Mirzə Xəzərin səsi Kremlin açdığı atəş səslərindən daha güclü idi…backend

Mirzə Xəzərin səsi Kremlin açdığı atəş səslərindən daha güclü idi...

Eldar Sabiroğlu

Xatirələrimdə Mirzə Xəzər həmişə belə qalacaq: onun səsi ən güclü silahdan belə böyük gücə sahib idi. Mirzə Xəzər Azərbaycan tarixinə öz imzasını bu cür qoyub. Onun ölümünü ürək ağrısı ilə qəbul etdim. Millət olaraq bu işıqlı insana borcumuz çoxdur. Lakin heç bir zaman o, bunu bizim başımıza vurmadı. Ondan giley-güzar eşitmədik. Əksinə həmişə özünü xalqı qarşısında borclu saydı.

İlk dəfə Mirzə Xəzərin həyəcanlı, dəniz dalğaları tək kükrəyən səsini rus qoşunlarının 20 yanvar 1990-cı ildə Bakıda günahsız insanların qanını axıdan gün Azadlıq radiosundan dinlədim. O səs İkinci Qırmızı Ordunun tanklarından atılan mərmilərin səsindən daha güclü, daha öldürücü idi. HKVD bütün vasitələrlə Mirzə Xəzərin səsini batırmağa, “Azadlıq” radiosunun dalğaları ilə dünyanı lərzəyə salan yaydığı xəbərlərin qarşısını almağa çalışsa da, bacara bilmirdi. Onun əlindəki qələmin gücü basqınçı rus əsgərinin əlindəki silahın gücündən daha güclü göründü. Mirzə Xəzər Bakı qırğını haqda Kremlin törətdiyi amansız vəhşiliyi dünyaya çatdırarkən Mərkəzin qardaşlıq və bərabərlik ideyalarının nə qədər yalan və çürük siyasət üzərində qurulduğunu alt-üst elədi. Qanlı 20 Yanvar hafizəmdə həm də Mirzə Xəzərin səsi ilə qalıb…

Biz sıradan birini itirmədik. Xalqın çarəsiz durumda olduğu o faciəli günlərdə Azərbaycanın haqq səsini bütün dünyaya çatdıran yeganə jurnalistimizi, böyük xəbər ustadımızı, canı və qanı ilə Azərbaycanı sevən qardaşımızı itirdik. Allah rəhmət eləsin!!! Məzarı nurla dolsun!!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*