MİQ-də şəhid ailələrinə güzəşt təhsildə boşluq yarada bilərmi?backend

MİQ-də şəhid ailələrinə güzəşt təhsildə boşluq yarada bilərmi?

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na əsasən müəllimlərin işə qəbulu ilə bağlı vakansiya seçimi mərhələsində müsabiqədə vakant yerlər minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinə verilir.

İmtahan verən bir qrup müəllim isə şəhid ailəsi üzvlərinin birinci vakant yer seçməyə buraxılmasını doğru hesab etmirlər. Yüksək nəticə göstərib lakin işlə təmin oluna bilməyənlər bunu özlərinə qarşı ədalətsiz yanaşma hesab edilər.

Minimum tələbi ödəyən bu müəllimlərin verəcəyi biliyin gələcəkdə təhsildə boşluqlar yaradacağını düşünənlər də az deyil.

Mövzu ilə bağlı KONKRET.az ekspertlər arasında sorğu keçirib.

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov hesab edir ki, şəhid ailəsi üzvlərinə edilən güzəşt təhsildə boşluqlara yol açmayacaq:

“MİQ müvafiq qaydada mərkəzləşmiş formada həyata keçirilir. Vakant yer seçmə üstünlüyü şəhid ailəsi üzvlərinə verilir. MİQ müsabiqəsində qazandığı bal 1,5 əmsala vurularaq hesablanır. Bu güzəştlər hərbçi yoldaşı olanlara da şamil olunur. Yüksək bal toplayan namizədlərə bunun problem yaradacağını düşünmürəm. Çünki şəhid ailə üzvləri o qədər çox deyil. Güzəştlərin tətbiqi 1,1 artım əmsalı ilə hesablanırsa, bu keyfiyyətə o qədər də təsir göstərmir. Yüksək bal toplayanlar daha çox Sumqayıt, Bakı, Abşeronu seçdikləri zaman problem yaşana bilər. Çünki bu zaman ən yüksək göstərici kimdədirsə, o, işlə təmin ediləcək, digərləri kənarda qalacaq. Minimum şərtləri qarşılamayanlar vakant yer seçiminə buraxılmır. Yalnız bu tələbi qarşılayanlara güzəştlər şamil oluna bilər. Biz şəhid ailələrinə mümkün olan güzəştləri etməliyik. Bu o demək deyil ki, gələcəkdə təhsildə boşluqlar yaranacaq”.

Təhsil eksperti Elçin Muradın qənaətinə görə, minimum tələbi qarşılayan şəhid ailəsi üzvü işlə təmin olunduqdan sonra sertifikasiyaya cəlb olunmalıdır. Çünki bu proses müəllimin fəaliyyətini təkmilləşdirəcək:

“Şəhid ailəsinin üzvləri hər nə qədər sosial həssas təbəqəyə aid olsalar da, onlara imtiyaz verməklə prosesdən kənara atmaq olmaz. İşlə təmin olunduqdan sonra bu müəllimlər sertifikasiyaya cəl edilməlidir. Çünki bir məktəbin şagirdlərinin sayı bir cəmiyyət deməkdir. Biz cəmiyyətin kor-koranə yetişməsini göz ardı edə bilmərik. Müəllim olmaq üçün imtahanla yanaşı müsahibə mərhələsində namizədlərin pedaqoji, psixoloji vəziyyəti yoxlanılmalıdır. Diplomunda müəllim adı yazılan hər kəs müəllim ola bilmir. Müəllimlik elə bir şeydir ki, həm güclü psixoloq, güclü aktyor, həm də şəxsiyyət olmalıdır. Şəhid ailəsi üzvlərini məktəbdə başqa işlərlə də təmin etmək olar. Ölkəmizdə çox sayda iş sahələri var. Həmin müəllimlər məktəbdə başqa vəzifədə işlə təmin olunub, daha sonra yenidən imtahan verərək yüksək göstərici ilə müəllim kimi fəaliyyət göstərə bilərlər”.

Təhsil eksperti Ramin Nurəliyevin qənaətinə görə, şəhid ailəsi üzvləri imtahan edilmədən birbaşa vakant yer seçim mərhələsinə buraxılıb, işlə təmin olunmalıdır:

“Şəhid ailəsi üzvünün başçısı torpaqların bütövlüyü uğrunda həlak olub. Onun xanımının ailəsini dolandırmaq üçün iş yeri olmalıdır. Buna görə də şəhid ailəsi onlar üçün yaradılan bu imtiyazdan yararlanmalıdır. Burada hər hansı anlaşılmazlıq yoxdur. Mənim fikrimcə, onlar imtahan vermədən birbaşa vakant yer seçiminə buraxılmalı və işlə təmin edilməlidir. Dövlət də mütləq diqqət və qayğı göstərməlidir və bunu da edir. Məncə, bu doğru addımdır. Az bal toplayan elə müəllim var ki, yüksək bal toplayan müəllimdən yaxşıdır. Bu amillər təhsildə boşluqların artmasına gətirib çıxarmayacaq, əksinə müsbət təsiri olacaq. Çünki şəhid ailə üzvü vətənpərvər ruhda şagirdlər yetişdirəcək”.

Aygün Mirakif

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*