Minimum əməkhaqqı nə qədər artırıla bilər?backend

Minimum əməkhaqqı nə qədər artırıla bilər?

“Minimum əməkhaqqının məbləği “Əmək məcəlləsi”nin 155-ci maddəsinə əsasən müəyyənləşdirilir. Bu maddədə işəgötürənin dövlət tərəfindən müəyyən edilmiş minimum əməkhaqqı məbləğindən aşağı əməkhaqqı verilməsi qadağandır. Yeni məbləğin müəyyən olunması o deməkdir ki, yeni tarixdən aşağı əməkhaqqının verilməsi qadağandır”.

KONKRET.az xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Eldəniz Əmirov minimum əməkhaqqının artırılacağı ilə bağlı xəbəri şərh edərkən bildirib.

Ekspert bəzi məqamlara diqqət çəkib:

“Təkliflər noyabrın 1-ə kimi təqdim edilməlidir. Nəzərə alsaq ki, təklif hələ artım demək deyil, deməli, artımı növbəti ilin əvvəlində gözləmək daha doğru olar. Minimum əməkhaqqının artırılması dinamikasına baxsaq, bütün hallarda artım inflyasiya göstəricilərini üstələyib. Eyni məntiqlə yanaşsaq, 2024-cü ildə İqtisadiyyat Nazirliyinin proqnoz göstəriciləri 5 faizin üzərindədir. BMT-nin də proqnoz göstəriciləri 5 faizin üzərindədir. Mərkəzi Bank aprel ayında inflyasiya proqnozunu 3,5 faizə salıb. Yəni əhalinin alıcılıq qabiliyyətinin nəzərə alınması ilə yanaşıldıqda inflyasiya göstəricilərindən az artım olmamalıdır. Bu baxımdan 2024-cü ildəki 5 faizlik inflyasiya göstəricisini götürsək, deməli, 345 manatlıq minimum əməkhaqqı 362-363 manat həcmində olacaq”.

Eldəniz Əmirov vurğulayıb ki, sonuncu dəfə minimum əməkhaqqı 2023-cü ilin yanvarın 1-dən müyyən edilib:

“Bu da o deməkdir ki, iki il öncəki inflyasiya göstəricilərinin nəzərə alınması realdır. Bu isə 8,8 faizlik göstəricidir. 2024-cü ildə bu rəqəmin 4-5 faiz olduğunu nəzərə alsaq, o zaman ümumi təxminən 13-14 faizlik inflyasiyadan söhbət gedir. Beləliklə, bu göstəriciyə uyğun minimum əməkhaqqı 380-400 manat arasında formalaşa bilər. Bu, təkliflərdən və əsaslandırmalardan asılıdır. Nəzərə almaq lazımdır ki, hələ ilin ikinci rübü bitməyib. Təkliflər noyabrın 1-dək təqdim ediləcək. O zamana qədər inflyasiya göstəriciləri daha da dəqiq olacaq. Bundan sonra ehtimal edilən göstərici 370-400 arasında dəyişə bilər. 390 reallığa daha yaxındır”.

Ekspert əlavə edib ki, minimum əməkhaqqı ixtisassız kadrlara, tarif cədvəli ilə minimum əməkhaqqı alanlara şamil olunur.

Qeyd edək ki, Azərbaycanda aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsi ilə bağlı təkliflər hazırlanır. Bu, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planında öz əksini tapıb. Sənəddə həmçinin noyabrın 1-dək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə minimum əməkhaqqının artırılması ilə bağlı təkliflərin hazırlanaraq təqdim edilməsi qeyd olunub. Bundan əlavə, minimum əməkhaqqı anlayışında sosial vəziyyətin nəzərə alınması ilə bağlı təkmilləşdirilmənin aparılması nəzərdə tutulur. (musavat.com)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*