backend

Məşhurların son günü - “Təcili yardım gələnə qədər atam canını tapşırdı” - Məhəbbət Kazımovun oğlu - FOTOLAR

“Məşhurların son günü” adlı yazısını təqdim edirik.

Rubrikamızda hər kəsin tanıdığı simaların ölümündən az öncə ailəsinə, övladlarına, dostlarına dediyi son sözlər və ya vəsiyyəti barədə danışılır.

Budəfəki təqdimatımız müğənni Məhəbbət Kazımova həsr olunur.

Arayış:  Məhəbbət Kazımov 1953-cü il iyul ayının 2-də Laçın rayonunun Çorman kəndində anadan olub. Ailədə səkkiz bacı, dörd qardaş olublar. Atası Allahverdi kişi kənd təsərrüfatı ilə məşğul olub, anası Südabə xanım isə evdar qadın  idi.
Məhəbbət Kazımov ilk təhsilini Şamkənd kənd orta məktəbində alıbdır. Kiçik yaşlarından istedadına görə digər bacı-qardaşlarından seçilib. Musiqi təhsili alması üçün qohum-əqrabanın təkidi ilə 1974-cü ildə Bakı şəhərinə gəlib. Asəf Zeynallı adına musiqi Texnikumuna qəbul olunub. İlk muğam dərslərini Nəriman Əliyevdən alıb, sonradan Ağaxan Abdullayevin sinfində oxuyub.

1976-cı ildən peşəkar səhnədə çıxış edib. “Dan Ulduzu” ansamblının solisti olub. Azərbaycanın bir çox konsert salonlarında öz tamaşaçılarına solo konsertlər verib. Bir çox xarici ölkələrdə – Türkiyə, Rusiya, İran, Çexoslovakiya və başqa ölkələrdə qastrol səfərlərində olub. Məhəbbət Kazımov əsasən Azərbaycan milli musiqisi janrında, bir çox tanınmış mahnı və muğamlar oxuyub. Ən çox sevilən mahnılarından biri də “Laçınım” mahnısıdır. 14 sentyabr 2012-ci ildə Azərbaycan Respublikasının “Əməkdar artist” fəxri adına layiq görülüb.

1990-cı ildə ailə həyatı qurub, üç övlad atası idi.
27 yanvar 2014-cü ildə uzun sürən xəstəlikdən sonra vəfat edib. O, Xırdalan qəbiristanlığında dəfn olunub
Məhəbbət Kazımov vəfat edənə qədər “Laçın” instirumental ansambılının rəhbəri olub. Həmin ansambl fəaliyyətini indi də davam etdirir….


Məhəbbət Kazımovla bağlı suallarını mərhumun oğlu Rəşid Kazımov cavablandırıb.

Rəşid öncə valideynlərinin tanışlığından və evləndikləri dönəmdən danışıb:

“Atamla anam eyni rayonun insanları olub. Onların evlənməyinə vasitəçiliyi böyük əmim edib. Böyük əmimlə ana babam yaxın dost olublar. Beləcə atam anamı görüb”.

Müğənninin oğlu atasının xarakterindən bəhs edərkən deyib ki, Məhəbbət Kazımov olduqca sərt adam olub.

“Atam çox sərt adam idi, amma sərt olduğu qədər də mülayim tərəfləri var idi. Atam ən çox haqsızlığa dözümrdü, haqsızlıq görəndə həddindən ziyadə əsəbləşirdi. Ailədə kimsə onun sözünün üstünə söz deyə bilməzdi. O deyirdisə belə etmək lazımdır, deməli elə etmək lazım idi. Ümumiyyətlə, qarabağlılarda belə bir qayda var ki, evin kişisi əstağfürullah, bir növ Allah hesab edilir, nə deyirsə, o olmalıdır. Düzdü, efirlərdə sərt çıxışları çox olurdu, amma ürəyi çox yumşaq idi”.

 


Əksər hallarda sənətçilər özünü işinə o qədər həsr edir ki, ailəni ikinci plana atır. Amma Rəşid Kazımovun sözlərinə görə, atası heç vaxt belə olmayıb.

“Atam ailəsiylə çox maraqlanırdı. Biz heç vaxt icazəsiz heç nə edə bilməzdik. Hər ürəyimiz istəyən yerə gedə bilmirdik, qapıdan çölə çıxanda belə, atamızın icazəsi olmalıydı. Sənət adamlarının əksəriyyəti ailəsini efirlərə çıxarır, onları mətbuatda tanıdır. Atam belə hallara qətiyyən icazə vermirdi. Mən atam dünyasını dəyişəndən sonra müsahibə verirəm”.

 

Efirlərdən tanıdığımız Məhəbbət Kazımov spesifik xüsusiyyətləri ilə seçilirdi. Qəlbindəki Laçın dərdi mimikalarına qədər işləmişdi…Səhnədəki sərt və ciddi duruşu istər-istəməz insanın beynində sual doğururdu: görəsən Məhəbbət müəllim ailə həyatında da səhnədə olduğu kimidir?

Oğlu Rəşid Kazımov:

“Atam rol oynamağı qəti bacarmazdı. Səhnədə necə idisə, eynilə ailədə də eləydi. Elə vaxtlar olurdu ki, efirdə kiminləsə sözü çəp gəlirdi, evə gələndə təzyiqi qalxırdı. O, hər dəfə efirdə söz-söhbət yarandığı zaman evə yüksək təzyiqlə gələrdi, həmişə də üstünə təcili tibbi yardım çağırardıq. Çoxu o söz-söhbəti qəsdən salır, özünə reytinq toplamaq istəyirdi. Atam isə həqiqətən bir xasiyyətli insan idi. Məncə elə insanlar da onu belə olduğuna görə sevirdi”.

Rəşid Kazımov hələ də atasından qalan mobil nömrəni işlədir. Həmin nömrəylə əlaqə saxlayanda adam elə zənn edir ki, xəttin o başında Məhəbbət Kazımov cavab verəcək.

 


Rəşid Kazımov:

“Dostları mənimlə tez-tez əlaqə saxlayır. Bəzən dərdləşmək üçün, atamı xatırlamaq üçün zəng edirlər. Onlar mənə zəng edəndə atamla olan dostluqlarından, köhnə xatirələrindən danışırıq”.

Məhəbbət Kazımovun elə dostlarından biri də müğənni Könül Kərimova olub. Könül xanım Məhəbbət Kazımovun səhnə yoldaşı olub, bu yoldaşlıq isə ailəvi dostluğa çevrilib.

Mərhumun oğlu:

“Mən bildiyim qədəriylə Könül xanım sənətə təzə başlamışdı. Atam onun səsini ilk dəfə Ağcəbədidə eşidib və xoşuna gəlib. Bundan sonra atamla Könül xanım duet ortağı oldular və uzun müddət bir yerdə çalışdılar. Bir ara deyirdilər ki, atamla Könül xanım düşmən olublar, küsüblər. Amma atam Könül xanımdan küsməmişdi, sadəcə qəlbi incimişdi. Könül xanım ona qəfildən deyib ki, daha tək çalışacaq, atam da incimişdi”.

Oğlu Məhəbbət Kazımovun son günündən də bəhs edib:

“2014-cü ildə ağır qrip xəstəliyi yayılmışdı. Atam özü şəkərli diabet və təzyiq xəstəliklərindən əziyyət çəkirdi. Həkim atama tapşırmışdı ki, çalış ki, qripə tutulmayasan. Buna görə də atam 3 gün ərzində evdən çölə çıxmadı. Amma yenə də qripə yoluxdu. O, əslində çox güclü insan idi, amma bədəni tap gətirmədi.

Atam 2011-2012-ci illərdə ağır xəstə yatdı, amma ondan sonra səhhətinə diqqt yetirməyə çalışdı. Ona görə biz müalicə üçün İrana getdik. Müalicədən sonra atam bir müddət düzəldi. Sadəcə olaraq 2014-cü ildə yanvar ayında yayılan qrip atama lap pis təsir etdi. Onun ölümünə heç kim inana bilmirdi. Çünki atam ölümü özündən uzaq tutardı. O, bir dəfə belə olsun, ölümdən danışmırdı.

O gecə hər şey normal idi. Qəfil atamın halı pisləşdi və təcili tibbi yardım çağırdıq. Bizim evimizlə təcili tibbi yardımın yerləşdiyi bina 2-3 dəqiqəlik məsafədədi. Təcili yardım gələnə qədər atam artıq canını tapşırdı. Evdəkilər bunu qəbul etmirdi, amma mən hiss etdim ki, nəfəsi gəlmir.

Atamın rəhəbrlik etdiyi “Laçınım” musiqi ansambılı onun son gününə qədər fəaliyyət göstərdi. Hazırda da həmin ansambl fəaliyyətini dayandırmayıb. Ona rəhbərliyi hazırda müğənni Habil Laçınlı edir.

Atam son mənzilə yaradıcılığının zirvəsi sayılan “Laçınım” mahnısının sədaları altında yola salındı”.

 

 

 

 

 

Modern.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*