Müəllimlərə 4 pilləli sistem -Sinqapur modelinə keçid edilir?backend

Müəllimlərə 4 pilləli sistem - Sinqapur modelinə keçid edilir?

Son illər dünyada təhsil sistemlərinin effektivliyi ilə bağlı müzakirələrdə ən çox istinad olunan nümunələrdən biri Sinqapur modelidir. “Sinqapur modeli” dedikdə, müəllimlərin seçimi, hazırlanması, qiymətləndirilməsi və karyera inkişafının mərhələli şəkildə qurulduğu, yüksək məsuliyyət və motivasiya mexanizmlərinə əsaslanan sistem nəzərdə tutulur. Bu modeldə müəllimlik sadəcə peşə deyil, aydın karyera perspektivləri və maddi stimulla müşayiət olunan strateji sahə kimi qəbul edilir.

Azərbaycanda da təhsilin keyfiyyətinin artırılması, müəllimlərin peşəkar inkişafının stimullaşdırılması və motivasiya mexanizmlərinin gücləndirilməsi istiqamətində müzakirələr davam edir. Bu kontekstdə beynəlxalq təcrübənin öyrənilməsi və uğurlu modellərin tətbiqi məsələsi tez-tez gündəmə gətirilir.

Bəs, Sinqapur təhsil sistemində uğurla tətbiq olunan müəllimlərin karyera pillələri modeli Azərbaycanda da tətbiq edilə bilərmi?

KONKRET.az Sfera.az-a istinadən xəbər verir ki, təhsil eksperti Ramin Nurəliyev hesab edir ki, hazırda Sinqapur təhsil sistemində uğurla davam etdirilən müəllimlərin karyera pillələri sistemi Azərbaycanın təhsil sistemində də tətbiq oluna bilər.

Ekspert bildirib ki, bu sistem müəllimlərin kateqoriyalara bölünməsi və inkişaf mərhələlərinə ayrılması prinsipi əsasında qurulur. Modelə əsasən müəllimlər dörd kateqoriya üzrə təsnif edilir: müəllim, baş müəllim, mentor müəllim və ekspert müəllim.

Onun sözlərinə görə, hər bir kateqoriyaya uyğun olaraq müəllimlərə xüsusi imtiyazlar və əlavə əməkhaqqı bonusları verilir:

“Mentor müəllim öz fənni üzrə rəhbər təyin olunur və digər müəllimlərin peşəkar inkişafına, metodiki bacarıqlarının artırılmasına məsuliyyət daşıyır. Ekspert müəllim isə fənni üzrə beynəlxalq təcrübənin tətbiqini təmin edir, həmçinin müxtəlif müsabiqə və olimpiadaların təşkilində fəal rol oynayır. Müəllimlərin karyera pillələri sertifikasiya nəticələrinə əsasən də formalaşdırıla bilər. Bu sistemin əsas məqsədi həm müəllimlərin, həm də şagirdlərin inkişafını təmin etməkdir.

Müsahibimizin fikrincə bu model Azərbaycanda da uğurlu nəticə verə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*