Mətbuatın inkişafına verilən dəstək – RƏYLƏRbackend

Mətbuatın inkişafına verilən dəstək - RƏYLƏR

Bu gün Medianın İnkişafı Agentliyi onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib.

Məhz bu informasiya sektorunun inkişafına, media müstəqilliyinin güclənməsinə və redaksiyaların iqtisadi dayanıqlığının artırılmasına yönəlmiş strateji addım kimi qiymətləndirilməlidir.

Eyni zamanda, Medianın İnkişafı Agentliyi il ərzidə media subyektləri üçün təlimlər və hüquqi maarifləndirmə tədbirləri təşkil edir. Bütün bunlar, informasiya mühitinin şəffaf, dayanıqlı və milli maraqlara xidmət edən bir platforma kimi inkişafını təmin etmək məqsədi daşıyır.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Azxeber.com” informasiya portalının baş redaktoru Hacıbəy Heydərli “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Medianın İnkişafı Agentliyinin yaradılması Azərbaycanda media islahatlarının əsas təzahürüdür:

“Medianın İnkişafı Agentliyi də 2021-ci ildən bu günə qədər Azərbaycan mətbuatının inkişafına xüsusi töhfələr verməyi bacarıb. Agentlik tərəfindən onlayn media subyektlərinə ayrılan maliyyə yardımları da Azərbaycan mətbuatının yeni mərhələyə qədəm qoymasının göstəricisidir. Bu illər ərzində Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinə ayrılan maliyyə yardımları mətbuatımızın inkişafına gətirib çıxarıb.

Həmçinin, ölkə mətbuatının saflaşması istiqamətində də çox böyük addımlar atılır. Təkcə onlayn media subyektlərinə maliyyə yardımları deyil, eyni zamanda fərdi jurnalist müsabiqələri və jurnalistlər üçün təlimlərin keçirilməsi Medianın İnkişafı Agentliyinin Azərbaycan cəmiyyətinə və jurnalistlərinə ən böyük dəstəklərindən biri kimi qiymətləndirilir”.

Baş redaktor qeyd edib ki, Medianın İnkişafı Agentliyin tərəfindən onlayn media subyektlərinə ayrılan maliyyənin 3 min manatdan 5 min manatadək artırılması çox mütərəqqi bir addımdır:

“Bunu Azərbaycan mətbuatının inkişafı və jurnalistlərin sosial təminatlarının artırılması üçün çox vacib addım kimi qiymətləndiririk. Bundan əlavə, artıq 4 jurnalistə minimum 800 manat məbləğində əməkhaqqının müəyyənləşdirilməsi olduqca mühümdür.

Bu, təkcə formal tələb deyil, həm də sosial məsuliyyətin və jurnalistlərə verilən dəyərin artılımasının göstəricisidir. Əməkhaqlarının artırılması və iş şəraitinin yaxşılaşdırılması redaksiyaların fəaliyyətində kifayət qədər peşəkar və daha sistemli iş mühitinin formalaşmasına gətirib çıxaracaq.

Bu da bötövlükdə Azərbaycan mediasının peşəkar səviyyədə inkişafına və ictimai rəyin düzgün formalaşmasına müsbət təsir göstərəcək. Mən bu addımı yüksək qiymətləndirirəm. Düşünürəm ki, onlayn media subyektlərinə ayrılan maliyyənin artılıması dövlətin mətbuatdan gözləntilərinin daha çox olmasından xəbər verir”.

“Konkret.az” saytının baş redaktoru, Əməkdar jurnalist Fadil Paşayev də saytımıza açıqlamasında deyib ki, ayrılan vəsaitin artırılması ilk növbədə media orqanlarının dayanıqlığını gücləndirəcək:

“Sirr deyil ki, böyük maliyyəsi olan media orqanlarından fərqli olaraq bir çox onlayn platformalar indiyədək məhdud resurslarla fəaliyyət göstərirdi. Bu isə əksər onlayn media subyektlərinin problemlərini həll etməyə, qarşıda duran vəzifələri tam şəkildə həyata keçirməyə imkan vermirdi.

Hesab edirəm ki, dövlətin bu dəstəyi bizim işimizə bir təkan olacaq, daha keyfiyyətli məhsulların ortaya qoyulmasına stimul verəcək. Medianın İnkişafı Agentliyi ilə keçirilən görüşlərdə dəfələrlə vurğulanırdı ki, jurnalistlərə nəzərdə tutulan əməkhaqqı olduqca aşağı göstərilir. Bu da indiki dövrdə yazı adamlarının, həmkarlarımızın haqlı narazılığına səbəb olurdu.

Bəzən aşağı maaşla peşəkar jurnalist tapmaq və yaxud yaradıcı prosesdə iş əmsalının artırılmasına nail olmaq mümkün olmurdu. Artıq həm saytların rəsmi işçi sayının 4 nəfərə qaldırılması, eləcə də maaşların 800 manat rəsmiləşdirilməsi mediaya olan diqqət və qayğının ən mühüm mərhələsini təşkil edir. Gəlin, bir qədər də dəqiqləşdirək.

Məsələn, rəhbərlik etdiyim “Konkret.az” informasiya portalında əlavə işçi götürəcəyik ki, bu da araşdırma yönümlü materialların sayını artırmaq deməkdir.

Bilirsiniz, əməkhaqqı fondunun müəyyənləşdirilməsi həm də redaksiyalarda peşəkarlığı və məsuliyyəti daha da artıracaq. Çünki müəyyən və sabit maaş sistemi olan jurnalistlər işlərini planlı şəkildə quracaq, mövzulara daha dərindən və məsuliyyətlə yanaşacaq”.

O vurğulayıb ki, bu addım media bazarında rəqabət mühitinin ədalətli şəkildə formalaşmasına da səbəb olacaq:

“İndi görərsiniz, mediada artıq bir canlanma yaranacaq. Belə bir canlanma, stimul, diqqət onlayn media sektorunun məzmununu da tam dəyişdirəcək və ən nəhayət keyfiyyət və məhsuldarlıq artacaq.

Bir jurnalist kimi onu da xüsusi vurğulayım ki, dövlət dəstəyinin bu şəkildə olması medianın nüfuzunu da artıracaq. Gəlin bir detalı unutmayaq ki, bu artımın əsas məqsədi sadəcə maliyyə yardımı deyil, eləcə də ictimai dəyərlərə xidmət edən, məsuliyyətli jurnalistikanı stimullaşdırmaqdır.

Mən sizin sayt vasitəsilə bir daha fürsətdən istifadə edib Medianın İnkişafı Agentliyinin rəhbərliyinə təşəkkür edirəm. Məhz ona görə ki, bu yeni addımı ölkədə onlayn medianın peşəkarlaşması və iqtisadi müstəqilliyinin artması baxımından mühüm mərhələ sayılır.

Əminəm ki, maliyyə dəstəyi şəffaf mexanizmlərlə icra olunmaqla həm jurnalistlərin sosial vəziyyəti, həm də ümumilikdə cəmiyyətin keyfiyyətli və etibarlı informasiyaya çıxışı sahəsində mühüm nailiyyətlər əldə ediləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*