çalışmaq, ömrünü həsr etmək, insanlara səmimi xidmət etmək istəyi Mehriban xanımın iç dünyasından, mənəvi aləmindən qaynaqlanır. Bütün zaman və məkanlarda xalqın döyünən qəlbi, cəmiyyətin düşünən beyni olan şəxsiyyətlər həm də milli yaddaşın, milli ruhun daşıyıcısı kimi şərəf zirvəsinə ucalıblar. Nəcib həyat amalı, xeyirxah məqsədləri ilə çoxlarından seçilən bu şəxsiyyətlərin fəaliyyət ruhu həm də onların özünütəsdiq əzmindən qaynaqlanır. Bir sözlə, əsl insan ilk növbədə bütöv şəxsiyyətdir. O, illərin arxasından geriyə boylananda fəxarət hissi ilə ömrünün hədər getmədiyini, özünün cəmiyyət üçün dəyərli, lazımlı olduğunu görür, bununla da mənəvi rahatlıq tapır. Mənəvi meyarların yad təsirlərə məruz qaldığı hazırkı “sürət əsrində” həyat idealı, şəxsiyyətinin bütövlüyü, əqidəsinin dürüstlüyü, mənəviyyatının kamilliyi ilə fərqlənən ləyaqətli insanların cəmiyyətdəki müstəsna yeri və rolu daha qabarıq görünür.

Mehriban xanımın istər siyasi, istərsə də ictimai fəaliyyətinin hər bir səhifəsi xalqa xidmət nümunələri ilə zəngin olub, onun əsl ziyalı və şəxsiyyət imicini tamamlayır. Beynəlxalq miqyasda böyük nüfuz qazanan, məhsuldar və yorulmaz fəaliyyəti ilə elmin, mədəniyyətin dinamik inkişafına qayğısını əsirgəməyən Mehriban xanım Əliyeva zamandan bir addım öndə irəliləyən şəxsiyyətlərdəndir.

 

 

Əsl vətənpərvər üçün vacib sayılan ən mühüm keyfiyyətlərdən biri də onun aydın mövqeyə sahib olması, taleyüklü məqamlarda xalqının mənafeyi baxımından ən doğru, dürüst olanı seçməsi, lazımi anda qətiyyət, cəsarət nümayiş etdirməsidir. Mehriban xanım Əliyeva milli ideallara bağlı vətənpərvər ictimai-siyasi xadim kimi daim Azərbaycanın firavan gələcəyi naminə yorulmadan fəaliyyət göstərir, dövrünün ictimai-siyasi hadisələrində həmişə ön sıralarda olur. Fəaliyyət göstərdiyi hər bir sahədə böyük uğurların qazanılmasına, qlobal layihələrin gerçəkləşməsinə, Azərbaycanın mədəni irsinin bütün dünyada tanınmasına və təbliğinə nail olur. Bu qədər gərgin işlə məşğul olmasına baxmayaraq, fəaliyyətinin əsas hissəsini xalqımızın gələcəyi olan uşaqlara yönəldir. Yardıma və qayğıya ehtiyacı olan hər bir kəsə, xüsusən də əlil və xəstə uşaqlara, şəhid ailələrinə xüsusi diqqət yetirir, onların problemlərinin həllinə kömək edir.

Azərbaycanda humanizm və tolerantlığın simvoluna çevrilən, Azərbaycan Respublikasının I Vitse-prezidenti, birinci xanım, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva azərbaycançılıq məfkurəsinin təbliğinə, habelə ölkədə sosial rifahın yüksəldilməsinə, elm, təhsil, mədəniyyət, idman sahələrinin inkişafına əhəmiyyətli töhfə verib, məhz onun təşəbbüsü ilə keçirilən çoxsaylı layihələr milli dəyərlərin qorunması və bu dəyərlərin ictimai şüurda möhkəmlənməsinə xidmət edir.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyətinin ana xəttini xeyirxahlıq və humanizm təşkil edir.

Azərbaycanın birinci xanımı uşaqların təhsili və sağlamlığının qorunmasını öz fəaliyyətinin əsas qayəsi bilir. Mehriban xanım həmişə, xüsusən də Heydər Əliyev Fondu fəaliyyətə başladığı ilk gündən təhsil problemlərinin həllini özünün başlıca vəzifələrindən biri kimi elan edib, “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” proqramları çərçivəsində respublikamızda çox böyük işlər görüb.

Azərbaycan dini, milli ayrı-seçkilik hallarının olmadığı, dünyanın heç bir guşəsində alternativi olmayan tolerantlığın hökm sürdüyü dövlətdir. Heydər Əliyev Fondu respublikadakı milli azlıqların təhsilinin inkişafında da xüsusi diqqət yetirir.

İxtisasca həkim olan Mehriban xanım Əliyeva səhiyyə problemlərinin həll olunmasında yaxından iştirak edir. Fondun əsas məqsədlərindən biri də xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək, səhiyyə və tibbi təşkilatları inkişaf etdirməkdir. Fondun səhiyyə sahəsində işlərindən diabet xəstələrinə dərmanların verilməsi, “Talessemiyasız həyat naminə” proqramı çərçivəsində tibb mərkəzlərinin, qan bankının yaradılması, bu sahələr üzrə yüksək kadrların hazırlanması və sairə daxildir.

Nəcib həkimlik peşəsinə sahib olan Mehriban xanım bu gün öz peşəsinin daşıdığı müqəddəs amal uğrunda çalışaraq Azərbaycan səhiyyəsi, vətəndaşların sağlamlığı üçün böyük və genişmiqyaslı işlər görür. Heydər Əliyev Fondunun dəstəyi ilə paytaxt və regionda səhiyyə ilə bağlı müxtəlif layihələr keçirilir.

Fondun ölkəmizdə səhiyyə sahəsindəki xidmətləri çoxdur və davam edir. Fondun insanların ümidlərini doğrultmaq və xeyirxahlıq etmək layihələri xarici ölkələrdə də mühüm istiqamətlərdən biridir.

Mehriban Əliyevanın uzaqgörən ictimai-siyasi fəaliyyəti geniş miqyasda fəal və dünyəvi Azərbaycan qadını obrazının formalaşmasında əvəzsiz rol oynayır. Onun humanitar, elm, təhsil sahələrində həyata keçirdiyi tədbirlər həm Azərbaycanda, həm də digər ölkələrdə yaşayan qadınlar üçün əsl örnək kimi çıxış etməklə yanaşı, bu gün Azərbaycan Respublikasında siyasətin prioritet istiqamətlərindən biri olan qadınların cəmiyyətdə rolunun, habelə dövlət və ictimai sektorda fəallığının artırılmasının təşviq olunmasına xidmət edir.

Mehriban xanım Əliyeva bütün varlığı və ruhu ilə Azərbaycana bağlı olan, xalqının təəssübkeşliyini daşıyan, milli ideyalar ilə yaşayıb yaradan, tükənməz enerjiyə malik nadir şəxsiyyətlərdəndir. O, qarşıya qoyduğu saf və ali məqsədlərə çatmaq üçün hər cür zəhmətə qatlaşır, müxtəlif sferalardakı fəaliyyətinə baxmayaraq əsl ziyalı imicini hər şeydən üstün tutur.

Mehriban xanım hər şeydən əvvəl olduqca sadə, sözün tam mənasında nəcib və ədalətli bir insandır. Onun adı Azərbaycan elminin, mədəniyyətinin inkişaf tarixində xüsusi yer tutur və hələ uzun illər də gələcək nəsillər üçün vətənə fədakar xidmətin nümunəsi kimi örnək olacaq.

Bu baxımdan Mehriban xanım Əliyeva Azərbaycan xalqının zəngin milli-mənəvi, əxlaqi dəyərlərinə yaxından bələd olan, məzmunlu, çoxşaxəli həyat yolu keçmiş və ömrünü şərəflə yaşamış şəxsiyyətlərdəndir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*