İstifadəçilərdən xəbərsiz nömrələr niyə satılır? – PROBLEMbackend

İstifadəçilərdən xəbərsiz nömrələr niyə satılır? - PROBLEM

Tez-tez vətəndaşlar tərəfindən ödəniş edilərək alınan mobil nömrələr yenidən satışa çıxarılır ki, bu da haqlı şikayətlərə səbəb olur. Mobil telefon nömrələrinə uzun müddət kontur vurmayan istifadəçilərdən xəbərsiz nömrələr satışa çıxarılır. Bəs görəsən ödəniş edib aldığımız mobil nömrələrin bizdən xəbərsiz satışa çıxarılması doğrudurmu?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablayan hüquqşünas Ramil Süleymanov bildirdi ki, tərəflər arasında imzalanan abunəlik müqaviləsində bununla bağlı məlumat qeyd olunub:

 

“Mobil nömrələrin istifadəsi abunəlik müqavilələri əsasında həyata keçirilir. İstifadəçilər ilə mobil operatorlar arasında abunəlik müqavilələri imzalanır. Həmin müqavilədə isə bununla bağlı məlumat qeyd olunur. Abunəlik müqaviləsi müəyyən səbəblərə görə pozula bilir. Bu səbəblər isə müqavilədə öz əksini tapır”.

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynovun fikrincə, telefon nömrəsinin satışa çıxarılması istehlakçıların hüquq pozulmasıdır:

Eyyub Hüseynov: "Azad İstehlakçılar Birliyi"nə şikayət gəlir ki, malın müddəti bitməyib, amma mal xarab olub"

“Ola bilər ki, bazara yeni operator daxil olduqca vəziyyət yaxşılaşsın, lakin hər yeni operator köhnələri ilə əlaqə yaradıb istifadəçilərin hüquqlarını pozurlar. Sanki mobil operatorlarla telefon istifadəçiləri arasında gizli əlaqə var. Bəzi funksiyalara toxunmadan belə problemlər yaşanır. Telefon nömrələrinin satışa çıxarılmasını incələsək, görərik ki, operatorlar tərəfindən təqdim olunan sənəddə bununla bağlı şərt qoyulub. Təəssüflər olsun ki, hökumətin istehlakçıların hüquqlarının qorunması sahəsində siyasəti zəifdir və mobil operatorlar da bundan məharətlə istifadə edirlər. İstifadəçilərin pul verib aldığı nömrələrin satışa çıxarılması ilə bağlı şikayətlər barəsində Azad İstehlakçılar Birliyinə də zənglər daxil olur. Biz mobil operatorlarla danışıq aparmaq istəsək də, bu, mümkün olmur. Aidiyyəti orqanlar istehlakçıların səsinə səs vermir, onların hüquqlarını qrumaqda həvəsli görünmür. Bu isə istehlakçılarının hüquqlarının pozulması deməkdir”.

Onun sözlərinə görə, bu kimi halların baş verməməsi üçün bazarda operator sayı çox olmalıdır:

“Bazarda fəaliyyət göstərən operator sayı çox olmalıdır. İstehlakçıya ona lazım olan formada xidmət göstərən operatoru seçmək şansı yaradılmalıdır. Operatorlar sayı az olduğu üçün istehlakçıların hüquqlarının pozulması halları geniş vüsət alıb”.

Aygün Mirakif,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*