Meşələri necə qoruyaq” – Nazirlik əməkdaşından MÜHÜM MESAJLARbackend

Meşələri necə qoruyaq" - Nazirlik əməkdaşından MÜHÜM MESAJLAR

Bəxtiyar HÜSEYNOV,
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin əməkdaşı

Meşələr nəfəs aldığımız havanı tozdan, sənaye müəssisələri və nəqliyyat vasitələri tərəfindən buraxılmış küllü miqdarda zəhərli qazlardan təmizləyir, saflaşdırır, insanın tənəffüsü üçün vacib olan oksigen ilə zənginləşdirir. Bir sıra ağac, kol, və yarımkollar xəstəlik törədən mikroorqanizmləri məhv edən xüsusi maddələr buraxmaq qabiliyyətinə malikdir. Bu da insanın sağlamlığı və uzun ömür sürməsi üçün əsas şərtdir.

Həmçinin meşələr torpaqları eroziyadan qoruyur, su ehtiyatlarının tükənməsinin qarşısını alır və havanı sanitariya-gigiyena baxımından saflaşdırır, təbiətdə maddələr mübadiləsində və enerjinin bioloji dövriyyəsində əvəzsiz rol oynayır.

Bütün bunları sadalmaqda məqsədimiz ondan ibarətdir ki, meşə sahələrinin qorunmasının zəruriliyi, meşəbərpa işlərinin taleyüklü bir məsələ olduğu, ən vacibi isə yanğın təhlükəsinə qarşı mübarizənin ciddiliyi həmişəkindən  daha vacibdir.

Havaların çox isti keçməsi ilə əlaqədar yabanı otlar quruyur və meşələr, yol kənarında əkilmiş ağaclar üçün ciddi yanğın təhlükəsi yaradır. Elə buna görə də yerli təşkilatlar tərəfindən yanğın əleyhinə  qarşı vaxtında qabaqlayıcı tədbirlər görülməsi zəruridir. Dünyada və ölkəmizdə baş vermiş yanğınlar məsul şəxslərin, hər bir insanın son dərəcə diqqətli olmasını, öz işlərinə, addımlarına daha ciddi yanaşmasını tələb edir.

Vaxtında yanğına qarşı mineral zolaqların çəkilməməsi, yanğınların söndürülməsi üçün zəruri avadanlıq və ləvazimatların hazır vəziyyətdə saxlanması, xüsusən yerlərdə-meşə və park ərazilərində  növbətçilərin olması yanğınların meşələrin ərazisinə keçməsinin qarşısını alan ən vacib şərtlərdəndir.

Meşə yanğınları təbii sərvətlərə və ətraf mühitə böyük ziyan vurur. Meşə yanğınlarının baş verməsi təhlükəsinin qarşısını almaq üçün ilk növbədə geniş təbliğat işlərinə ehtiyac duyulur. İnsanlar kiçik yaşlarından ümumxalq sərvəti olan meşələrin qorunması, təbiətə məhəbbət ruhunda tərbiyə olunmalıdırlar. Meşədə həmişə odla ehtiyatlı olmalı və yanğın baş verərsə, onun qarşısını almaq üçün meşə işçilərinə kömək edilməlidir. Xüsusilə yanğın təhlükəsi artan quraqlıq aylarda təbliğat və təşviqat işləri gücləndirilməlidir. Meşə ərazisi olan rayonlarda yaşayan əhali və təbiət  qoynunda istirahət edən insanlar meşə yanğınlarının əmələ gəlməsi səbəblərini və onu söndürmək üsullarını bilməlidirlər.

Meşə yanğınları əsas etibarilə insanlar tərəfindən törədilir. Bunlardan meşədə ocağı yana-yana qoyub getməyi, siqareti söndürməmiş tullamağı, ovçu tüfəngindən atılan güllədən əmələ gələn yanğını və s. göstərmək olar. Meşə yanğınları ildırımla da törənə bilər. Meşədə çoxlu miqdarda qurumuş ağacların, tör-töküntülərin olması baş vermiş yanğının güclənməsinə şərait yaradır. Böyük meşə sahələrində baş verəcək yanğın başqa sahələrə keçməsin deyə, əlavə yollar açılır. Ən çox yanğın təhlükəsi kütləvi istirahət sahələrində yaranır. Belə sahələrdə ocaq qalamaq üçün xüsusi yerlər düzəldilməlidir.

İsti havalarda meşələrdə yanğınların baş verməsinə heç kimdə şübhə ola bilməz. Əlbəttə, meşələrimizi yanğından qorumaq təkcə meşə gözətçilərinin  işi deyil, təbii sərvətlərimizin yanğından mühafizəsində  hamımız bir nəfər kimi yaxından iştirak etməliyik. Yəni xatırladırıq ki, meşədə olarkən oddan istifadə etmək, sönməmiş siqaret kötüklərini yerə atmaq qəti qadağandır. Baş vermiş yanğını dərhal söndürmək üçün ictimaiyyətin köməyinə böyük ehtiyac var. Həmçinin meşələrdə, istirahət mərkəzlərində dincələn turistlərin, qonaqların bəzi ehtiyatsız hərəkətləri ictimai nəzarətə götürülməli, istirahət obyektlərinin rəhbərləri tərəfindən ətraf mühitin mühafizəsi ilə əlaqədar onlarla söhbətlər aparılmalıdır.

Havaların çox isti və quraq keçəcəyi təqdirdə həmçinin taxıl biçini ilə əlaqədar yanğın təhlükəsi arta bilər. Bununla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir daha şəhər və rayon rəhbərliklərindən, bələdiyyələrdən meşə və kolluqların qorunması, eyni zamanda, gələcəkdə baş verə biləcək yanğın hadisələrinin, habelə digər ekoloji fəlakətlərin qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsini tələb edir.

Təəssüf ki, bələdiyyələr çox vaxt öz hüquq və səlahiyyətlərindən lazımınca istifadə etmirlər. Əkin-biçindən sonra torpaqların yandırılmasına adi hal kimi yanaşırlar. Torpaqlar ildən-ilə məhsuldarlıqdan düşür və nəticə etibarilə eroziyaya uğrayır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Meşə Fondunun qorunması tədbirləri haqqında” 21 avqust 1995-ci il tarixli 188 saylı qərarına əsasən, mülkiyyətində meşə  və kolluqlar olan bütün hüquqi və fiziki şəxslər meşə fondu ilə həmsərhəd zonada taxıl biçini və digər mövsümi işlərlə əlaqədar odla ehtiyatlı olmaq, yanğın təhlükəsizliyi qaydalarına riayət etmək və meşələrimizi, torpaqlarımızı qorumaq üçün ciddi məsuliyyət hiss etməli və fəallığını artırmalıdırlar.

Yuxarıda qeyd etdiyimiz kimi yanğınların çoxu odla ehtiyatsız davranışdan və ya meşədə iş və istirahət zamanı insanların yanğın təhlükəsizliyi qaydalarını pozması səbəbindən baş verir. İsinmək, xörək bişirmək üçün qalanmış tonqalların və ocaqların meşəni tərk edərkən tam söndürülməməsi çox vaxt yanğınlarla nəticələnir.

Meşələrə sürtkü yağı, benzin, ağ neft, dizel yanacağı və s. kimi tezalışan mayelərə bulaşmış əsgi və digər materialları atmaq olmaz. Müəyyən olunmamış yerlərdə avtomobil, traktor və digər daxiliyanma mühərrikli aqreqatların yanacaqla doldurulması, eləcə də onların yaxınlığında siqaret çəkilməsi, tonqal yandırılması yolverilməzdir.

Yanğın zamanı alçaq boylu ağaclar və kollar, cücərtilər məhv olur. Hündürboylu ağacların gövdə və budaqları qovrulduğu üçün ümumi inkişafı yavaşıyır. Bitki qalıqlarının vaxtaşırı, müntəzəm yandırılması nəticəsində torpaq üzvü maddələrdən məhrum olur. Yanğın zamanı həm də yerin üstündə və altında yaşayan heyvanlar, mikroorqanizimlər məhv olur. Təşviqat vasitələri olaraq ərazinizdə, yol ətrafında “Odla ehtiyatlı olun!”, “Söndürülməmiş siqareti yerə atmayın!”, “Meşəni oddan qoruyun!” və s. şüarlar yazılmış lövhələrin asılması həm vacib, həm də məqsədyönlü olardı.

Məlum olduğu kimi, ölkəmizə turist axını ildən-ilə güclənir. Həmçinin son illərdə Azərbaycan beynəlxalq tədbirlərin bir çoxuna ev sahibliyi edir. Xüsusilə, turist zonası kimi gənclərin və uşaq təşkilatlarının istirahəti, maraqlı tədbirləri, yay düşərgələri burada təşkil olunur. Belə tədbirlər zamanı lazım gələndə meşədə tonqal yandırılması yalnız Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin icazəsi ilə bu təşkilatın ayırdığı xüsusi yerlərdə təşkil oluna bilər. Tullantıların yandırılması da bütün hallarda həmin təşkilatla razılaşdırılmalıdır.

Yeri gəlmişkən deməliyik ki, tonqal yandırılarkən bütün təhlükəsizlik qaydalarına əməl edilməlidir. Tonqal heç bir halda ağac altında (xüsusən də budaqları aşağı sallanan ağacların altında) yandırılmamalıdır. Quru ağac kötükləri və quru ot olan ərazidə də ocaq qalamaq olmaz. Tonqal qalamaq üçün əvvəlcədən yer hazırlamaq və yaxud köhnə, qalanmış tonqalın yerindən istifadə etmək lazımdır. Bunun üçün ilk növbədə ağaclardan xeyli aralıda yer hazırlamaq məqsədəmüvafiqdir. Həmin ərazi otlardan təmizlənməli, sonra isə yandırılacaq odun parçaları üçün çala qazılmalıdır.

Yanğından əvvəl bir qayda olaraq qabaqlayıcı və maarifləndirici tədbirlər görülməsi daha vacibdir. Yanğın təhlükəsi olan meşə sahələri, meşə yolları və digər torpaqlarla həmsərhəd  olan sahələr yanğın əleyhinə tədbir olaraq 2-3 metr enində şumlanmalı, meşənin tör-töküntülərindən təmizlənməsi, ərazidə yerləşdirilən hər hansı tikintinin ətrafı 15 metr radiusunda şumlanmalı və ya yanğına qarşı minerallaşdırılmış zolaqlarla təmin edilməlidir. İnsanlar bilməlidir ki, onlar üçün meşə yanğınının təhlükəsi nəinki alovun birbaşa təsirindən, eyni zamanda, atmosferdəki güclü oksigen çatışmazlığından, dəm qazının və digər  qatışıqların artmasından yaranan zəhərlənmələrdən ibarətdir. Bunları nəzərə alaraq meşə yanğınları zamanı birinci növbədə insanlar və kənd təsərrüfatı heyvanları təhlükəli zonadan çıxarılmalı, yanğın yerinə giriş məhdudlaşdırılmalı, yanğın söndürülməklə təhlükəsizlik təmin edilməlidir. Yanğın ərazisində işləyənlər xüsusi geyimlər, kaskalar, tüstü əleyhinə maskalar və əleyhqazlardan istifadə etməlidirlər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin, Kənd Təsərrürafatı Nazirliyinin, Azəriqaz İatehsalat Birliyinin, Azərenerji ASC-nin və Lənkəran Şəhər İcra hakimiyyətinin iştirakı ilə “Yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyini artırmaq” mövzusunda Lənkəran şəhərində H.Əliyev mərkəzində müşavirə keçirilmişdir. Məruzə və çıxışlarda bir daha qeyd olundu ki, istiləşmənin başlayacağı tədqirdə meşələrdə yanğın təhlükəsizliyinin  qorunması günün ən vacib məsələsidir. Təbii ki, bu sahədə maarifləndirici və qabaqlayıcı tədbirlərin keşirilməsi ilə bərabər yanğın əleyhinə mübarizədə geniş əhali kütləsi də xüsusi fəallıq göstərməlidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təlimatına uyğun olaraq bölgələrdəki yerli qurumlarda xüsusi iş qrafiki tutulub, növbətçilik cədvəli tərtib olunub. Müntəzəm olaraq yerli dövlət qurumları, bələdiyyələri, Kənd Təsərrürafatı Nazirliyinin yerli qurumları, fermerlər və geniş əhali kütləsinin iştirakı ilə maarifləndirici tədbirlər həyata keçirilir.

Meşələri yanğından qorumaq hər birimizin vətəndaşlıq borcu olmalıdır. Bu məqsədlə kompleks təbliğat işi aparılmalıdır. Bunun üçün əyani vasitələr də əhəmiyyətlidir. Əhali arasında təbliğat işi aparmaqla yanaşı, plakatlardan, reklam işlərindən də geniş istifadə etmək olar. Həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin elektron xidmətlərindən də istifadə etmək zəruridir. Çünki hər bir vətəndaş bu xidmətdən ekoloji maariflənmə baxımından faydalana bilər.

Meşə yanğınları digər təbii fəlakətlər kimi, həm insanlara, həm də təbiətə böyük ziyan vurur. İndi dünyanın çox yerində meşə yanğınları tüğyan edir. Təəssüf ki, dünyada bu cür ekoloji fəlakətlərə barmaqarası baxırlar. Necə deyərlər, ikili standart təbiətə də tətbiq olunur. Halbuki, ermənilər işğaldan əvvəl və sonra da ərazilərimizdə həyata keçirdikləri “yandırılmış torpaq”  siyasəti təkcə Azərbaycan təbiətinə ziyan vurmur, vahid bir orqanizm olan bütün planetimizə  təsir edir. Burada ayrı-seçkilik ola bilməz. Yandırılmış Azərbaycan əraziləri vahid təbiətin bir hissəsidir. Buna göz yummaq bəşəriyyətin sağlam gələcəyinə amansız zərbədir. Ancaq dünya ictimaiyyəti nə qədər laqeydlik göstərsə də, Azərbaycan xalqı, dövlətimiz bu məsələni diqqət mərkəzində saxlayır.

Məlum olduğu kimi Azərbaycan meşə fondu az, lakin flora və faunası ilə zəngin olan ölkələr sırasına daxildir. Elə buna görə də, biz meşələrimizi göz bəbəyi kimi qorumalı, ondan səmərəli istifadə etməliyik. Təəssüf ki, bu, həmişə belə olmur. Gizli deyil ki, son illərdə respublikada meşə ərazilərində tikinti aparılır, meşələrə məxsus torpaqlar həyətyanı sahələrə, yaşayış evlərinin tikintisinə verilir. Qeyd edək ki, möhtərəm prezidentimiz cənab İlham Əliyevin ölkədə bağçılığı, meyvəçiliyi inkişaf etdirmək üçün verdiyi sərəncamdan çox yerlərdə sui istifadə edilir. Meşə ərazisində mövcud olan nadir və qiymətli ağacların kütləvi qırıntısı hesabına sitrus bağları salınır. Sual olunur, sitrus bağları üçün ayrı yer seçmək olmazdımı? Meşələri məhv etməklə salınan sitrus bağları təbiətə xəyanətdən başqa bir şey deyil. Təbii ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi belə mənfi hallara qarşı ardıcıl və məqsədyönlü mübarizə aparır.

Belə bir obrazlı xalq deyimi var: Ciyərim yandı. Bu ifadə həm də gerçəkdir. Meşələr təbiətin ağ ciyərləridir.Planetimizdə havanı tənzimləyən güclü vasitədir. Meşələr yanırsa demək ciyərlərimiz yanır. Bax,burada insanın köməyinə çatmaq-ciyərlərimizi qorumaq lazımdır. Bu gün buna imkanlarımız yetər. Fürsəti əldən versək, gec olar. Səbrlə, müdrikcəsinə təbiətin səsinə qulaq assaq, sözsüz ki, bunun öhdəsindən gələ bilərik.

Təbiət tükənməyən sərvət olsa da laqeydlik, etinasızlıq ucbatından tükənir, məhv olur. Qeyd edək ki, təbiət insansız yaşayır, amma insan təbiətsiz yaşaya bilmir. Elə buna görə də təbiət qarşısında hər bir sıravi vətəndaş öz məsuliyyətini hiss etməlidir. Ana yurdumuzun gözəlliklərini qorumaq və artırmaq hamının borcu olmalıdır. Təbii ki, bu borcun yerinə yetirilməsində yanğınlara qarşı ciddi mübarizə aparmaq az əhəmiyyət daşımır. Elə buna görə biz hamılıqla vətəndaşlıq, təbiət təəsübkeşliyi mövqeyindən çıxış edərək yanğınlara, təbii sərvətlərin göz görə-görə məhv olmasına yol verməməliyik.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*