Müəllim-şagird qalmaqalının videosunu yayanlar cəzalandırılacaq – ƏTRAFLIbackend

Müəllim-şagird qalmaqalının videosunu yayanlar cəzalandırılacaq - ƏTRAFLI

Sosial şəbəkələrdə milli, dini, cinsi və ya digər ayrı-seçkilik, o cümlədən, qadağan olunmuş materialların yayılması dövlət orqanları ilə yanaşı, artıq hər kəsi ciddi narahat edir. Çünki bu platformalar vasitəsilə narkotik vasitələrin reklamı və ya açıq-aşkar satışı, eləcə də digər cinayət təzahürünü ehtiva edən məlumatların yayılması halları özünün pik həddinə çatıb. Doğrudur, dövlət tərəfindən internet resurslarında yayılan məlumatların təhlükəsizliyinə reaksiya operativdir. Ancaq təəssüflər olsun ki, biz hələ də informasiyanın təhlükəsizliyinə tam nəzarət etmək imkanlarına malik deyilik.

Belə bir nəzarət olmadığı halda informasiya resursları söz azadlığının demokratik prinsipini təhrif edən və sui-istifadəyə yol verən təhlükəli məzmunlu materialları maneəsiz yaymaqda davam edir. Deyə bilərsiniz  ki, bu gün Azərbaycanda onlayn resurslar vasitəsilə yayılan məlumatların təhlükəsizliyi hüquqi aktlarla tənzimlənir. Buna nəzarət isə birbaşa Baş Prokurorluq tərəfindən həyata keçirilir. Lakin qeyd edək ki, bir sıra ölkələrdə, o cümlədən Almaniya, Rusiya və Gürcüstanda təhlükəli informasiyaların qarşısı almaq üçün daha çevik yeniliklər tətbiq edilir.

Məsələn, Almaniya Federasiyasında sosial şəbəkələrin təhlükəsizliyini təmin edən “Sosial şəbəkələrdə hüquq-mühafizənin vəziyyətinin yaxşılaşdırılması haqqında” qanun var. Həmin sənəd Konstitusiyaya zidd hesab edilən təşkilatın təbliğatını, dövlət üçün təhlükə yaradan ciddi aktın hazırlanmasını, bu cür əməlin icrasına həvəsləndirən ədəbiyyatın yayılmasını, cinayətkar davranışı təşviq etməyi, milli, dini, cinsi və ya digər düşmənçiliyin qızışdırılmasını və digər məlumatları qadağan edir.

Sözügedən qanuna əsasən, informasiya istehlakçılarının qadağan olunmuş məlumatlarla bağlı sosial şəbəkəyə müraciət etmək hüququ var. Sosial şəbəkələrə isə qanunazidd olan məlumatları aradan qaldırmaq, hətta bloklamaq vəzifəsi qoyulub. Bunu etmədikdə, sosial şəbəkənin davranışı Federal Ədliyyə Departamenti tərəfindən nəzarət yoxlamasına məruz qalacaq.

Sonuncunun qanunsuz davranışa yol vermiş resursu inzibati məsuliyyətə cəlb etmək, məbləği 5 milyondan 50 milyon avroya qədər cərimə ödətmək hüququ var. Belə böyük cərimənin tətbiq edilməsində məqsəd qanuna zidd olaraq qəsdən davranışın qarşısını almaqdır.

Rusiyada “İnformasiya, informasiya texnologiyaları və məlumatların mühafizəsi haqqında” Qanununda irəli gələn məsələlərlə bağlı internetdə qadağan edilmiş məlumatların siyahısı mütamadi olaraq dövri nəşrlərdə, televiziya və radiolarda xatırlanır, media rəhbərlərinin və jurnalistlərin iştirakı ilə seminarlar, konfrans və yığıncaqlar keçirilir. Müntəzəm görüşlərdə müəllim-şagird qalmaqallarının video-çəkilişlərinin yayılmasının mənəvi-hüquqi aspektləri müəyyən edilir və cəmiyyətə mənfi təsirləri haqqında geniş müzakirələr təşkil edilir.

Hesab edirik ki, bu hal Azərbaycan üçün də keçərlidir. Çünki cəmiyyətimizi dəfələrlə Azərbaycan müəlliminin nüfuzuna xələl gətirən belə çəkilişlərin şahidinə çevrilib. İndiki həssas dönəmdə təhsildə bir çox çatışmazlıqlar movcud olduğu üçün arzuolunmaz təsvirlər bu sahədə sistemsizliyin, xaosun olması barədə fikirləri betonlaşdırır ki, bu da olduqca təhlükəlidir.  Eləcə də yetkinlik yaşına çatmayanların qeyri-qanuni davranışları, nalayiq ifadələrin işlədildiyi çıxış və yazılı materiallar barədə ciddi ölçüllər götürülür.

Adını çəkdiyimiz ölkələrdə belə materiallar və məlumatlar dərhal silinməsə ilk növbədə internet resurslarına girişin məhdudlaşdırılıması tələb olunur. İnternet resursunun sahibi məlumatı səlahiyyətli orqan tərəfindən alındığı andan bir gün ərzində silmədikdə, həmin internet resursuna çıxış tam məhdudlaşdırılır.

Hesab edirik ki, Azərbaycanda da, nəhayət, sosial şəbəkələr vasitəsilə yayılan belə məlumatların qarşısını almaq üçün digər dövlətlərin təcrübəsinə əsaslanan yeniliklər tətbiq olunmalıdır.

KONKRET.az-ın Analitik Qurpu

P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” mövzusuna uyğun olaraq dərc edilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*