“Minimum pensiya və sosial müavinətlə bağlı sosial ədalət təmin olunmalıdır” – ARAŞDIRMAbackend

"Minimum pensiya və sosial müavinətlə bağlı sosial ədalət təmin olunmalıdır" - ARAŞDIRMA

Dünyəvi və demokratik ölkəni fərqləndirən cəhətlərdən biri cəmiyyətdə sosial ədalətin təmin olunmasıdır. Dövlət müstəqilliyinin əldə olunmasından sonra ölkəmiz də bu istiqamətdə müxtəlif proqramlar və tədbirlər kompleksi həyata keçirməkdədir. Bu məqsədlə hətta Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də yaradılıb.

Yoxsulluqla mübarizə aparmaq, hər kəs üçün bərabər iş imkanları yaratmaq, əməyin qiymətləndirilməsində ayrı-seçkiliyə yol verməmək və sair bu nazirliyin əsas funksiyalarından biridir. Elə son illərdə ölkəmizin ictimai-siyasi həyatında baş verən hadisələr də göstərir ki, bu dövlət qurumunun fəaliyyətindən çox şey asılıdır. Prezident İlham Əliyevin siyasi iradəyə söykənərək islahatlar kursuna üstünlük verməsi və dövlətimizin müstəqilliyinin möhkəmləndirilməsilə bağlı yürütdüyü siyasətə mane olmaq istəyənləri qətiyyətlə ətrafından uzaqlaşdırması həmin qüvvələrin məhz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yol verdiyi nöqsanlardan faydalanmağa can atdıqlarını nümayiş etdirir.

Təəssüflər olsun ki, bu nazirliyə rəhbərlik edən dövlət məmurları yol verdikləri bəzi qüsurlarla təmsil etdikləri hökumətə başucalığı gətirmirlər. Onların guya sosial ədalət naminə hökumətə təqdim etdikləri düşünülməmiş təkliflər və təşəbbüslər yürüdülən sosial-iqtisadi siyasətə, bütövlükdə isə müstəqil dövlətimizə böyük zərbə vurur. Bu məqamlarda insanlardan, xüsusilə də ahıllardan “bu da sizə müstəqillik, heyif deyildi sovetin vaxtı!” kəlməsini eşitmək çox ağır olur.

Saxta yolla təqaüd və ya əlillik dərəcəsi almaq istəyən fırıldaqçı insanları bir kənara qoyaq. Hərçənd onlara da bu yolda “yaşıl işıq” yandıran elə nazirlikdə fəaliyyət göstərən bəzi “işbaz” məmurlardır. Vaxtaşırı onların bəziləri ifşa olunub cəzalandırılsalar da, yenə də belə naqislər tapılır.

Söhbət son dönəmdə pensiya yaşına çatmış insanların əmək pensiyası ala bilməməsindən gedir. Məlumdur ki, “Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi iş stajının 12 ildən 25 ilə, pensiya yaşının 65-ə qaldırılması ilə nəticələndi. Əmək pensiyasına çıxmaq 25 illik iş stajının və ya sosial sığorta hesabında böyük bir vəsaitin olmasını tələb edirdi, əks halda yalnız 67 yaşına çatanda sosial müavinət almaq mümkün hesab olunurdu.

Lakin sonradan bu düzəlişlər bəzi dəyişikliklərə məruz qaldı. Pensiya yaşı çatmış, 25 il iş stajı olmayan, amma 2018-ci ilin 1 iyul tarixinədək sosial sığorta kartında cüzi vəsait olanlara minimum pensiya verilməsi qərara alındı. Nazirlik bunu 25 illik iş stajının həmin təqaüdçülərə hədiyyə edilməsi kimi izah etdi. Elə 67 yaşı da gözləməyə hacət qalmadı. 2020-ci il yanvarın 1-dən sosial müavinət ilə bağlı yaş həddi azaldılaraq pensiya yaşı ilə bərabərləşdirildi. Nəticədə 64,5 yaşına çatmış təqaüdçülərə 130 manat məbləğində sosial müavinət verilməyə başladı.

Amma burada bir incə məqam var. Təsəvvür edin, bir insan ali təhsil alıb, dövlət vəzifələrində və özəl qurumlarda müxtəlif vəzifələr tutub. Amma iş stajı yuxarıda sadalanan səbəblərdən 20 illə məhdudlaşdırılıb. 2006-cı ildən sonra çalışmadığı üçün də sosial sığorta hesabı yoxdur. 2016-cı ildə pensiyaya çıxmasına 1 il qalmış qanun dəyişdirilib. Bu şəxs 63 yaşında pensiya almaq əvəzinə 65 yaşında sosial müavinət almaq məcburiyyətində qalıb.

Maraqlı cəhət ondadır ki, ömründə bir gün işləməyən evdar qadınlar, illərini həbsxanalarda keçirib, azadlığa çıxan kriminal elementlər və heç olmasa 20 il çalışmış  ali təhsilli mütəxəssis də 130 manat məbləğində sosial müavinət alır. Bu, nə dərəcədə sosial ədalət prinsipinə uyğundur?

Ali təhsili olmayan, 8-9 illik iş stajına malik olan, amma sosial sığorta hesabında 600 manat vəsait olana 25 illik staj hədiyyə edilir və həmin şəxs minimum pensiya ilə təmin olunur. Amma ali təhsilli, 20 il ərzində dövlətinə müxtəlif vergilər verən, pensiya fonduna ödəmələr köçürən şəxs bu hədiyyəyə layiq görülmür. Hərçənd onun 20 il ərzində ödədiyi vergilərin həmin sosial sığorta hesabındakı cüzi məbləğdən daha çox olduğu şübhəsizdir.

2021-ci ilədək pensiyaya çıxacaq şəxslərə də 25 illik iş stajının hədiyyə olunması belə çətin idimi? Əlbəttə ki, yox. Çünki bunu əlahəzrət sosial ədalət tələb edir! Birinə hədiyyə edib, digərini dövlətindən narazı salmağa heç bir məmurun ixtiyarı yoxdur. Amma nazirlikdə bunu düşünən məmur, deyəsən, yox dərəcəsindədir.

Qeyd edək ki, bu nazirliyin təqaüdçülərə qarşı yol verdiyi ilk ayrı-seçkilik deyil. Arada ölkəmizdə pensiyaçıları iki yerə bölmüşdülər: 2006-ci ilə qədər və sonra pensiyaya çıxanlar. Onların təqaüdündə böyük fərq mövcud idi. Uzun illər iş yerlərində vicdanla, məsuliyyətlə çalışan müəllimlər, həkimlər, pilotlar və digər peşə sahibləri bu ağlasığmaz yanaşmanı heç cür anlaya bilmirdilər. Nazirliyin baş bəlasına çevrilmiş məmurları isə bunu pensiya islahatı kimi cəmiyyətə sırımağa çalışırdılar. Onlar bilərəkdənmi, ya bilməyərəkdənmi öz hərəkətləri ilə təmsil etdikləri hakimiyyətin nüfuzuna zərbə vurduqlarını, müxalifətin isə bundan yararlandığını, məsələni qabartmaqla insanları narazılığa doğru sürüklədiyini sanki başa düşməkdə çətinlik çəkirdilər.

Lakin ictimai rəyi nəzərə aldığını dəfələrlə sübut etmiş Prezident İlham Əliyev məsələyə müdaxilə etdi və pensiyaçıların təminatında məmurların üzündən yaranan ayrı-seçkiliyi aradan qaldırdı. Bununla da pensiyaçıların hüquqları bərpa edildi, sosial ədalət isə zəfər çaldı.

Təbii ki, hər bir sağlam vətəndaş əmək təqaüdü almaq haqqını özü qazanmalıdır. Bunun üçün illərlə çalışmaq, vergiləri, eləcə də pensiya fonduna köçürmələri ödəmək vacibdir. Zamanı gələndə də dövlət öz pensiyaçısına sahib çıxmalıdır. Amma ölkəmizin müstəqillik illərində keçdiyi yola bir daha nəzər salsaq, görərik ki, kataklizmlərin tüğyan etdiyi 90-cı illərdə iş yerlərinin bağlanması, bir çox özəl iş yerlərinin mövcudluğuna dair arxivlərdə sənədlərin olmaması, beləliklə, əmək stajına bu statistik rəqəmlərin düşməməsi müəyyən sübyektiv və obyektiv səbəblərdən işsiz və ailələrinin himayəsində qalmış ahıl şəxslərin günahı deyil.

Odur ki, hazırda 65 yaşında olan ahıllarımızın sosial müavinətlə deyil, minimum pensiya ilə təmin olunması sosial ədalətin böyük təntənəsi ola bilər və cəmiyyətdə mövcud olan bu narazılığı tamamilə aradan qaldırar. Çünki biz Dövlətimizlə və Xalqımızla birlikdə güclüyük!

Xatirə Sadiq,

KONKRET.az

  • İsrafilov rövşən
    İyun 23, 2020 - 19:03

    Salam ƏƏSMF du hər şeyi bəyənirik sizin bu xalqa olan sevginizi çox sağ olun sizdə dövlətimizdə Amma bir kəlmə söz demək istəyirəm belə dürüstsünüzsə hakkı görün bizi Bu Dövlətin qalması üçün canını verən ancaq vətəni düşünüb özünü qurban verən Qarabağ döyüşçülərinə nə verirsiz 80 manat adam utanır xəcalət çəkir bu nə nədi Böyük vətən Müharibəsində vuruşanlara 1500 manat verirsiz amma öz torpağı üçün döyüşənlərə 80 manat bu necə ədalətdi 28 ildi Rusyadan evimi atıb vətəni qorumağa ğəldim o gündən bu günə kimi evsiz qalmışıq oğlanlarım kirayədə sosial ədalət budumu

  • İsrafilov rövşən
    İyun 23, 2020 - 19:17

    Salam ƏƏSMF du hər şeyi bəyənirik sizin bu xalqa olan sevginizi çox sağ olun sizdə dövlətimizdə Amma bir kəlmə söz demək istəyirəm belə dürüstsünüzsə hakkı görün bizi Bu Dövlətin qalması üçün canını verən ancaq vətəni düşünüb özünü qurban verən Qarabağ döyüşçülərinə nə verirsiz 80 manat adam utanır xəcalət çəkir bu nə nədi Böyük vətən Müharibəsində vuruşanlara 1500 manat verirsiz amma öz torpağı üçün döyüşənlərə 80 manat bu necə ədalətdi 28 ildi Rusyadan evimi atıb vətəni qorumağa ğəldim o gündən bu günə kimi evsiz qalmışıq oğlanlarım kirayədə sosial ədalət budumu yaşayırlar 11 ildi Qaradağ RİH nin 1 şöbəsi məni get gələ salıb İcra Hakiminin başçısı məni mənzillə təmin olunmaq hakda sərəncam yəni qərar verib hələ 11 ildi 1 sot torpağ belə verməyiblər məndə evimi yaşadığım yeri atıb bu dövlətə torpağa görə gəlmişəm ilk döyüşə gedənlərdən biridə mənəm sizə görə vuruşmuşuq indi baxın yoxlayın hər şeyi demək istəmirəm çünkü hələ müharibə bitməyib bəlkə yenə vətənə lazım oldum

  • Omer
    İyun 23, 2020 - 19:39

    Heleki hec bir edalet berqerar olmayib. Ele o dediyiniz pilotlarinda ve basqa guzestli pensiyacilarinda haqqi genius suretde taptanir. Eger guzestli sertlerle pensiyalarin hesablanmasi a newer salsaniz haqsizligi gorersiz

  • Buludxan
    İyun 30, 2020 - 01:37

    Salam! Mənəm yazım “keçi can hayında, qəssab piy axtarır” na oxşamasın! Mənim bir dərdim, 190 manat dərdidir! 190 manatın verilməsinə başlanarkən mənə SMS gəldi, “sizin VÖEN iz olduğu üçün yardım verilməyəcək”. Hansı ki, 5 ay əvvəl VÖEN in tamam ləğvi haqqında vergiyə ərizə vermişdim, onlar isə ləğv etməyiblər. Ümumiyyətlə, ləğv etməsələr belə hec bir fəaliyyətim olmamalıdır, onu yalnız asan imza üçün almışdım. Məlum səbəblərə görə vergi ilə əlaqə saxlaya bilmədim, may ayında ləğv edilməmiş VÖEN in fəaliyyətini 2025 ci ilə qədər fəaliyyətini dondurdum!!! ƏƏSMN nə bir dəfə onlayn qaydada, bir dəfədə sifarişli məktubla müraciət etmişəm, hələ də cavab ala bilməmişəm!
    2018 ci ilin iyun ayından Sabunçu r-nu MM də işsiz kimi qeydiyyatdayam, heç bir yerdən gəlirim yoxdur, tək yaşayıram (subay), adıma torpaq sahəsi, daşınmaz və daşınan əmlak yoxdur!!!
    Sadəcə bilmək istəyirəm, nə üçün ƏƏSMN yi mənə 190 manatı vermir və mənim müraciətlərimi cavablandırmır! Məndə Azərbaycan Respublikasının vətəndaşıyam! Məsləhət verin: Mən nə edim???

Omer üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*