Bir neçə gün öncə Təhsil naziri Emin Əmrullayevin imzaladığı yeni sənəd cəmiyyətdə birmənalı qarşılanmadı və çaşqınlığa səbəb oldu. Hətta övladını bağçaya qoymayan bəzi valideynlərə xəbərdarlıq edilərək məktəbəqədər hazırlıq qruplarının ləğv olunacağını bildirdilər. Bəs görəsən həqiqətən də məktəbəqədər hazırlıq qrupları ləğv olunur? Əgər ləğv olunarsa bu qrupları nə əvəzləyəcək?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran təhsil eksperti Kamran Əsədov bildirib ki, məktəblərin nəzdində olan məktəbəqədər hazırlıq qrupları olduğu kimi qalır: “Düzdür qərar cəmiyətdə birmənalı qarşılanmadı və bəzi anlaşılmazlıqlara səbəb oldu. Lakin nazirin yeni qərarı uşaq bağçalarına şamil edilir. Məlumdur ki, 2011-ci ilin dekabrında Prezident İlham Əliyevin qərarı ilə uşaq bağçaları və körpələr evi Təhsil Nazirliyindən alınaraq yerli icra hakimiyyətlərinə verilmişdi. 2012-ci ildə həmin bağçalarda və körpələr evində təlim-tədrisin təşkili istiqamətində kurikulum hazırlanıb. Hazırda 1693 uşaq bağçasında 123 min uşaq təhsil alır. Etiraf edək ki, 2012-ci ildə 3-6 yaşlı uşaqlar üçün nəzərdə tutulan kurikulumun tərkibində ciddi problemlər var idi. Bütün yaş qrupları üçün eyni kurikulum tətbiq edilirdi. Bu yanlış idi və indi standartlar dəyişir”.
Ekspert əlavə edib ki, əvvəl uşaqlardan öyrənmək tələb olunurdu: “Amma nəyi necə və hansı üsulla öyrənməyin qaydaları izah olunmurdu. Qərar mətbuatda bir qədər təhrif olundu. Təəssüf ki, nazirlik sadə dildə açıqlama verib ictimaiyyətə məsələnin mahiyyətini dərhal izah etmədi. Hətta məktəb müəllimləri belə məsələni yanlış anladı. Övladı məktəbəqədər hazırlıq qrupunda təhsil alan valideynlər daha çox narahat oldu. Lakin bir daha qeyd edirəm ki, məzmunda və strukturda heç bir dəyişklik yoxdur”.
Şəbnəm Mehdizadə,
KONKRET.az