Miflər və reallıqlar: “Ankara Mərkəzi Asiyada Moskvanı əvəzləyəcəkmi? – Beynəlxalq ekspertlər DANIŞDIbackend

Miflər və reallıqlar: “Ankara Mərkəzi Asiyada Moskvanı əvəzləyəcəkmi? – Beynəlxalq ekspertlər DANIŞDI

Qazaxıstan və Özbəkistan hərbi-siyasi sahədə müttəfiqlik haqqında ikitərəfli müqavilə hazırlayır. Bu barədə Qazaxıstanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Sənədə əsasən, üçüncü dövlətlər tərəfindən silahlı hücum təhlükəsi yaranarsa, onun sülh yolu ilə həllinə yardım etmək üçün ikitərəfli səviyyədə müvafiq məsləhətləşmələr aparılacaq. Tərəflər həmçinin heç bir blok və ya ittifaqa qoşulmamaq, bir-birinin əleyhinə yönələn addımlarda iştirak etməmək öhdəliyi götürür.

KONKRET.az xəbər verir ki, Qırğızıstan Prezidenti yanında Milli Strateji Araşdırmalar İnstitutunun rəhbəri Kanatbek Əziz mövcud razılaşmanı şərh edib. Onun sözlərinə görə, hər iki ölkə Türk Dövlətləri Təşkilatının üzvüdür. Yəqin ki, Qazaxıstan və Özbəkistan arasındakı bu razılaşmaya qoşulanların sayı Türk Dövlətləri Birliyinin digər üzvlərinin hesabına genişləndiriləcək. Ən azı ekspert platformalarında bu haqda dəfələrlə məsələ qaldırılıb.

Qeyd edək ki, rəsmi Ankara uzun illərdir ki, türk dünyası ölkələrinin hərbi-siyasi birliyini yaratmaq və ona rəhbərlik etmək üçün iddialı plan hazırlayır. Bəzi ekspertlərin fikrincə, sonradan Türk Dövlətləri Təşkilatına çevrilən və Türkiyənin əsas oyunçu kimi yer aldığı Şuranın yaradılması bu istiqamətində atılan ilk addım idi. Bununla belə, ən azı ortamüddətli perspektivdə Türkiyəyə regional təhlükəsizliyin arxitekturasını yenidən qurmağa imkan verilməyəcək. Bunun ən başlıca səbəbi isə resursların çatışmazlığıdır.

Beynəlxalq münasibətlər üzrə ekspert Baykadam Kuramayevin (Qırğızıstan) sözlərinə görə, Ankara regionda fəaliyyət göstərən təhlükəsizlik sisteminə real alternativ təklif edə bilməz. Çünki Türkiyə rəhbərliyinin Mərkəzi Asiyaya istiqamətləndirilməsi iqtisadi cəhətdən dəstəklənmir. Bundan əlavə Türk Dövlətləri Birliyinə daxil olan ölkələrin fərqli təşkilatlarda yer aldığını da unutmaq olmaz. Belə ki, Qazaxıstan və Qırğızıstan KTMT-də, Türkiyə isə NATO-da yer alır.

Rəcəb Tayyib Ərdoğan bunu çox gözəl anladığı üçün sözügedən istiqamətdə fəallıq göstərmir. Məsələn, noyabrda Səmərqənddə keçirilən dövlət başçılarının sammitində Türkiyə prezidenti həmkarlarından fərqli olaraq təhlükəsizlik məsələsini qaldırmayıb. Amma sammitin yekun Bəyannaməsində dövlət başçıları Türk Dövlətləri Birliyinə üzv ölkələrinin Özbəkistan-Qırğızıstan-Çin və Termiz-Məzari-Şərif-Kabil-Pişevər dəmir yolu xətlərinin tikintisi üzrə səylərini dəstəkləyib. Bu, nəzəri olaraq Zəngəzur dəhlizinin açılmasına, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülüyünün artırılmasına və Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrinin genişləndirilməsinə töhfə verməlidir. Sənəddə həmçinin rəqəmsal iqtisadiyyat və “Dördüncü Sənaye İnqilabı” sahəsində üzv dövlətlər arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.

Səmərqənd sammitinin iştirakçıları mədəni, dil və dini əlaqələrin möhkəmləndirilməsi məsələsini də diqqətdən kənarda qoymayıblar. Belə ki, sammitin yekun bəyannaməsində türk xalqlarının ortaq tarixi, dili, mədəniyyəti, adət-ənənələri və dəyərlərinə əsaslanan əməkdaşlığın daha da genişləndirilməsi üçün əzm nümayiş etdirmək tövsiyə olunub. mək əzmi də ifadə olunub. Eyni zamanda əlifba və terminologiyanı birləşdirmək istəyinin türk birliyinin əsas fəaliyyət istiqamətlərindən biri olaraq qaldığı vurğulanıb.

Səmərqənd sammitinin yekunları barədə danışan “Mano” Araşdırma Təşəbbüsləri Mərkəzinin (Özbəkistan) direktoru Bəxtiyor Erqaşev keçən il Şuranın Birliyə çevrilməsi barədə qərar qəbul edildiyini xatırladıb: “kapitalı 350-500 milyon dollar arasında olacaq Birliyin İnvestisiya Fondunun yaradılması ciddi addım idi. Təşkilatın bütün ölkələri bərabər payla töhfə verməlidir. Bu fondun vəsaitlərinin ümumi maraq kəsb edən layihələrə səmərəli xərclənməsi təmin edilsə və nəticə versə, o zaman fondun ciddi perspektivləri olacaq. Bundan əlavə, Birliyin İnkişaf Bankının yaradılması üzrə işlərin gücləndirilməsi qərara alınıb. Bu da Təşkilatın inkişaf institutlarının formalaşması istiqamətində mühüm addım olacaq”, – ekspert deyib.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatına Qafqaz və Mərkəzi Asiya ölkələrində nüfuz sahibi olmaq üçün Moskva ilə daha çox rəqabət aparan Ankaranın siyasi ambisiyaları nöqteyi-nəzərindən baxılır. Lakin Erqaşevin fikrincə, Rusiyanın Qafqaz və Orta Asiya regionlarından sıxışdırılması ilə bağlı bütün hekayələr çox şişirdilib: “Türkiyə tərəfi ilə Mərkəzi Asiya respublikaları arasında ticarət və investisiya əməkdaşlığının artmasına baxmayaraq, Ankara Mərkəzi Asiyada Moskvanı əvəz edə bilməyəcək. Buna baxmayaraq Özbəkistanda 2021-ci ilin nəticələrinə görə, Türkiyə investisiyaların həcmində Rusiyadan sonra Çini də qabaqlayaraq ikinci ölkə olub. Yəni rəsmi Ankara iqtisadi layihələrdə fəal iştirak edir, aktiv sərmayə qoyur, texnologiyaların transferini həyata keçirir. Lakin yenə də, Rusiyanı sıxışdıra bilməyəcək. Çünki bölgədə rus biznesinin və dilinin mövcudluğu yüksəkdir, eləcə də Rusiya və Türkiyənin potensialları həddən artıq fərqlidir. Region ölkələri üçün Rusiya əsas bazar rolunu oynayır. Yəni Rusiya Federasiyası ilə ticarətin həcmi Türkiyə ilə müqayisə olunmayacaq dərəcədə çoxdur. Üstəlik Ankara Mərkəzi Asiya ölkələri ilə hərbi-texniki əməkdaşlıq səviyyəsini Moskva kimi təmin edə bilməyəcək”, – ekspert vurğulayıb.

Bütün bunlara rəğmən ekspertlər Ankaranın həm regionda, həm də beynəlxalq aləmdə yeni güc mərkəzi olmaq istədiyini qeyd edirlər. Hesablamalara görə, Türkiyə postsovet respublikaları daxilində genişlənməklə nəinki geosiyasi çəkisini artırmağa, həm də məhsulları üçün yeni bazarlar təmin etməyə və əlavə resurs mənbələri qazanmağı, bununla da milli iqtisadiyyatda vəziyyəti yaxşılaşdırmağı qarşıya məqsəd qoyub.

“Türk Dövlətləri Təşkilatının köməyi ilə Ankara Qafqazda və Mərkəzi Asiyada yeni geosiyasi vektorlar qurmağa, bu iki bölgəni birləşdirib öz “qəyyumluğu”na almağa çalışır. Üstəlik, ciddi iqtisadi problemlər səbəbindən Türkiyənin özündə daxili siyasi və xüsusən də iqtisadi vəziyyət kifayət qədər gərgin olaraq qalır. Ərdoğanın öz ölkəsindəki mövqelərini mümkün qədər gücləndirməsi üçün özünü türk dünyasının lideri kimi göstərməsi çox vacibdir”, – deyə Ekspert Təşəbbüsləri Mərkəzinin (Qırğızıstan) direktoru İqor Şestakov bildirib.

“Əgər iqtisadi inteqrasiyadan danışırıqsa, o zaman Türkiyə, Qazaxıstan, Özbəkistan və müəyyən dərəcədə Qırğızıstan faktiki olaraq meyvə-tərəvəz və tekstil mallarının tədarükündə MDB bazarlarında rəqibdir. Biznes isə böyük türk dostluğunun romantik notlarına yer ayırmayacaq qədər çətin bir prosesdir. Ona görə də, iqtisadi əməkdaşlığın qurulmasına dair bəyannamələri sınaqdan keçirilməlidir. Məsələn, Türkiyə Rusiyaya öz məhsullarının (tərəvəz və meyvələrin) tədarükünü Qırğızıstan və ya Özbəkistanın xeyrinə azaltmağa hazırdırmı? Məncə yox. Ona görə də, hesab edirəm ki, iqtisadi problemləri həll etmək üçün Birliyin yaradılması hələ də böyük sual altındadır” – ekspert bildirib.

“Cənubi Qafqaz” siyasi klubunun rəhbəri, Politoloq İlqar Vəlizadə isə bildirib ki, Türkiyədən başqa təşkilatda digər dövlətlər də yer alıb və onların hərəsinin öz məqsədi var: “Onlar üçün Türk Dövlətləri Təşkilatı Türkiyənin bəzi ideyalarını sınaqdan keçirə biləcəyi platforma deyil, öz maraqlarını gerçəkləşdirmək üçün bir vasitədir. Buna görə də məsələ Türkiyənin Rusiyanı sıxışdırıb-sıxışdırmayacağı ilə bağlı deyil.  Çinin təsirini, Avropa İttifaqının regiona marağını nəzərə alaraq Birlik daxili və xarici maraqlar balansını qurmalıdır. Türk qrupu ölkələri üçün balansın yaradılması vacibdir. Ankara Birlik ölkələri üçün ən böyük tərəfdaşdır, lakin burada sırf Türkiyənin maraqları yox, həm də digər ölkələrin istəkləri nəzərə alınmalıdır. Eyni zamanda son illər Özbəkistan ciddi şəkildə güclənib ki, bu da kifayət qədər fəal xarici siyasət kursu aparmağa imkan verir. Qazaxıstan regionda daxili maraqlara yönəlmiş daha ifadəli siyasət yürüdür. Ona görə də, Türkiyə Birlikdə dominantlıq etmir və regionda siyasi-iqtisadi proseslərin inkişafını müəyyənləşdirmir”, – ekspert fikirlərini bölüşüb.

Bu baxımdan o, Türk Dövlətləri Təşkilatının Azərbaycan üçün mühüm iqtisadi və siyasi platforma olduğuna diqqət çəkib. Birliyin dəstəyi ilə respublikada bir çox layihələr həyata keçirilir. Məsələn, Azərbaycan-Türkiyə-Qazaxıstan, Azərbaycan-Türkiyə-Özbəkistan və Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli formatları yaradıldı. Bu formatlar çərçivəsində türk dövlətlərinin fəal iştirakı ilə bir sıra iqtisadi, nəqliyyat və logistika proqramları həyata keçirilir. Və burada ölkəmiz türk coğrafiyasının müxtəlif hissələri, xüsusən də Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqə rolunu oynayır. Ona görə də Birliyin Azərbaycanın orta və uzunmüddətli perspektivdə qarşıya qoyduğu bütün məqsəd və vəzifələrə cavab verməsi bizim üçün vacibdir”, – deyə İ.Vəlizadə fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*