“Xomenei Baş Qərargaha və SEPAH-a yeni komandan təyin etməklə İsrailin hücumu nəticəsində Məhəmməd Baqeri və Hüseyn Salaminin öldürüldüyünü təsdiqlədi. Baqeri “İran ordusu və SEPAH döyüş hazırlığının zirvəsindədir” açıqlamasını vermiş, Səlami də İsraili hədələmişdi. İsrail bu şəxsləri aradan qaldırmaqla həm təhdidə cavab vermiş oldu, həm də İran ordusu və SEPAH-a vura biləcəyi zərbəni nümayiş etdirdi. Analoji addımların yeni təyin olunan komandanlara qarşı da atılacağı gözləntisi böyükdür”.
KONKRET.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Asif Nərimanlı səsləndirib.
O bildirib ki, Baqeri və Salaminin ölümü İranın hərbi elitasında balansa təsir edə bilər. Burada önəmli məqam post-Xomenei dövrünə hazırlığın konturlarında mümkün dəyişikliklərdir:
“İranda rejimin qorunması məqsədilə hakimiyyətin hərbi elitaya ötürülməsi variantlardan biri kimi nəzərdən keçirilir. Post-Xomenei dövrünə hazırlıq, o cümlədən, Məhsa Aminin ölümündən sonra təkcə cəmiyyətdə yox, elitada da daxili parçalanmaların ortaya çıxması bu məsələni daha da aktuallaşdırdı. SEPAH bu prosesdə daha aktiv şəkildə hərəkət edir, hətta Xomeneiyə qarşı mövqelərin olduğu haqda məlumatlar vardı. Pezeşkianın prezident olmasında Xomeneinin məhz SEPAH-a “hələ ölmədiyini” göstərməsi də səbəblərdən biri kimi qiymətləndirilir”.
Ekspertin sözlərinə görə, post-Xomenei dövrünə hazırlıqda SEPAH-la milli ordu arasında müəyyən qarşıdurma müşahidə edilir:
“Baqeri isə SEPAH keçmişinə malik olsa da, bu prosesdə milli ordunun lideri rolunda çıxış edirdi. Baqeri SEPAH-ın Azərbaycana qarşı radikal münasibəti qarşısında da loyal yanaşması ilə balansı qoruyanlardan olub. Hətta SEPAH-ın İsraillə müharibə ssenarisində Azərbaycanı hədəfə almaqla bağlı daha öncə yayılan məlumatların azərbaycan əsilli Baqerinin liderlik etdiyi hərbi elita tərəfindən sızdırıldığı ehtimalları mövcuddur. Baqerinin ölümü hərbi elitada SEPAH-ın mövqelərini gücləndirəcək amildir. Salami aradan götürülsə də, bu, daha mütəşəkkil struktur olan SEPAH mövqelərinə daha az təsir edə bilər. Hərçənd, hər şeyİ, yəni İranın gələcəyini, post-Xomenei dövrünün olub-olmayacağını müharibənin nəticələri müəyyənləşdirəcək”.
Müşviq Tofiqoğlu
KONKRET.az