“Moskva quzu dərisi geymiş Arayikin göz yaşlarına inanmır” – AÇIQLAMAbackend

"Moskva quzu dərisi geymiş Arayikin göz yaşlarına inanmır" - AÇIQLAMA

Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev açıqlama ilə çıxış edib.

KONKRET.az həmin çıxışı təqdim edir:

Ermənistanın işğal edilmiş Azərbaycan ərazilərində yaratdığı qondarma kriminal xuntanın rəhbəri kimi özünü təqdim edən A.Arutunyanın Rusiya Prezidentinə məktubu etik normalardan kənardır.

A.Arutunyanın məktubunda tarixi, siyasi və hüquqi faktlar təhrif olunmuşdur. A.Arutunyanın Qarabağ məliklikləri haqda iddiaları əsassız və saxtadır. Ona xatırlatmaq istərdim ki, 1805-ci ildə Rusiya ilə Kürəkçay traktatını məhz Qarabağ xanı, azərbaycanlı  İbrahimxəlil xan imzalamışdır.

Şuşadan olan məcburi köçkün kimi məni və 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünü Ermənistanın və qondarma rejimin bu ağ yalanları qəti şəkildə hiddətləndirir.

Ermənistan və kriminal xunta 80-ci illərin sonlarında Xankəndidə azərbaycanlılara qarşı  poqromlar törətdilər. 1992-ci ildə Xocalıda qadın və uşaqlar da daxil omaqla 613 nəfər dinc sakini bir gecənin içində amansızcasına qətlə yetirdilər və Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirdilər. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf işğal olunmuş rayonlarında, o cümlədən Azərbaycan xalqının mədəni və mənəvi incisi olan Şuşa şəhərində bizə qarşı etnik təmizləmə, insanlıq əleyhinə cinayət əməlləri törədilmişdir.

Azərbaycan xalqının Qarabağda olan zəngin maddi-mədəni irsi dağıdılmış və talan edilmişdir. Hətta Şuşadakı tarixi rus provoslav kilsəsi erməni vandalizmi və talanından kənarda qalmayıb və daha sonra dəyişdirilərək erməni kilsəsinə çevrilmişdir.

Moskva göz yaşlarına inanmır! Quzu dərisinə girmiş canavar kimi A.Arutunyan və onun kimi quldurların 80-ci illərin sonunda törətdikləri terrorun ilk qurbanları sovet-rus əsgərləri və milis işçiləri olmuşdur. 1991-ci ildə Azərbaycanlı jurnalist xanım Salatın Əsgərova ilə birgə öldürülən rus zabit və əsgərləri bunun bariz nümunəsidir. Bəlkə sizlərə terror vasitəsilə dəfələrlə öldürməyə çalışdığınız və 1993-cü ildə Şimali Osetiyada qətlə yetirdiyiniz, Əfqanıstan müharibəsini keçmiş Viktor Polyaniçkonu xatırladaq?! 1991-ci ildə Qarakənddə ermənilər tərəfindən vurulmuş vertolyotda Rusiya və Qazaxıstandan olan İqor Plaviski, Saylau Serikov, Sergey İvanov, Nikolay Jinkin, Mixail Lukaşov, Oleq Koçerev, Vladimir Kovalyov kimi yüksək rütbəli zabitlər də qətlə yetirilmişdir. Yoxsa qətlə yetirdiyiniz əksəriyyəti etnik rus olan çoxsaylı SSRİ daxili qoşunlarının zabit və əsgərlərini xatırladaq?!

Azərbaycanlılarla bərabər Qarabağda bu gün bir nəfər rus, slavyan mənşəli adam qalmayıb, etnik təmizləməyə məruz qalıblar. Bu gün Qarabağda yaşayan erməni əhalisi Ermənistanın və A.Arutunyan kimi kriminal quldurların zülmü altında yaşayır. Xankəndidən seçilmiş millət vəkili kimi Qarabağdan olan ermənilərin mənə ünvanladıqları iztirablı müraciətləri bunu açıq şəkildə göstərir.

Bu müraciətlə A.Arutunyan qatı Sorosçu Nikol Paşinyan kimi hər vəchlə Rusiyanı münaqişəyə cəlb etmək istəyir. Ermənistan ərazisindən Azərbaycanın cəbhə zonasından çox uzaqda yerləşən Gəncə, Xızı, Siyəzən, Mingəçevir şəhərlərinin ballistik raketlərlə vurulması da bu məqsədə xidmət edir. Lakin Rusiya Sorosun marioneti olan Paşinyanın bu kimi hiylələrinə uymadı.

Bizim Dağlıq Qarabağda yaşayan erməni əhalisi ilə heç bir problemimiz yoxdur. Biz 27 sentyabrdan əvvəl də dəfələrlə Dağlıq Qarabağın erməni icmasına sülh və birgə yaşayış üçün dialoq təklif etmişdik. Lakin Ermənistan və qondarma qurum bunu qəbul etmədi, hətta Dağlıq Qarabağın azərbaycanlı icmasının mövcudluğunu belə inkar etmişdir. Dialoq təklifimiz bu gün – Azərbaycanın öz ərazilərini işğaldan azad etdiyi zamanda da qüvvədədir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Dağlıq Qarabağın erməni mənşəli icması Azərbaycanın tərkibində azərbaycanlı icması ilə birgə yaşayacaq və ölkənin iqtisadi imkanlarından bəhrələnəcəklər.

Ermənistan və A.Arutunyan kimi quldurlar sülh istəyirlərsə onda işğalçı qoşunlar BMT Təhlükəsizlik Şurasının 822, 854, 874, 884 saylı qətnamələrinə uyğun olaraq işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır.

Bir daha Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq erməni icması ilə ölkəmizin ərazi bütövlüyü çərçivəsində sülh və birgə yaşayışa hazır olduğumuzu bəyan edirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*