Son illərdə yeni tikililərdə mənzil alan vətəndaşların qarşılaşdığı əsas problemlərdən biri də çıxarışın (kupçanın) alınması zamanı əlavə ödəniş tələbləridir. Bəzi MTK-ların bu prosesi müxtəlif bəhanələrlə uzatması və ya əlavə vəsait istəməsi cəmiyyətdə narazılıq yaradır.
Bəs görəsən, MTK-ların çıxarış üçün ev sahiblərindən pul tələb etməsi qanunidirmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən əmlak eksperti Elnur Azadov bildirib ki, bu kimi hallarda əsas meyar tərəflər arasında bağlanan müqavilədir.

Elnur Azadov
Onun sözlərinə görə, çıxarışla bağlı hər hansı ödənişin tələb olunub-olunmaması məhz müqavilədə göstərilən şərtlərdən asılıdır:
“İlk növbədə müqavilə şərtlərinə baxılmalıdır. Çıxarışla bağlı ayrıca müddəa varmı, hansı şərtlərlə razılaşdırılıb – bunlar əsasdır. Əslində çıxarışın alınması üçün vətəndaş yalnız daşınmaz əmlakın dövlət reyestri xidmətinə müvafiq dövlət rüsumu ödəməklə sənədi əldə edir”.
Ekspert vurğulayıb ki, əgər mənzil tikintisi ilə məşğul olan şirkət müqavilədə bu məsələ ilə bağlı əlavə ödənişi nəzərdə tutmayıbsa, sonradan belə bir tələb irəli sürə bilməz:
“Əgər müqavilədə MTK-nın çıxarış üçün əlavə vəsait tələb etməsi barədə bənd yoxdursa, bu halda həmin tələb hüquqi baxımdan əsaslı hesab edilmir. Müqavilə tərəflərin qarşılıqlı razılığı əsasında bağlanır və sonradan birtərəfli şəkildə dəyişdirilə bilməz”.
Qeyd edək ki, son dövrlərdə bəzi MTK-ların çıxarışın verilməsi üçün vətəndaşlardan əlavə ödəniş istəməsi ilə bağlı şikayətlər artmaqdadır.
Müşviq Tofqioğlu
KONKRET.az
