İtaliyanın sevilən müğənnisi Ornella Vanoni 91 yaşında vəfat edib.
KONKRET.az-ın milli.az-a istinadən məlumatına görə, İtaliyanın “Senza Fine” və “L’appuntamento” kimi beynəlxalq hitləri ilə tanınan sənətçisi Milandakı evində ürək tutmasından vəfat edib.
İtaliyanın Baş naziri Corciya Meloni “X” sosial şəbəkəsində etdiyi paylaşımda Vanoninin ölümündən böyük kədər hissi keçirdiyini bildirib: “Onun bənzərsiz səsi nəsillər boyu İtaliya mədəniyyətində iz qoyub. İtaliya təkrarsız bir sənətkarını itirdi.”
Ornella Vanoni karyerası boyunca 100-dən çox albom buraxıb və 55 milyondan artıq satışa imza atıb. Bu uğurları ona “İtalyan mahnısının xanımı” ləqəbini qazandırıb.
1937-ci ildə Milanda doğulan Vanoninin ilk marağı teatr olub və o, 1964-cü ildə Broadway səhnəsində də çıxış edib. Lakin cazdan popa qədər geniş musiqi repertuarı və özünəməxsus ifa tərzi onu musiqi dünyasında əvəzsiz bir fiqura çevirib.
Vanoninin məşhur italiyalı bəstəkar Gino Paoli ilə həm sənət əməkdaşlığı, həm də eşq münasibəti nəticəsində yaranan “Senza Fine” mahnısı 1961-ci ildə onun beynəlxalq arenaya çıxışını təmin edib.
Sonrakı illərdə o, Gil Evans, Herbie Hancock və George Benson kimi dünyaca tanınmış musiqiçilərlə də əməkdaşlıq edib.
Ornella Vanoni İtaliyanın ən nüfuzlu musiqi festivallarından olan Sanremo Musiqi Festivalında səkkiz dəfə iştirak edib və 1968-ci ildə “Casa Bianca” mahnısı ilə ikinci yerə layiq görülüb.
Bundan əlavə, o, iki dəfə Tenco mükafatını qazanaraq həm söz yazarı, həm də ifaçı kimi bu mükafatı alan yeganə qadın olub.
.jpg)
