Təhsil bir millətin gələcəyidir. Təhsilin əsas sütunlarından biri isə müəllimlərdir. Bu gün ölkəmizdə müəllimlərin işə qəbul prosesi şəffaf şəkildə və MİQ imtahanları vasitəsilə həyata keçirilir. Lakin bəzən müəllimlər imtahandan sonra dərs dediyi məktəbi dəyişmək istəyir. Məlumdur ki, bu yaxınlarda müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında bir sıra yeniliklər tətbiq olunub.Dəyişikliklərdən biri də dövlət ümumi təhsil müəssisələrində müddətsiz əsaslarla çalışan müəllimlərin təyin olunduqları müəssisədə 3 ildən artıq fəaliyyət göstərdikləri halda müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etməsidir.
Maraqlıdır bu qərar müəllimlərin fəaliyyətinə necə təsir edəcək?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını təhsil eksperti Ümeyir Əhmədov cavablandırıb.
O bildirib ki, insanlar iş yerini seçərkən hər şeyi nəzərə almalıdır:
“Məsələn, DİM imtahan keçirir, abituriyentlər sənəd qəbulunda iştirak edib imtahana qatılır. Sonradan deyirlər ki, mən həkim olmaq istəyirdim, balım çatmadı deyə biologiya müəllimi oldum. Bu necə ola bilər? Sən ixtisas seçimi zamanı bu fakültəni yazıb ora düşürsən. Bu mənada abituriyentlər də, müəllimlər də belə məqamı nəzərə almalıdır. Həmçinin, müəllimlərin yerdəyişmə etməsi üçün boş yer olmalıdır. Digər tərəfdən yerdəyişmə üçün vacib arqument lazımdır. Məsələn, kimsə yaşayış yerini dəyişərsə, yeni ailə həyatı quraraq başqa şəhərə və ya regiona köçürsə və ya hansısa belə həyati vacib bir amil olarsa, yerdəyişmə edilə bilər. Boş səbəblərə görə yerdəyişmə etmək düzgün deyil. Hansısa detallar nəzərə alınmalıdır”.
Ekspertin fikrincə, belə yerdəyişmələr zamanı bəzən digər müəllimlərə haqsızlıq edilir:
“Məsələn, bu gün bir müəllim Yevlaxın hansısa məktəbində dərs keçir. Bu müəllim ora işə qəbul olunanda MİQ imtahanında 35 bal toplayıb. Lakin indi həmin müəllim istəyir ki, Nərimanov rayonunda yerləşən məktəbə keçsin. Lakin o müəllimin istədiyi məktəbə keçid balı 55 olub. Bu yerdəyişməni necə etmək olar? Elə məqamlar var ki, kiməsə haqsızlıq edilir. 35 ballıq yerə qəbul olunan bir şəxs 55 ballıq məktəbdə dərs keçmək istəyir. Burada tələb-təklif məsələsi var. Bizdə təkcə müəllimlər deyil, tələbələr də eyni vəziyyətdədir. Universitetə 250 balla qəbul olan bir tələbə 500 ballıq fakültəyə keçmək istəyir. Bu kimi hallar yolverilməzdir. Müəllimlər özü də məntiqi hərəkət etməlidir”.
Qeyd edək ki, mövzu ilə bağlı Təhsil Nazirliyinin mövqeyini öyrənmək üçün qurumun mətbuat katibi Cəsarət Valehovla əlaqə saxladıq. Mətbuat katibinin bizi yönləndirdiyi Nurlan adlı şəxs suallara şifahi formada cavab verə bilməyəcəyini söylədi. Yazılı sorğumuza isə iş günü ərzində cavab ala bilmədik.
Şəbnəm Mehdizadə,
KONKRET.az