Meliorasiyada Əhmədzadə dövrü bitdi – nə baş verəcək?backend

Meliorasiyada Əhmədzadə dövrü bitdi – Nə baş verəcək?

Prezident problemləri açıqladı; Ekspert sahənin Kənd Təsərrüfatı Nazirliyinin idarəçiliyinə verilməsini zəruri sayır…

Azərbaycanın meliorasiya sistemində Əhməd Əhmədzadə dövrü sona yetdi. 76 yaşlı qocaman məmur öz sahəsinin mütəxəssisi idi – hidrotexniki qurğular üzrə mühəndis. Amma aydın məsələdir ki, onun 1993-cü ildən indiyədək – 28 il Azərbaycanın meliorasiya sisteminə rəhbərlik etməsində yalnız sahə üzrə mütəxəssis olması rol oynamayıb. Burada Ə.Əhmədzadənin hakimiyyət komandası daxilində məharətlə manevr etməsi, vaxtında qurulan qohumluq əlaqələri də az əhəmiyyət kəsb etməyib: əks halda, uzun illər boyu çox böyük vəsaitlərin ayrıldığı və ən adi şəffaflıq tələblərinə əməl olunmadan xərcləndiyi bir sahəyə rəhbərliyi  bu qədər bir əldə saxlamaq mümkün olmazdı.

Ə.Əhmədzadə 1993-2004-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri, 2004- 2006-cı illərdə Kənd Təsərrüfatı Nazirinin birinci müavini, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin baş direktoru,  2006-cı ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri işləyib, Respublika Dövlət Aqrar İslahatı Komissiyasının üzvü, Fövqəladə Hallar üzrə Dövlət Komissiyasının sədr müavini olub.

O, respublikanın meliorasiya və su təsərrüfatının inkişafı sahəsindəki xidmətlərinə görə 2011-ci ildə ölkə Prezidentinin sərəncamı ilə “Əməkdar mühəndis” fəxri adına, 2015-ci ildə  “Şöhrət” ordeninə,  2019-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “Cümhuriyyət medalı”na və 2020-ci ildə meliorasiya və su təsərrüfatı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Əmək” ordeninə layiq görülüb.

Hələlik Ə.Əhmədzadənin vəzifəsindən azad olunmasının əsas səbəbi kimi onun yaşlı olması versiyası üstünlük təşkil edir. Lakin Hesablama Palatasının ASC-də apardığı yoxlamaların nəticələri göstərir ki, proses heç də rəvan getməyəcək.

“Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatda bildirilir ki, ASC-də audit respublikanın regionlarında subartezian quyularının layihələndirilməsi və tikintisi üzrə aparılıb. Audit nəticəsində müəyyən edilib ki, Prezident İlham Əliyevin  sərəncamı ilə Ağdam rayonunda 20 yaşayış məntəqəsində 1050 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədi ilə 35 subartezian quyusunun layihələndirilməsi və qazılması üçün özünün ehtiyat fondundan ASC-yə ayrılan 2500,0 min manat məbləğində vəsaitdən yalnız 700,0 min manat məbləğində maliyyələşmə açılaraq icra olunub. Qalan1800,0 min manat məbləğində vəsait isə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 noyabr tarixli 647 nömrəli Sərəncamının 1-ci hissəsinə uyğun olmayaraq (vəsaitin mənbəyi və maliyyələşdirildiyi il) 2019-cu ilin dövlət büdcəsinin “Əsas bölmələrə aid edilməyən xidmətlər” bölməsində nəzərdə tutulmuş “İslahatlarla bağlı xərclər”dən açılması ilə bağlı Maliyyə Nazirliyinə məlumat verilib.

Eyni zamanda əkin sahələrinin suvarma suyuna və əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə subartezian quyularının yeri və sayı barədə təkliflər hazırlanarkən “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanının tələblərinə qismən əməl edilmədiyi, su çatışmazlığına görə bələdiyyə və əhali qruplarının şikayət və təklifləri üzrə dəqiq araşdırmaların aparılmaması müəyyən olunub.

Maraqlıdır ki, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edildikdən sonra  Əhməd Əhmədzadə jurnalistlərə etiraf edib ki, uzun illər rahat yaşaya bilməyib. O deyib ki, ötən əsrdən indiyə qədər rahat yata bilmir: “Mən 1967-ci ildən rahat yatmıram. Həmişə səksəkə içində yaşamışam. İndi istəyirəm ki, bundan sonrakı həyatımı, qocalığımı rahatlıqla keçirəm”.

Meliorasiya sahəsində, xüsusilə də regionlarda suvarma suyunun bölüşdürülməsi ilə bağlı ciddi ədalətsizliklərə yol verildiyi hər kəsə aydındır. Bu problemi “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-yə sədr təyin etdiyi Zaur Mikayılovu qəbul edərkən Prezident də dilə gətirib: “Təhlil aparılarkən biz bir şeyə də rast gəldik – suyun ədalətsiz bölüşdürülməsi halları geniş vüsət almışdır. Burada həm mərkəzi icra orqanları, yerli icra orqanları, bəzi sahibkarlar elə bil ki, sövdələşərək, sudan vicdansızcasına istifadə edirdilər. Belə olan halda, bəzi fermerlərə, bəzi kəndlilərə su çatmırdı. Mən göstəriş vermişdim, indi təhlil aparılır, araşdırma aparılır. Buna da son qoyulmalıdır. Su xətlərinin üzərində çoxsaylı qanunsuz birləşmələr quraşdırılmışdır. Təhlil aparılarkən biz buna da rast gəldik. Belə çıxdı ki, heç kim buna məsuliyyət daşımır, heç kim buna cavabdehlik daşımır. Buna son qoyulmalıdır. Mən göstəriş vermişdim ki, su xətləri üzrə həm vizual monitorinq aparılmalıdır, yəni, yerində, eyni zamanda, müasir müşahidə sistemləri – kameralar quraşdırılmalıdır və bu qanunsuz birləşmələrə son qoyulmalıdır”.

Oxu.az - Prezident İlham Əliyev Zaur Mikayılovu videoformatda qəbul edib - TAM MƏTN + FOTO

Prezident Z.Mikayılovu meliorasiya sahəsində həlli nəzərdə tutulan problemlər barədə məlumatlandırıb: “Sizin qarşınızda duran vəzifələrdən biri çatışmazlıqların aradan qaldırılmasıdır, idarəetmədə müasir yanaşmanın tətbiq edilməsidir, müasir texnologiyaların ölkəmizə gətirilməsidir. Çünki biz bundan sonra meliorativ tədbirləri, necə deyərlər, dədə-baba üsulu ilə apara bilmərik. Dünyanın bu sahədə ən müasir texnologiyaları Azərbaycana gətirilməlidir, sudan səmərəli istifadə edilməlidir. Bizdə mövcud problemlərdən biri də itkilərin böyük həcmdə olmasıdır. Bu itkilər bəzi hallarda təbii xarakter alır, amma bəzi hallarda səhlənkarlıq ucbatından baş verir. Uçotun olmaması əlbəttə ki, bizim işimizi çətinləşdirir. Ona görə tam uçot aparılmalıdır. Bizim su anbarlarımıza daxil olan və oradan çıxan suyun həcmi yaxın aylara qədər uçota alınmırdı. Düzgün təhlil aparmaq, proqnoz vermək üçün imkanımız yox idi. Ona görə itkilərin azaldılması ən vacib problemlərdən biridir”.

İ.Əliyev torpaq su kanallarının tamamilə ləğv olunmasının gərəkdiyini deyib: “Dünyanın bu sahədəki aparıcı şirkətləri ilə sıx təmaslar qurulmalıdır, iqlimi bizim iqlimimizə oxşar olan ölkələrin təcrübəsindən faydalanmalıyıq. Elə ölkələr var ki, orada su resursları bizimkindən də azdır, ancaq məhsuldarlıq qat-qat çoxdur. Ona görə bütün bunlar gərək dəqiq araşdırılsın, düzgün fəaliyyət planı tərtib edilsin, lazım olarsa, Dövlət Proqramı qəbul olunsun ki, biz bundan sonrakı illərdə meliorasiya və suvarma sahəsində dünyanın ən müasir prinsiplərini ölkəmizdə tətbiq edək.

Bir müddət bundan əvvəl bu məsələ araşdırılarkən göstəriş vermişdim ki, yeni kiçik su anbarlarının yaradılması ilə bağlı təkliflər hazırlanıb təqdim olunsun. Belə təkliflər verildi. Mən prinsip etibarilə bu təklifləri təsdiqlədim və 10 yeni su anbarının tikintisi nəzərdə tutulur. Siz bir daha bu məsələlərə baxın, bu məsələləri təhlil edin. Çünki hər bir su anbarının tikintisi böyük vəsait tələb edir. Ondan sonra kanallar çəkilməlidir, digər tədbirlər görülməlidir. Bütün bu vəsait dövlət büdcəsi tərəfindən təmin edilir. Ancaq biz baxmalıyıq ki, bu sahəyə qoyulan vəsait nəticə ilə nə qədər uzlaşır. Qoyulmuş bu vəsaitin müqabilində biz hansı nəticəni əldə edirik və edəcəyik. Çünki bu, düzgün hesablanmasa, bizim işimiz heç vaxt səmərə verməyəcək”.

Prezident İlham Əliyev Zaur Mikayılovu videoformatda qəbul edib

Çatışmazlıqlar çoxdur və siz indi fəaliyyət dövrünüzdə əlbəttə ki, bütün bu işləri təhlil edəcəksiniz. Yenə də deyirəm, bu sahə prioritet sahə olaraq qalır və qalacaq. Ancaq burada yeni yanaşma olmalıdır, müasir tələblərə uyğun yanaşma. Hesab edirəm ki, siz bütün bu məsələləri qısa müddət ərzində bir daha təhlil edib, konkret təkliflər paketi ilə çıxış edəcəksiniz”.

İ.Əliyev işğaldan azad edilən Suqovuşan su anbarından Ağdam, Tərtər, Bərdə, Goranboy və digər rayonlara gedən kanalların bərpasının da zəruri olduğunu vurğulayıb. O, azad olunmuş ərazilərin su ilə təminatında Araz çayı üzərində inşa olunan Xudafərin və Qız Qalası su anbarlarının mühüm rol oynayacağını deyib: “Bunlar çox böyük su anbarlarıdır. Xudafərin su anbarının həcmi 1,6 milyard kubmetrdir, çox böyük su anbarıdır. Bu su anbarından istifadə etmək üçün əlbəttə ki, əlavə infrastruktur layihələri icra edilməlidir. İlk növbədə, kanallar çəkilməlidir ki, azad edilmiş torpaqlara – Zəngilan, Cəbrayıl, Qubadlı və digər bölgələrə biz bu su anbarlarından su götürüb, ondan səmərəli şəkildə istifadə edə bilək. Bu, bizim böyük potensialımızdır.

Həm azad edilmiş torpaqlarda, həm də ölkəmizin digər yerlərində bizim bütün su ehtiyatlarımızın potensialı dəqiq təhlil olunmalıdır. Bu su ehtiyatlarından maksimum səmərə ilə istifadə etmək üçün konkret proqramlar və təkliflər təqdim edilməlidir. Beləliklə, bu sahədə görüləcək işlər çoxdur, həm azad edilmiş torpaqlarda, həm də digər ərazilərdə. Əsas prinsip müasirlik, ekoloji təhlükəsizlik və maksimum səmərəlilik olmalıdır ki, Azərbaycan vətəndaşları, kənd təsərrüfatı ilə məşğul olan vətəndaşlar öz həyatlarında müsbət dəyişiklikləri görsünlər. Əminəm ki, bu, belə də olacaq”.

Rövşən Ağayev: "Yardım alanların siyahısı açıqlanmalıdır" - AzToday

Rövşən Ağayev 

İqtisadçı-ekspert Rövşən Ağayev hesab edir ki, meliorasiya sistemi əslində Kənd Təsərrüfatı Nazirliyinə tabe olmalıdır: “Meliorasiya sistemi aqrar idarəçiliyin tərkib hissəsi olmalıdır.

30 illik rəhbər uzaqlaşdırılanda belə olacağına gözləntim vardı, amma artıq yeni sədr təyin edildi. Azərbaycan kəndlisinin ən ağrılı yerlərindən biridir suvarma suyu ilə təchizat. Lakin Kənd Təsərrüfatı Nazirliyi çox rahatlıqla bu problemin məsuliyyətindən yayına bilir, çünki “səlahiyyətimə daxil deyil” deməyə imkanı var. Ümumiyyətlə, eyni sektorla bağlı idarəetmədə pərakəndəlik məsuliyyətli və nəticəyə yönəlik (nəticə üçün hesabatlı) menecment yaratmağa imkan vermir”.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin kanallar, su anbarlarının tikintisi ilə bağlı səlahiyyətləri isə yalnız planlaşma və təşkilatçılıq formasında KTN-ə verilə bilər: “Kənd Təsərrüfatı Nazirliyi tikinti aparası deyil ki, tikinti üzrə ixtisaslaşmış təşkilat olsun. Planlamanı və təşkilatçılığı o aparacaq, tikintini tenderlər əsasında ixtisaslaşmış təşkilat həyata keçirəcək. Elə məhz aqrar sektorun nə qədər anbara, hansı növ və ölçüdə meliorasiya infrastrukturuna ehtiyac olduğunu bu nazirlik bilir. Necə ki, Təhsil Nazirliyi məktəb infrastrukturunun, Mədəniyyət Nazirliyi mədəniyyət, Səhiyyə Nazirliyi səhiyyə infrastrukturunun qurulmasına cavabdehdir”. musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*