“Mətbuatımız qeyri-peşəkarlıq, savadsızlıq və məddahlıqdan əziyyət çəkir” – AYDIN SADİQbackend

"Mətbuatımız qeyri-peşəkarlıq, savadsızlıq və məddahlıqdan əziyyət çəkir" - AYDIN SADİQ

Redaktor olmaq asandır, JURNALİST OLMAQ çətin

Aydın SADİQ – jurnalist, yazıçı, politoloq, imicmeyker, səyyah… Yaxud, müxtəsər olsun deyə, filosof.

Onunla növbəti görüşə getməkdən əvvəl adını “Google”da axtarışa verdim. 15–20 il bundan qabaq belə axtarışın nəticəsində Azərbaycan, Rusiya çap və elektron mediasında dərc olunmuş onlarca məqalə aşkara çıxırdı. İndi isə yalnız bir xatırlatmaya – sitata rast gəldim. O da A.Rüstəmovun “525-ci qəzet”dəki məqaləsində. Professor nədənsə “siyasətşünas” kimi təqdim etdiyi A.Sadiqin jurnalistika məsələlərinə həsr olunan 40-a yaxın məqaləsinin birindən qısa ifadəni yazır…

– Silsilə məqalələriniz son dəfə 2004-cü ildə dərc edilmişdi. 14 il sonra oradan sitat gətirilməsi göstərmirmi ki, yazılarınız BDU müəllimlərinin stolüstü “kitab”ına çevrilib?

– Maraqlıdır. Davam edin…

– 2003-cü ildə jurnalistika fakültəsinin “xadim”i, az sonra İctimai Televiziyanın Yayım Şurasının sədri Cahangir Məmmədliyə Sizi işə dəvət etməməsi irad tutulmuşdu. O, nə isə təklif etdimi?

– Həmin axşam “Space”in birbaşa efirindən gec çıxdıq və o, məni “Jiquli”sində evimə aparmağı təklif etdi.

– …Yaxşı, onun şəxsiyyətinin “elastikliyinə” hamı bələddir. Bəs Şirməmməd Hüseynov? Tələbəsinin söylədiyinə görə, bu hörmətli müəllim jurnalistlik iddiası olan gəncə auditoriya qarşısında demişdi: “Aydın Sadiqin məqalələrini oxumursansa, səndən necə jurnalist çıxacaq?”. Ş.Hüseynov “etalon”la görüş axtardımı?

– Biz şəxsən tanış deyildik. Amma bu, Ş.Hüseynovu 80 yaşında məqalə ilə təbrik etməyimə mane olmadı.

– Siz “politoloq” sözünü “siyasətşünas”la əvəz etdiniz.

– Hesab edin ki, “ədəbiyyatşünas” terminini “literaturoved”ə çevirmək istəyirdim – alınmadı. Bu zaman acıqla “politoloq”u dəyişdim.

– Niyə zarafatınız da ciddi sözünüz kimi mürəkkəbdir?

– Çünki hələ də mürəkkəblə yazıram. Hər sözü, hər hərfi nəvazişlə çəkirəm.

– Bəs kompüter?

– Kompüterdə hərflərin təpəsinə barmaqla vururlar. Belə münasibət, bu cür davranış mənlik deyil.

– Siz yaşlı nəslə mənsubsunuz…

– Vaksinə görə deyirsinizsə – vurdurmuşam.

– Yox. Bir zaman çap mətbuatına gəlmişdiniz, indi isə müxtəlif saytlar dövrüdür. Hansını üstün sayırsınız?

– Operativliyə görə – internet saytlarını. Ənənəvi qiraət mədəniyyətinə görə – çap məhsullarını. Yaxın vaxtlarda ilk məqaləmin 55 illik yubileyidir. Qəzetin nüsxəsi indiyədək şəxsi arxivimdədir. Amma hətta cəmi 5 il əvvəl çap olunmuş məqalə internetdən yoxa çıxıb: təsisçi ölüb, nəşr bağlanıb, onunla birgə saytı da…

Qəzet və saytların ümumi cəhəti də var – sağlamlıq üçün təhlükə. İnternet özündən asılılıq yaradır. Monitor gözə ziyandır. Qəzet qədər. Üstəlik, qəzetin çap boyası, bir qayda olaraq, zəhərlidir.

Ümumiyyətlə, müasir media mühiti məhsulun sifarişindən, hazırlanmasından və təqdimatından tutmuş istehlakına, bunun ictimai nəticələrinə qədər toksikdir. Aludə olsan – düşüncən bulanacaq. Aydın, saf qalmaq üçün hər şeyi açmazlar, oxumazlar. Oxuduğu ağıllı yazıların sətiraltı mənalarını qanmaq isə qanmazın işi deyil.

Daha bir mühüm məqam. Qəzet çapdan çıxdısa, sənin, ictimaiyyətindir, Yüz il keçsə də. İnternetdə isə məqaləyə düzəliş edilə bilər. Hətta güclü təzyiq altında onu saytdan çıxarmaq da olur.

– Hazırkı Azərbaycan mətbuatını sovet dövrününkündən nə fərqləndirir?

– Cəmi bir məsələdən başqa hər şey eynidir: yenə qeyri-peşəkarlıq, qeyri orijinallıq, savadsızlıq, məddahlıq… Fərq isə odur ki, əvvəllər dini mövzular qadağan idi, indi – ateizm. Və ikisi də tanrının iradəsi ilə yox, hakimiyyət naminədir.

– Müasir jurnalistlər haqqında nə deyərdiniz?

– Jurnalist kimə deyirsiniz? Televiziya kamerası qarşısında dingildəyən, sonra kameranın əhatə etmədiyi tərəfə barmağı ilə göstərib danışan “mamasının şirin balası”namı?..

– Demək istəyirsiniz ki, Azərbaycanda yaxşı televiziya kanalı və jurnalisti yoxdur?

– Demək istəyirsiniz ki, var? Elə isə, mən suallar verim, görək onların qarşısında necə dayanacaqsınız…

– Mən – təslim!

– İndi sualınıza cavabımı bir qədər geniş şərh edim.

Bu gün jurnalistləri əsasən bilik və dünyagörüşünün məhdudluğu, dil və nitq kasadlığı, mütilik, möhtaclıq… səciyyələndirir. Hər cür hörmətli jurnalist də az deyil. Təəssüf, bunu hörmətə layiq jurnalistlər haqqında deyə bilmərəm.

Jurnalist GƏRƏKLI olmalıdır. Xalqına. Dövlətə. Cəmiyyətə. Mədəniyyətə. İnsanlığa… Beşindən birini saxlamalıyamsa – İnsanlığa!

Artıq çoxdandır ki, jurnalist çolaq orta(bab) savadın, əl-qolsuz peşə təhsilinin və koruş ictimai şüurun müştərək əlil törəməsidir.

25 il əvvəl cavan azərbaycanlı, amma rusdilli jurnalistlə təsadüfi söhbət əsnasında “QULAQ” (“ГУЛАГ”) sözünü işlətdim. SSRİ dövrü barədə danışırdıq. Oğlan elə bildi ki, “ухо” (“qulaq”) demək istəyirəm, rusca bilmirəm…

15 il bundan əvvəl mətbuatda Baş Bakılı Hacıbala Abutalıbov barədə silsilə tənqidi yazılar adət halını almışdı. Bir jurnalistdən soruşdum ki, “təkkişili”dən (“Ölkədə bir kişi var” tarixi cinsi açıqlamanın müəllifindən) nə istəyirlər. Dedi: “Komanda yuxarıdan gəlib, onu işdən çıxarmaq niyyətindədirlər”. Dedim: “Prezident onu özü təyin edib. Səndən soruşmadan. İşdən də istədiyi vaxt çıxaracaq. Sizin məqalələri oxumadan”. Elə də oldu. Abutalıbov o vəzifədən azad edildi. Şəhər rəhbərliyindən ölkə rəhbərliyinə – Baş nazirin müavini vəzifəsinə aparıldı.

1 il əvvəl Ramiz Mehdiyev və Əli Həsənov haqqında pis (oxu: düz) söz yaza bilməzdin. İndi kefin istəyəni de – korrupsiyaçı, oğru, yerlibaz, qohumbaz… – hamısı düz çıxacaq. Amma möhürünü vurduğun oğru sənin kimi azad və səndən min qat firavan yaşayır. Budur jurnalist sözünün kəraməti, peşənin nüfuzu?!

– Jurnalist kimdir? Bir sözlə.

– Yazıçıdır. Sözün rəvayətinə, şərhinə keçək. Yaradıcı işinin həcmindən, janrından asılı olmayaraq roman, poema, povest, qəzəl, hekayə, dram əsəri, ssenari və s. yazan hər kəs kimi.

– Müstəqil jurnalist institutunu necə qiymətləndirirsiniz?

– Yoxdur belə institut! Azərbaycanda müstəqil jurnalist – daimi iş yeri olmayan, işsiz vətəndaş deməkdir. (Eynilə, müstəqil siyasətşünas.) Yəni, redaktor onu dərc edirsə də, yaxına buraxmır. Burada maliyyə məsələsindən (başlıca!) tutmuş yerlibazlığa, qohumbazlığa (vacib) qədər hər cür amil rol oynaya bilər.

– Söz düşmüşkən, tanıdığınız qəzet redaktorları haqqında nə deyərdiniz?

– Peşəkar fəaliyyətimdə işlədiyim ilk redaktora bir şeyə görə minnətdaram: mənə “jurnalist necə olmalıdır”ı öyrətməyibsə də, “necə olmamalıdır”ı şəxsi nümunəsi ilə göstərib.

Müstəqillik dövründə redaktorluq tam tənəzzülə uğrayıb. “Hər yerindən qalxan” ifadəsi buraya uyğun gəlmir: yerindən qalxmamış, özlərini …”baş” redaktor adlandırdılar. Əgər anatomik orqanların adlarından istifadə etmək istəyirsinizsə, bu redaktorların mahiyyətinə baş deyil, başqa orqan müvafiqdir.

Birlikdə işləyib və ya işləməyib tanıdığım, şəxsən tanış olmadan bildiyim redaktorlardan yalnız bir nəfəri yaxşı cəhətdən qeyd edə bilərəm – qarabağlı Emin Eminbəylini. Onu mürəkkəb 1990-cı illərin yeganə bacarıqlı qəzet prodüseri də adlandırmaq olar. Sözə, jurnalist əməyinə hörmətlə yanaşıb. Neçə-neçə gəncin qayğısına qalıb, onlar üçün peşəyə yol açıb. Bu zaman çəkdiyi mənəvi əzabını görmüşəm. Başlıcası isə budur ki, qəzetin bir nömrəsində eyni məsələyə, şəxsə aid alternativ, fərqli münasibətlərə yer verməyə cürəti çatırdı.

Eminlə bağlı xatırladığım maraqlı epizod çoxdur. …Bir dəfə gənc yazar haqqında rəyimi soruşdu. Dedim ki, ondan heç vaxt jurnalist çıxmayacaq. Zaman keçdi, Emin hiyləgərcəsinə xatırlatdı: “Xəbərin var? Həmin gənc indi qəzet redaktorudur. Sən isə deyirdin ondan jurnalist olmayacaq”. Cavab verdim: “Demişdim jurnalist olmayacaq, deməmişdim ki, redaktor olmaz”.

Dəhşət burasıdır ki, kim isə həmin söhbəti zavallıya çatdırdı, o, qəzəbləndi, ödü daşdı, zəhərləndi və indi gücdən düşüb: nə lurnalistdir, nə …kişi.

– Mən isə az qala sevindim ki, müsahibə yaxşı notlar üzərində bitəcək…

– Yol vermərəm! Yaxşı notlar istəyirsinizsə, Azərbaycan mətbəxindən soruşun, paxlavadan danışaq. Siz isə jurnalist mövzusunu seçmisiniz.

Qəzet (sayt, TV) işçisindən hansı sahədə çalışdığını xəbər alın. Deyəcək “jurnalistika”. Soruşun nə kimi nəzəri referat, araşdırma, kitab müəllifidir. Cavab verəcək ki, məqalə, informasiya, reportaj yazır. Zavallı “jurnalistika” ilə “jurnalistliy”in fərqini anlamır.

Jurnalist – peşə adamıdır. Jurnalistika – jurnalistliyin nəzəri və praktiki cəhətlərini öyrənən, bu əməyin məhsulunu təhlil edən elmdir. Məsələn, ədəbiyyatşünaslıq kimi. Şairdən peşəsini soruşsan, deməz ədəbiyyatşünasdır. Jurnalist isə “yerindən qalxmamış” deyəcək ki, jurnalistika ilə məşğuldur. Peşəsini qanmayandan nə gözləyəsən?!

– Neçə ildir Azərbaycan informasiya agentliklərinin, televiziya kanallarının, saytlarının, hətta qəzet və jurnallarının dünya media bazarına yol tapacağı bəyan olunur. Mümkündürmü?

– Əlbəttə. Amma əvvəlcə bu yol …çəkilməlidir.

Müsahibəni yol tapıb yazdı:

A.ƏZİZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*