Müsavat Partiyası rəhbərliyində narahatlıq müşahidə olunur. Belə ki, partiya özünü dövlətçiliyə sadiq və hakimiyyəti dəstəkləyən qüvvə kimi təqdim etmək üçün fəallaşıb. Müsavat Məclisinin sədri Arif Hacılı bu barədə sosial şəbəkədə paylaşım edib. Onun sözlərinə görə, Vətən Müharibəsi və ondan sonrakı dövrdə partiyanın mövqeyi təhrif edilib.
Sitat: “Əminliklə deyirəm ki, beynəlxalq miqyasda müharibənin mahiyyətinin təhrif edilməsi kampaniyalarına qarşı duran, Qarabağ həqiqətlərinin çatdırılması və təbliğində şəriksiz lider təşkilat Müsavat Partiyasıdır. Həmin dövrdə bütün Azərbaycan xalqını ordumuz ətrafında birləşməyə, ümumiyyətlə vətəndaş həmrəyliyinə çağırışlar etdik. İkinci Qarabağ müharibəsini ilk olaraq biz Vətən Müharibəsi adlandırdıq. Heç reklam etmədən müharibədə könüllü iştirak üçün hərbi komissarlığa müraciət etdim. Yüzlərlə Müsavat üzvü bu təşəbbüsə qoşuldu”.
Arif Hacılının bu açıqlaması həmin vaxt Müsavatın “Qarabağ həqiqətlərinin təbliğində lider rol oynadığı” mesajını daşıyır. Lakin maraqlıdır ki, 44 günlük müharibə zamanı Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyaları (AXCP) birgə bəyanata imza atmaqdan nümayişkaranə şəkildə imtina etmişdilər. Bu baxımdan partiyanın dövlətçiliyə sədaqət nümayişi və hazırkı davranışları birmənalı qarşılanmır.
Bu, Müsavat və AXCP-nin bağlanması çağırışları fonunda olduqca maraqlı görünür. Cəmiyyətdə sual yaranır ki, 44 günlük müharibə dövründə dövlət mövqeyinə imza atmayan partiyanın indi hakimiyyətə yaxın görünməyə çalışması, Vətən müharibəsi zamanı fədakarlıq etdiyini deməsi nə dərəcədə səmimidir? Yoxsa, Müsavat rəhbərliyi hakimiyyətə reverans edir? Bağlanmaq təhlükəsindən yayınmaq üçün belə manevr edir?
KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib ki, Azərbaycanda vətəndaş həmrəyliyinin təmin olunmasında nə vaxtın, nə partiyanın, nə də müəyyən şərtlərin xüsusi əhəmiyyəti var:
“Əsas məsələ odur ki, ölkədə ümumi həmrəylik mühiti formalaşsın, siyasi qüvvələr xarici təsirlərə qarşı birgə mövqe nümayiş etdirsinlər. Dövlətin, millətin və xalqın qarşısında duran əsas problemlərin həllində hər kəs məsuliyyətlə iştirak etməli, birgə səylər göstərməlidir.
Müsavat Partiyasına münasibət hakimiyyət tərəfindən hər zaman birmənalı olmayıb. Ola bilər ki, 44 günlük müharibə dövründə bu partiyanın müəyyən mövqeyi səbəbindən onun proseslərdən qismən kənarda qalması və ya kənardan dəstək verməsi kimi hallar müşahidə olunub”.

Sərdar Cəlaloğlu
ADP sədri qeyd edib ki, İsa Qəmbər və onunla həmfikir olan şəxslərin dövlətçilik məsələlərində mövqeyi birmənalıdır:
“Onların fəaliyyətində dövlət maraqlarına zidd hərəkət müşahidə edilməyib və dövlətin maraqları naminə fədakarlıq göstərməyə hazır insanlardır. Bu baxımdan, Müsavat Partiyasının bu cür mövqe nümayiş etdirməsi alqışlanmalıdır. Əgər Azərbaycan Xalq Cəbhəsi də milli və dövlət maraqları istiqamətində ortaq mövqeyə gələcəksə, bu, ölkədə siyasi dialoqun və təcili islahatların həyata keçirilməsi üçün mühüm zəmin yarada bilər”.
