Milli qəhrəmanlarının  önündə baş əyən LİDER: İlham Əliyevdən dünyaya həmrəylik mesajıbackend

Milli qəhrəmanlarının önündə baş əyən LİDER: İlham Əliyevdən dünyaya həmrəylik mesajı

İl sonunda başımıza gələn dəhşətli təyyarə qəzasında bizi birdəfəlik tərk edən Vətən övladlarının həsrəti qəlbimizi həmişə göynədəcək, yaddaşımızdan heç vaxt silinməyəcək…

Uzun yolun yolçuluğuna çıxanlar ölümlərini göylərdə qarşılayanda nəyin necə baş verdiyini anlamağa belə macal tapmadılar… Bakıdan Qroznıya uçan təyyarənin qəza xəbəri bir anın içində bütün dünyaya yayıldı. Namərd gülləsinə tuş gələn qartal kimi havada can verən Azərbaycan şahinləri son nəfəslərinə qədər ölüm-dirim savaşı apardılar. 29 nəfərin həyatını xilas etsələr də, “hər şey yaxşı olacaq” sözü son kəlmələri oldu, 35 nəfərlə bilrlikdə əbədiyyətə qovuşdular.

Hələ də qəzanı yuxu kimi dərk edən adamlar nigaran ruhların nalə çəkdiyi göylərin qanunlarından xəbərsizdir. Hələ də anlamırlar ki, göylər ruhlar üçündür, Tanrı yalnız daha yaxın bildiyi bəndələrini dərgahına aparır. Yerdəkilər isə həmişə onların ruhunu uca tutacaq və dualar edəcəklər…

Bu çətin günlərdə ölkə rəhbərliyi təyyarə qəzasında həlak olanları xalqla birlikdə son mənzilə yola saldı. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqın yanında olması, faciə qurbanlarının ailə üzvləri ilə yanaşı dayanması əsl həmrəylik nümunəsi idi. Ölkə başçısı və xanımının təyyarə qəzasında həlak olan ekipaj üzvləri ilə vida mərasiminə böyük kədər hissilə qatılması lider-xalq birliyinin növbəti ifadəsi idi.

Ən çətin anlarda xalqla həmrəy olmaq, insanların dərdinə şərik çıxmaq missiyası Ümummilli Lider Heydər Əliyevdən miras qalan insansevərlik, vətənpərvərlik və liderlik keyfiyyətləridir. Ulu Öndər də ən ağır günlərdə xalqla bir yerdə olmaqdan qürur duyur, həmvətənlərini dar gündə tək qoymurdu. Heydər Əliyev hələ 35 il əvvəl Moskvada yaşayan zaman Azərbaycan xalqının başına gətirilən faciələrə biganə qalmadı. 20 Yanvar qırğınını eşidən kimi ertəsi gün Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu Öndər baş verənləri xalqımıza qarşı soyqırım, cinayət adlandırdı.

35 il əvvəl atasıyla birgə hadisəni törədənləri ittiham edən İlham Əliyev həmin missiyanı indi də davam etdirir. Xalqın yanında olmaq, onun ruhunu duymaq hər bir dövlət başçısına xas keyfiyyət deyil və biz bunun zaman-zaman çox şahidi olmuşuq. Vida mərasimində həlak olanların yaxınları və doğmalarına həyan duran, onlara dəstək nümayiş etdirən, cənazələr önündə baş əyən cənab prezidentin bu sayğısı həm də xalqa həmrəylik mesajı idi.

21 il əvvəl ilk andiçməsində dediyi sözü tutan İlham Əliyev bununla bir daha hər bir azərbaycanlının prezidenti olduğunu göstərdi. Bununla həm də Azərbaycanın düşmənlərinə meydan oxudu, dövlətimizə qarşı çıxan qüvvələrə xəbərdarlıq etdi. Həlak olanların ruhuna dərin ehtiramını ifadə edən ölkə başçısı qəza ilə bağlı qarşı tərəfdən hesab da sordu, hadisəni törədənlərin cəzalandırılmasını tələb etdi. Günahkarlar İlham Əliyevin qətiyyəti qarşısında acizliklərini gizlədə bilmədi, cinayətlərini etiraf etməkdən başqa çarələri qalmadı.


Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində yaşadığımız bu faciə bütün dünyaya bir daha həmrəyliyimizin sarsılmaz olduğunu nümayiş etdirdi. Bizi bütün bəlalardan xilas edən lider-xalq birliyimizin əbədi olması diləyi ilə Uca Yaradan xalqımıza daimi sülh, əmin-amanlıq və firavanlıq nəsib eləsin!

Vəli Həsənoğlu,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*