Bu günlərdə Elm və Təhsil Nazirliyinin təklif etdiyi İntizam Şurasının məktəblərdə nizam-intizam məsələlərində effektivliyi ilə bağlı müzakirələr böyük maraq doğurur.
KONKRET.az bu marağı nəzərə alaraq təhsil eksperti Famil Səfərovun fikirlərini öyrənib. Ekspertin fikrincə, məlum şuranın görəcəyi işlərin məğzi və onun tətbiq edəcəyi inzibati tədbirlər siyahısındakı absurd, gülüş doğuran üsullardan bəlli oldu ki, bu qaydaları hazırlayanlar pedaqoq deyil və bir müəllim kimi hər gün məktəblərdə baş verənlərlə üz-üzə qalmırlar:
“Məsələn, müəllim baxışı, rəngli kartlarla xəbərdarlıq, uzaqlaşdırma və dərsdən sonra məktəbdə saxlama kimi ağlasığmaz cəzalar hansı müəllimin ağlına gələ bilər?
İllərin təcrübəsi göstərir ki, bu tipli şuraların və komitələrin faydalı iş əmsalı 0-a bərabər olur; necə ki, TN-in təhsilə aidiyyəti olmayan təşkilatlardan yığıb topladığı İctimai Şuranın, məktəblərdəki valideyn komitələrinin işi.
Aydın məsələdir, istənilən ödənişsiz işdə vəzifə öhdəliyi də yoxdur. İndi bu şuranın adı da nə qədər gurultulu səslənsə belə, heç bir əməli işi olmayacaq.
Cəmiyyətdə olduğu kimi, məktəbdə də yaranmış istənilən problemin başvermə səbəbləri və kökləri olur. Bizim vəzifəmiz isə ilk növbədə onları axtarıb üzə çıxarmaq və aradan qaldırmaq yollarını göstərməkdir ki, bunu da təhsil adamları edirlər. Onlar tərəfindən bu barədə mətbuatda, sosial şəbəkələrdə kifayət qədər yazılır və əməli təkliflər irəli sürülür.
Qısası, göründüyü kimi, biz nəticə ilə mübarizə aparmaq istəyirik və cəza yolları arayırıq. Səbəblər, törədici faktorlar isə yerində qalır, get-gedə onların sayı artdıqca, ildən-ilə təhsildən yayınan, intizamsız və “çətin” uşaqların sayı da durmadan artır”.
F.Səfərov təklif edir ki, məktəblərdə inzibati-cəza rejimi qurmaqdansa, Şagird Mükafat Fondu yaradılsın: “Təhsilə başladıqları ilk illərdən əlaçı, davamiyyəti mütəşəkkil, intizamlı və səliqəli, ictimai fəal şagirdləri kiçik də olsa, bir məbləğdə mükafatlandırmaq lazımdır. İnanın, vətəndaşların hazırkı durumunda bunun çox böyük effekti olacaq. Əvvəla, rəğbətləndirmənin uşaqlara təsiri cəzalandırmadan qat-qat üstün olur. İkincisi, təəssüflər olsun ki, artıq illərdir uşaqlar dövlətdən heç bir müavinət almırlar. Bu kiçik maddi həvəsləndirmə ailələri məktəbə daha sıx bağlayacaq və valideynlərin uşaqların hazırlıqlarına diqqətini artıracaq.
Ən başlıcası isə, düzgün təlim-tədris şəraiti qurulsa, ruhlandırıcı və həvəsləndirici təhsil mühiti yaradılsa, indi cəzalandırmaq istədiyimiz intizamsız uşaqlar bəlkə də o mükafatlandırılan şagirdlər sırasında olacaqlar”.
Fondun hansı mənbədən maliyyələşməsinə gəlincə, ekspert hesab edir ki, bu məsələdə milyardlarla dövlət vəsaitini taladığı üçün həbs edilən məmurların müsadirə olunan sərvətlərindən yararlanmaq olar. Bu addım həm də dövlətlə vətəndaş arasındakı inam və həmrəylik körpüsünü daha da möhkəmləndirər.
Sevinc Paşayeva,
KONKRET.az