Minsk və İrəvan Bakıya QARŞI: Zəngəzur dəhlizini belə “VURMAQ İSTƏYİRLƏR”backend

Minsk və İrəvan Bakıya QARŞI: Zəngəzur dəhlizini belə "VURMAQ İSTƏYİRLƏR"

“Belarusun Ermənistan vasitəsilə İran və Fars körfəzinə çıxış axtarışı postsovet məkanında yeni geosiyasi cizgilərin yaranmasına səbəb ola biləcək mühüm tendensiyadır. Bu marşrut ilk növbədə Belarusun Qərbin sanksiyaları altında iqtisadi manevr imkanlarını genişləndirmək məqsədini daşıyır. Belarus üçün Ermənistan–İran xətti həm enerji, həm də logistika baxımından əlavə alternativ açır. Bununla Minsk həm Avropa bazarlarına qarşı asılılığını azaldır, həm də Avrasiya İttifaqı daxilində öz mövqelərini möhkəmləndirməyə çalışır”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Züriyyə Qarayeva səsləndirib.

ABŞ-la yeni mərhələ praktik reallığa çevrilə bilər” - YENİ MƏQAMLAR |  KONKRET

“Region miqyasında bu təşəbbüs bir neçə yeni güc balansını formalaşdıra bilər. Bir tərəfdən, Ermənistan İran üzərindən beynəlxalq tranzitdə önə çıxaraq regional izolyasiyasını zəiflətmək imkanı əldə edir. Digər tərəfdən, İran üçün də Belarus kimi aktorların cəlb olunması sanksiyalara qarşı yeni iqtisadi nəfəsdir. Bu proses Rusiyanın da maraqlarına uyğundur. Çünki Moskva Qərb sanksiyalarına qarşı alternativ iqtisadi yolları təşviq edir. Nəticədə, İran–Ermənistan–Belarus xətti Avrasiya məkanında yeni iqtisadi-siyasi platformanın yaranmasına zəmin hazırlayır”.

Politoloqun sözlərinə görə, bu marşrutun Ermənistan üzərindən keçməsi Azərbaycanın regional tranzit təşəbbüslərinə müəyyən rəqabət yarada bilər.

“Azərbaycan uzun müddətdir ki, Zəngəzur dəhlizi ideyasını gündəmdə saxlayır və bu dəhliz vasitəsilə həm Türkiyəyə, həm də daha geniş Orta Asiya bazarlarına birbaşa çıxışı təmin etmək istəyir. Ermənistan üzərindən Belarus–İran marşrutu aktuallaşarsa, Bakı üçün prioritet olan Zəngəzur dəhlizinə siyasi müqavimət daha da güclənir. Ermənistan Minsk və Tehranla əməkdaşlığı önə çəkərək Azərbaycanın təşəbbüsünü balanslaşdırmağa çalışır. Eyni zamanda, Azərbaycan üçün bu vəziyyət həm risk, həm də fürsət yaradır. Risk ondan ibarətdir ki, Ermənistan öz tranzit imkanlarını artıraraq Zəngəzur dəhlizinə alternativlər təklif irəli sürə bilər. Fürsət isə ondan ibarətdir ki, regiondakı tranzit marşrutlarının çoxalması Azərbaycanın “Cənubi Qafqazın əsas tranzit mərkəzi” statusunu tamamilə zəiflətmir, əksinə, Bakı üçün yeni müqayisəli üstünlüklər yaratmaq imkanı verir. Azərbaycanın Türkiyə, Gürcüstan və Orta Asiya ilə qurduğu möhkəm logistika xətləri hələ də regionun ən etibarlı tranzit arteriyası olaraq qalır.”.

Z.Qarayeva əlavə edib ki, beləliklə, Belarusun Ermənistan üzərindən İran və Fars körfəzinə çıxış cəhdləri regionda Moskvanın dəstəklədiyi alternativ Avrasiya marşrutlarını gücləndirir.

“Lakin Azərbaycanın Zəngəzur dəhlizi ideyası və mövcud enerji-nəqliyyat layihələri regional rəqabətdə strateji üstünlüklərini qorumağa imkan verir. Bu proses gələcəkdə Cənubi Qafqazda tranzit diplomatiyasının daha da sərtləşəcəyini göstərir”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*