“Ötən 20 ildə dövlət büdcəsinin illik sosial müdafiə və sosial təminat xərclərində 20 dəfədən çox artım baş verib. Minimum əməkhaqqı 38 dəfə artırılaraq 345 manata, orta aylıq əməkhaqqı 12 dəfə artaraq 925,3 manata çatıb. Sosial müdafiə sisteminin mühüm komponenti olan pensiya təminatı yoxsulluğun azaldılmasında əhəmiyyətli rola malikdir. 2006-cı ilin əvvəlindən Azərbaycanda qabaqcıl dünya təcrübəsinə uyğun müasir sığorta-pensiya modelinə keçidin təmin edilməsi pensiya təminatında müsbət trendləri şərtləndirib. Dövlət başçısının 2014-cü il 4 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”na uyğun olaraq həmin sistemin yeni çağırışlara uyğun təkmilləşdirilməsi, layiqli pensiya təminatı sisteminin qurulması istiqamətində mühüm addımlar atılıb”.
KONKRET.az xəbər verir ki, bunu Milli Məclisdə Əmək və sosial siyasət komitəsinin “Heydər Əliyev – 100: Müasir Azərbaycan – sosial rifah və sosial ədalət dövləti” mövzusunda elmi-praktik konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.
“Bununla yanaşı, dövlət başçısı tərəfindən hər il müvafiq sərəncamlar imzalanmaqla minimum pensiyaların mütəmadi artırılması, hər ilin əvvəlində pensiyaların və fərdi hesablardakı pensiya kapitallarının indeksləşdirilərək artırılması təmin olunub. Ümumilikdə ötən 20 ildə minimum pensiya 14 dəfə artaraq 280 manata, orta aylıq pensiya 18 dəfə artaraq 435 manata, yaşa görə orta aylıq pensiya 19 dəfə artaraq 466 manata, əlilliyə görə orta aylıq pensiya 14 dəfə artaraq 366 manata, ailə başçısını itirməyə görə orta aylıq pensiya isə 19 dəfə artaraq 408 manata çatıb.
Pensiya üzrə ödənilən illik vəsaitlərin məbləği isə 30 dəfədən çox artaraq 5 mlrd. 907 mln. manata çatıb. Təkcə son bir ildə pensiyalar üzrə ödənişlərə ayrılan illik vəsaitdə 1 mlrd. manata yaxın, son beş ildə isə 2,4 mlrd. manat (70 faiz) artım olub.
Digər tərəfdən, 2003-cü ildə orta aylıq pensiya məbləği pensiyaçılar üçün yaşayış minimumundan 2 dəfə aşağı olduğu halda, hazırda bu məbləğ (435 manat) olmaqla pensiyaçılar üçün yaşayış minimumunu (199 manat) 2,2 dəfə üstələyir.
Minimum və orta aylıq pensiya məbləğlərinin Alıcılıq Qabiliyyəti Pariteti (AQP) əsasında hesablanmış AQP dolları ilə ifadəsində MDB ölkələri, Gürcüstan və Ukrayna üzrə müqayisə sıralamasında Azərbaycan müvafiq olaraq birinci və ikinci yeri tutub”, – deyə nazir bildirib./Modern.az