Müəmmalı fotonun tarixi – Sovetlər dönəmində belə şəkli neçə çəkdirmək olardı?backend

Müəmmalı fotonun tarixi - Sovetlər dönəmində belə şəkli neçə çəkdirmək olardı?

“Bu, 1968-ci ildə Bosfor sahilində Azərbaycan yazıçılarından bir qrupun çəkdirdiyi fotodur: Qasım Qasımzadə, İsa Hüseynov, Məsud Əlioğlu, Xəlil Rza və onların həyat yoldaşları”.
 
KONKRET.az xəbər verir ki, bu sözləri şərqşünas-alim, teoloq Nəriman Qasımoğlu sosial şəbəkədə paylaşdığı tarixi bir fotoya şərhində yazıb.
O, xaricə çıxışların xeyli məhdud olduğu sovet dönəmində Azərbaycandan bir qrup ziyalıya Gürcüstan yazıçıları ilə birgə Türkiyəni turist qismində ziyarət etməyə imkan verildiyini və həmin fotonun da o səfərdə çəkildiyini qeyd edib:
“Türkiyə sevdalısı Qasım Qasımzadə o səfərdən bol təəssüratla və silsilə şeirlərlə qayıtdı. Qayıdan kimi dərhal “On günün təəssüratları” yazısını qələmə aldı və “Azərbaycan Gəncləri”ndə ardıcıl olaraq qəzetin on-on beş sayında dərc etdirdi. Və sovet dövründə Türkiyə həqiqətlərini azərbaycanlılara öz ətraflı qeydlərilə ilk dəfə müjdələyən Qasım Qasımzadənin bu yazısını o zaman demək olar, oxumayan qalmadı, insanlar səhərlər növbəyə dayanıb köşklərdən 2 qəpiyə satılan “Azərbaycan Gəncləri”ni alırdılar”.
Nəriman Qasımzadə həmin yazının Türkiyə haqqında o zaman üçün olduqca əhatəli bir yazı olduğunu vurğulayıb:
“Görünür, gələcək yazısını planlaşdırırmış deyə xeyli qeydlər götürürmüş. Etnoqrafik təsvirlərdən tutmuş, gəzdiyi yerlərə, muzeylərə dair hər şeyin dəqiqliklə, görüşdüyü şəxslərlə söhbətlərinin təfərrüatlarına qədər təqdimatı Türkiyəyə gediş-gəlişin məhdud olduğu, yazıçılar üçün isə ümumiyyətlə, əlçatmaz bir zamanında qardaş ölkəni sovet Azərbaycanının oxucularına əməlli-başlı tanıtdırır. Türkiyə xatirələri belə başlıqlarla təqdim edilir: “İstanbulda nə var, nə yox”; “Bu dağlar ulu dağlar”; “Möcüzələrdən üçü”; “Tamaşalı, bulaqlı yollar”; “Haldun Tanerin teatrı”; “O Türkiyəni necə görmək istəyirdi”; “Qəzetlərə də baxırdıq…”; “Doğma mahnılar”; “Bələdçimiz Erdənbəy”; “Ölümsüz ot”.
Bu sonuncu hissə yazdıqlarının bir növ ümumiləşdirilməsi səciyyəsindədir. Necə olub “qlavlit”dən – sovet senzurasından keçib deyə təəccüblənirəm. Türk ədibi Yaşar Kamal Azərbaycan yazıçıları ilə səfərləri sonunda mehmanxanada vidalaşıbmış, amma buna baxmayaraq, təyyarə meydanına da gəlibmiş. “Onu buraya gətirən dostluq duyğusu deyildimi?” – yazır Q.Qasımzadə. Əlbəttə, o zamanın “qlavlit”indən keçsin deyə sadəcə “dostluq duyğusu” deyir. Sonra yazır: “Görkəmli ədib həyatı, təbiəti bilməyin zərurətindən söhbət salıb dedi ki, o, “Ölümsüz ot” adlı əsərində nağıllardan eşitdiyi bu əfsanəvi bitkidən söhbət açıbmış. Kəndli oxucularından biri ona irad tutubmuş ki, bu bitki əfsanəvi deyil, həqiqətən mövcuddur. Yazıçı həmin bitkini görməkdən ötrü oxucunun dəvəti ilə kəndə gedibmiş. Ölümsüz ot kiçik tağlar atan, kökü isə torpağın altında xırman-xırman yayılan bitkidir. Onun üzdəki tağını, yaxud torpaqdakı kökünün tellərini nə qədər kəsib töksən də, bircə buğumundan belə boy atıb böyüyür, yenidən üzə çıxa bilir. Ölümsüz ot barədə bu həqiqət nədənsə məni çox düşündürdü. Təbiət və insan həyatında bir-birini xatırladan cəhətlər az deyildir. İnsanlar arasındakı, xalqlar arasındakı doğmalığı, ünsiyyəti, mehribanlıq tellərini qırıb tökmək, məhv etmək mümkün deyildir. Çünki bu tellər çox-çox dərinliklərə rişələr atıb yayılmışdır. Ölümsüz otun kökləri kimi!”
Nəriman Qasımoğlu yazıda Türkiyə səfərindən ilhamlanan Q.Qasımzadənin yazıdığı silsilə şeirlərdən maraqlı bir misraya da yer verib: 
Bosfor sahilinə düşdü güzarım,
Nağılmı, röyamı bilə bilmədim.
Çoxaldı sevincim, artdı məlalım,
Ağlaya bilmədim, gülə bilmədim.
Röya Kərimli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*