Monteneqroda həftə sonu baş verən zorakılıq hadisələri nəticəsində onlarla Türkiyə və Azərbaycan vətəndaşı saxlanılıb. Hadisə qadını müdafiə edən monteneqrolu kişinin bir qrup türk tərəfindən döyülərək bıçaqlanmasından sonra baş verib. Bunun ardınca yerlilərlə türklər və azərbaycanlılar arasında qarşıdurma yaranıb.
Hadisədən sonra Monteneqro hökuməti Türkiyə vətəndaşları üçün vizasız rejimin müvəqqəti dayandırılması barədə qərar qəbul edib.
Mövzu ilə bağlı KONKRET.az-a danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, baş verən hadisə həm Monteneqroda yaşayan türklər, həm də azərbaycanlılar üçün ciddi nəticələr doğura bilər:

“Azərbaycan və Türkiyə Monteneqroya ən çox sərmayə qoyan ölkələrdəndir. Lakin bu, heç kimə özbaşınalıq etməyə əsas vermir. Nəyə görə türklər Almaniyada, Avstriyada, ABŞ-da və İngiltərədə belə davranmır? Zəngin ölkələrdə qaydalara əməl edirlər, amma kasıb ölkədə vəhşi kimi davranırlar. Belə hallarda biz onların yanında olmamalıyıq. Əks halda, bizim də vizasız rejimimizi dayandıra bilərlər.”
Ekspert əlavə edib ki, oxşar hallar əvvəllər də digər ölkələrdə – Özbəkistanda və Qazaxıstanda türk vətəndaşlarının yerli əhaliyə qarşı etik qaydaları pozması ilə bağlı baş verib və bu, münasibətlərdə gərginliyə səbəb olub.
Hazırda Monteneqro hüquq-mühafizə orqanları insidentlə bağlı araşdırma aparır.
Müşviq Tofiqoğlu
KONKRET.az
