Məmurların “mamır missiyası” – Feodal zehniyyətə qarşı HƏYƏCAN TƏBİLİbackend

Məmurların "mamır missiyası" - Feodal zehniyyətə qarşı HƏYƏCAN TƏBİLİ

Azərbaycan Prezidenti İlham Əliyev tanınmış telejurnalist Rüfət Həmzəyevə hələ 2021-ci ildə verdiyi müsahibəsində Şuşada filial açmaq istəyən dövlət qurumlarını sərt tənqid etmişdi. O dövrdə verilən bu müsahibədə səsləndirilən məsələlər təkcə dövlət başçısının bir çox məmurlara sərt iradlarını özündə əks etdirmirdi. Əslində çıxış böyük bəlalardan biri olan, vətəndaş cəmiyyətini sarsıdan feodal zehniyyətə qarşı həyəcan təbili idi. Sözün əsl mənasında cənab Əliyev onların ikrah doğuran hərəkətlərini öz vətəndaşları ilə bölüşür, onların yaxasını ictimai qınağın əlinə verirdi. O qınaq ki, illərdir davam edir. Amma belə məmurlar daşın üstündə bitən mamır kimi lazımsız məfhuma çevrilir.

Dövlətimizin başçısı həmin müsahibədə deyirdi: “İndi Mərkəzi Bank insanlara xidmət göstərib ki, orada filial açsın? Kimin üçün filial açacaq? Özü üçün ki, gedib orada otursun, yaxud da ki, gedəndə bunun bir iqamətgahı olsun, şəraiti olsun, oraya pullar xərclənsin və insanların buna hansı xeyri dəyəcək? Heç bir”.

Prezident hələ o zaman müsahibəsində “Azəravtoyol”, AZAL, Dövlət Gömrük Komitəsi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidmətinin rəhbərinə sərt iradını bildirməklə səmimi şəkildə vətəndaşlara üz tutmuşdu: “Mən bəzən bu şeyləri demirəm vətəndaşlara ki, o vətəndaşları iyrəndirməyim, bağışlayın sözümə görə, ifadəmə görə. Amma da mənim də artıq səbrim tükənir və deyirəm ki, vətəndaşlar da bilsinlər, bu məmurlar da bilsinlər. Məmurlar öz yerini, yerlərini bilsinlər, öz işləri ilə məşğul olsunlar”.

Dövlət başçısının həmin müsahibəsində bir daha vurğulanırdı ki, ictimai nəzarət mütləq olmalıdır. Bəs bu nəzarəti kim həyata keçirə bilər. Əlbəttə, ilk növbədə müstəqil media. O media ki, illərdir bu sahədə yazdıqlarına görə təzyiqlərə məruz qalıb, haqsız yerə cərimələnib, oliqarx və harınlamış məmurlar tərəfindən döyülüb, hədələnib. KONKRET.az saytı da belə təzyiqlərlə çox üzləşib. Məsələ burasındadır ki, yüksək vəzifəli dövlət qulluqçularının fəaliyyətindəki nöqsanlarını, harınlığını və haqqında digər neqativ məlumatları ictimailəşdirəndə nəinki özünə yığışmır, əksinə “şirə, aslana” dönür, həyasızcasına qarşı tərəfi şər və böhtanla ittiham edirlər. Əksər hallarda isə özləri haqqında mediada gedən ciddi fakltara göz yumur, çirkin fəaliyyətlərini davam etdirirlər.

Prezident isə yenə də çarəsini yalnız inzibati üsullarda görmür. Eyni zamanda vətəndaşlardan məsuliyyətli olmağı tələb edir:

“Azərbaycan vətəndaşlarına da deyirəm, bərpa işləri ilə bağlı görüləcək işlərdə mütləq ictimai nəzarət olmalıdır. Olmasa bax bilin, yenə də eybəcər binalar tikiləcək, torpaqlar zəbt ediləcək, hərə özü üçün bir obyekt tikəcək”.

Cənab Əliyev öz zəngin təcrübəsinə arxalanaraq yeni idarəetmə üsul-idarəsini də tətbiq etməyi planlaşdırır. Bu, heç bir şişirtməyə yol verilmədən bir uzaqgörənlik mesajıdır: “Mən indi müvəqqəti idarəetmə strukturu yaratmışam. Nəyə görə? Çünki mən görürəm, bilirəm, artıq gözlər dikilib oraya. İndi oraya elə bil ki, hücum gözlənilir, zəbtetmə hücumu. O torpaq mənim, o torpaq sənin, oranı mənə, buranı sənə. Amma mən bunların hamısını cəzalandıracağam, hamısını, özü də necə lazımdır. Otursun hərə öz yerində öz işi ilə məşğul olsun. Bütün torpaqlar planlı şəkildə bərpa ediləcək. Orada insanlar üçün şərait yaradılacaq, elə şərait ki, dünya üçün nümunə olacaq. Heç bir qanunsuz hərəkət ola bilməz. Heç bir torpaq zəbt oluna bilməz. Hər şey planlı şəkildə və əsaslı şəkildədir. Mən əminəm ki, buna biz nail olacağıq. Biz hamımız istəyirik ki, dağıdılmış şəhərlər tezliklə bərpa edilsin, amma, eyni zamanda, elə olsun ki, bu, oraya qayıdacaq insanların rahatlığını təmin etsin və müasir, güclü Azərbaycanın gücünü bütün dünyaya göstərsin”.

Ölkə başçısının sözündən bir daha aydın olur ki, işğaldan azad edilmiş ərazilərə ciddi dövlət nəzarəti boş yerə deyil. Bunu həm də minalarla bağlı nüanslara aid etmək olmaz. Əgər o yerlərə, xüsusilə daha təhlükəsiz ərazilərə sərbəst giriş-çıxış olsaydı, Allah bilir nə özbaşınalıqlar baş verərdi. Bakını gözünüzün qabağına gətirin. Hacıbala Abutalıbov başda olmaqla, əksər icra başçıları hansı hoqqalardan çıxmadılar ki?! “Azərbaycanda bir kişi var”, – deyə-deyə paytaxtı necə “tikdiyini” görmədikmi? Abadlıq-quruculuq adı altında nə qədər çirkin niyyətləri gizlətmək üçün gözlərə pərdə asılmadımı?! İndi iflic olmuş Bakının günahını həmin məmurlar daşımırmı? Qutu-qutu binalar, memarlıq abidələrinin məhv edilməsi, səkilərdə belə obyektlərin tikilməsi ictimailəşmədimi?!

Vəzifədən çıxan kimi namaz qılmağa başlayan, ölkənin milyardlarını talayan Ziya Məmmədovun “qoçu dəstələri” indi hardadır?! Hələ o dövrdə taksiçiliklə məşğul olan sadə, fağır, kimsəsiz ölkə vətəndaşının maşınının nömrələrini qanunsuz olaraq açan, sürücülərin qolunu burub yerdə sürüyən Nəqliyyat Nazirliyinin idmançıları niyə gözə dəymir? Onların özbaşınalıqları haqqında şikayətlərə göz yuman Zakir Qaralov niyə elədiklərinə görə sərt şəkildə cəzalandırılmır?

Suallar çox, cavablar isə müxtəlifdir. Ən ciddi problem odur ki, ölkədə Qarabağ qədər dərdimizə çarə tapılır, amma məmur özbaşınalığından, harınlığından, dövlətə xəyanətindən qurtula bilmirik. Dərd burasındadır ki, nə qədər ictimai nəzarətdən danışsaq da, problem artıq sağalmaz yaraya çevrilib. Kəsib atmaq da olmur. Xərçəng xəstəliyi kimi metastaz verə-verə gedir.

Elə ona görə də yenə çarə qalır göydə Allaha, yerdə isə dövlətin başçısına.

KONKRET.az-ın ANALİTİK QRUPU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*