MTN generalının məhkəməsində QALMAQALbackend

MTN generalının məhkəməsində QALMAQAL

Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə proses davam edir. 

KONKRET.az qaynarinfo-ya istinadən xəbər verir ki, 11 aya yaxındır davam edən proses yekunlaşmaq üzrədir. Artıq dövlət ittihamçısı hər təqsirləndirilən şəxslərə cəza istəyib. O, Mövlam Şıxəliyevin 14, Vüsal Ələkbərovun 15, Yasin Məmmədovun 12, Sahib Ələkbərovun isə 10 il müddətinə azadlıqdan məhrum edilmələrini tələb edib.

Sentyabrın 15-də keçirilən prosesdə hakim Elbəy Allahevrdiyev ilk olaraq sözü Mövlam Şıxəliyevə verib. Təqsirləndirilən çıxışa hazır olmadığını bildirsə də, hakim onunla razışmayıb. Mövlam Şıxəliyevdən məhkəmədə son sözünü deməsini, ittihamlara münasibətini açıqlamasını istəyib.
Hakimin təkidindən sonra təqsirləndirilən çıxışa başlayıb.

3 saata yaxın davam edən son sözü zamanı Mövlam Şıxəliyev Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinin ona qarşı qərəzli mövqedə dayandığını bir neçə dəfə vurğulayıb. İttihamların saxta olduğunu, işdəki sübutların saxtalaşdırıldığını deyən təqsirləndirilən bildirib ki, cinayət işi üzrə zərərçəkənlərlə bağlı vaxtilə rəhbərlik etdiyi idarənin qərarı əsasında verilimiş məhkəmə tibb ekspertizası rəyləri qüvvədədir. Bundan başqa MTN Baş İstintaq İdarəsində istintaq olunan cinayət işləri üzrə hazırda zərərçəkən statusunda olan şəxslər barəsində ittihamedici hökmlər də mübahisələndirilməyib, qüvvədədir.

Mövlam Şıxəliyev deyib ki, belə olduğu halda ona həmin cinayət işləri üzrə məhkum olunmuş şəxslərlə bağlı ittihamların verilməsi qanunsuzdur. Ona Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) və 341-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham verilib. Halbuki həmin maddələr üzrə cəlbetmə müddəti bitib və buna görə də həmin maddələr üzrə ittiham xitam olunmalıdır.

Cinayət Məcəlləsinin 182-ci (hədə qorxu ilə tələb etmə) maddəsi üzrə özünü təqsirli bilməyən Mövlam Şıxəliyev deyib ki, o, zərərçəkənlərdən heç birinə hədə-qorxu gəlməyib. Onun xahişlərini zərərçəkənlər hədə-qorxu kimi anlayıblar. Bu baxımdan ona Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə ittiham doğru verilməyib.

Mövlam Şıxəliyev deyib ki, Baş İstintaq İdarəsində çıxarılan hər bir qərar 24 saat ərzində Baş prokurora məruzə olunub. Onun sözlərinə görə, cinayət işinin başlanması, vətəndaş barəsində cəlbetmə, qəti-imkan tədbirinin seçilməsi, ittiham aktının təsdiqlənməsi baş prokurorun səlahiyyətində olub.

MTN Baş İstintaq İdarəsinin rəisi olaraq onun vəzifəsi inzibatçılıqdan ibarət olub. Prosessual şəxs olmadığını, verilən tapşırıqları müstəntiqlərə çatdırdığını, tapşırıqların icrasına nəzarət etdiyini deyib.

Mövlam Şıxəliyev Baş prokuror Zakir Qaralovun, onun 1-ci müavini Rüstəm Usubovun MTN İstintaq İdarəsində istntaq olunan cinayət işlərinə birbaşa nəzarət etmək səlahiyyətində olduqlarını hakimin diqqətinə çatdırıb. O, hər bir epizod üzrə ittihamlara toxunaraq özünün günahsız olduğunu sübuta yetirməyə çalışıb.

Zərərçəkən şəxs Hüseyn Səfərovun epizodundan danışarkən onu tanımadığını, onunla görüşmədiyini deyib. Hüseyn Səfərov isə Mövlam Şıxəliyevi yalan danışmaqda ittiham edib:

“Kişiliyin olsun, düz danış. Biz bu gün də çöldə, kirayələrdə qalmışıq. Məni MTN-də 76 gün girov saxladız, ailəmdən 3 milyon dollar tələb etdiz. Oğlum, qızım öz evlərini, mənim evimi, maşınlarımızı, qızıl-zinət əşyalarını satdılar, borc alıb 2 miyon dolları gətirib Vüsala verdilər. Vüsal da səninlə əlaqə saxladı, ona dedin ki, pulu gətir. Mən Vüsalın kabinetində idim. Məni səhərdən axşama qədər kabinetdə saxlayırdız ki, ölüb eləməyim, pul əlinizdən çıxmasın. Məni düz 3 dəfə kabinetində qəbul eləmisən, pulu tələb etmisən”.

Hakim Elbəy Allahverdiyev Hüseyn Səfərovu təhqir etməməyə çağırıb, nəzarətçilərə onu məhkəmə zalından çıxarmalarını tapşırıb.

Hüseyn Səfərov Mövlam Şıxəliyevi düz danışmağa dəvət edərək, onun özünə və ailəsinə qarşı cinayətlərinə görə bu gün də kirayələrdə yaşadığını deyib. Nəzarətçilər Hüseyn Səfərovu məhkəmə zalından çıxarıblar.

Mövlam Şıxəliyev zərərçəkən Elvar Əliyevin epizodundan danışarkən də oxşar situasiya yaşanıb. Elvar Əliyev Mövlam Şıxəliyevi yalan danışmaqda ittiham edib:

“Məni qanunsuz olaraq, sifarişlə həbsə aldız, həbsdə saxladız. Həbsdə mənə dərman belə verilməsinin qarşısın aldız. Buna görə gözüm tam olaraq tutuldu. Bu gün də gün işığına həsrətəm. Bunu da danmaq istəyirsən?!”

Hakim nəzarətçilərin köməyi ilə zərərçəkəni sakitləşdirib.

Mövlam Şıxəliyev deyib ki, Baş prokuror Zakir Qaralovla Rüstəm Usubov istintaqa nəzarət edən vəzifəli şəxslər olublar. Onun sözlərindən belə anlaşılıb ki, əgər ortada qanunsuzluq, cinayət olubsa, hər ikisi istintaqa nəzarət edən vəzifəli şəxslər kimi bunu görməli, bilməli və aradan qaldırmalı idilər.

Mövlam Şıxəliyev vurğulayıb ki, Zakir Qaralovla Rüstəm Usubov ibtidai istintaq dövründə dindirilməyiblər deyə bu məsələ də araşdırılmamış qalıb. Üzünü hakimə tutan təqsirləndirilən şəxs hər iki vəzifəli şəxsin məhkəmədə dindirilməsinə şərait yaratmadığını da xüsusi olaraq vurğulayıb.

Mövlam Şıxəliyev çıxışının sonunda bildirib ki, onun əməllərində cinayət tərkibi yoxdur. Hakimdən xahiş edib ki, barəsindəki cinayət işinə xitam verilsin və barəsində bəraət hökmü çıxarılsın.

Bundan sonra təqsirləndirilən Yasin Məmmədova son söz deyib.

Çıxışına uzun illər Rusiyada işləməsi, Azərbaycana gəlib MTN-də vəzifə pillələrində yüksəlməsindən söz salmaqla başlayan Yasin Məmmədov dövlət qarşısında xidmətlərini xüsusi vurğulamaqla 2020-ci ildə polkovnik-leytenant rütbəsində təqaüdə çıxdığını deyib. Təqsirləndirilən şəxs ittiham üzrə epizodları sadalamaqla günahının sübut olunmadığı bildirib. O, ittiham olunduğu cinayətlərlə bağlı sübut bazasının olmadığını, müşahidə kameralarından çıxarışların yoxluğunu, hər hansı bir cinayətinin olmadığını və sübuta yetirilmədiyini məhkəmənin diqqətinə çatdırıb.

Yasin Məmmədov zərərçəkənlərin, şahidlərin qərəzli ifadələri əsasında ona ittiham verildiyini iddia edib.

Mövlam Şıxəliyevin fikirlərinə şərik olduğunu söyləyən Yasin Məmmədov keçmiş rəisindən fərqli olaraq prosessual şəxs olduğunu, lakin istintaq olunan cinayət işlərinə nəzarətin Baş prokuror və 1-ci müavininin həyata keçirilduğunu qabardıb. Deyib ki, qanunsuzluq olubsa, niyə nəzarət edənlər aradan qaldırmayıblar, səhvlərini düzəltməyiblər?

Yasin Məmmədov deyib ki, MTN-in Baş İstintaq İdarəsində çıxarılan hər bir qərar 24 saat ərzində Baş prokurora, onun 1-ci müavininə məruzə olunub. Onun sözlərinə görə cinayət işinin başlanması, vətəndaş barəsində cəlbetmə, qəti-imkan tədbiri, ittiham aktının təsdiqlənməsi baş prokrurorun və onun 1-ci müavinin səlahiyyətində olub.

Yasin Məmmədov son sözündə “mən MTN-in Baş İstintaq İdarəsində heç kim idim. Baş prokuror, onun birinci müavini, Baş İstintaq İdarəsinin rəisi, nazir olan yerdə mən kim idim ki, qərar verəm? Bu adamların hər biri istintaqa nəzarət edən, gedişatını nəzarətdə saxlayan vəzifəli şəxslər idi. Mən sıradan bir icraçı idim. Deyirdilər ki, bunu belə et, edirdim, elə elə, eləyirdim. Hər bir qərar Baş Prokurorluqda müzakirə edilirdi, təqsdiq qərarı olurdu, razılıq verilirdi, biz də işimizi görürdük. Mən zərərçəkənlərin heç birini zərərçəkən kimi tanımıram. Bu admaların maddi ehtiyacı var, maddi durumlarında çətinlikləri var. Gəlin köməkləşək, Əfsəl Həsənəliyevin banka borcunu bağlayaq”, deyə Yasin Məmmədov bildirib.

Yasin Məmmədov hakimdən xahiş edib ki, onun övladlarını atasız qoymasın, barəsində bəraət hökmü çıxarılsın.

Yasin Məmmədovdan sonra son söz növbəsi təqsirləndirilən Sahib Ələkbərova çatıb. Sahib Ələkbərov ona qarşı irəli sürülən ittihamda yer alan hər bir epizodu sadlamaqla günahsız olduğunu iddia edib. Bildirib ki, ona verilən tapşırıqları icra edib. O, tapşırıq verən yüksək vəzifəli şəxsin adını məhkəmə zalında çəkmək istəmədiyini, bunu həmin şəxsin adının mətbuatda hallanmasının qarşısını almaq üçün etdiyini vurğulayıb. Bildirib ki, ona tapşırıqlar vermiş şəxsin adını yazılı şəkildə məhkəməyə təqdim edəcəyi çıxışında qeyd edib. Barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş edib.

Vüsal Ələkbərov son sözündə bildirib ki, ona 2 epizod üzrə ittiham verilib:

“Həmin ittihamları vaxtında araşdırsaydılar, bu gün bu ittihamlarla yenidən məhkəmə qarşısında olmazdım. Mənə həmin ittihamlar üzrə 12 il iş kəsdilər. 4 il həbsdə oldum, vəziyyətim çox ağır idi. Amma bütün əziyyətlərim vətənə fəda olsun. Azərbaycan türməsinin divarları mənə doğmadır, əzizdir. Başıma açılan bu oyunların bir səbəbi var, o da, hörmətli Mövlam Şıxəliyevə rahatca ittiham verilməsidir”.

Vüsal Ələkbərov ittihamlar üzrə özünü günahkar bilməyib və barəsində bəraət hökmü çıxarılmasını istəyib.

Bundan sonra proses sentyabrın 20-nə qədər təxirə salınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*