“NATO-nun Ukrayna xəyalları ancaq beynəlxalq təhlükəsizlik dilemmasını gücləndirəcək” – Çinli politoloqbackend

"NATO-nun Ukrayna xəyalları ancaq beynəlxalq təhlükəsizlik dilemmasını gücləndirəcək" - Çinli politoloq

Ukrayna üçün ən yaxşı seçim daxili sülh və beynəlxalq neytrallıqdır. Yalnız bu zaman o, “Avropaya qapı” rolunu davam etdirə bilər. Və Rusiya ilə Qərb arasında daimi mübarizə aparan geosiyasi maneəyə çevrilə bilməz.

Rusiyanın Ukraynanın şərqindəki iki “respublika”nın müstəqilliyini tanıması ilə ABŞ və Avropa Moskvaya qarşı sərt sanksiyaların yeni mərhələsini tətbiq etdi və Ukrayna böhranı son həddə çatdı. Ukrayna problemi təkcə Rusiya və Ukrayna arasında münaqişə deyil, o, bir sıra qlobal ziddiyyətlərdən ibarətdir: Bunlar Rusiya ilə Ukrayna arasında suveren ərazi mübahisəsi, ABŞ, Rusiya və Avropanın əsas dövlətləri arasında Avropanın təhlükəsizliyi məsələlərində dominantlıq mübarizəsi, həmçinin NATO və Rusiya təhlükəsizlik anlayışları və sərhədləri arasında fikir ayrılıqlarıdır. Son iki ziddiyyətdə NATO əsas amildir. Çünki o, təkcə Qərbin Ukrayna böhranının həllində əsas aləti deyil, həm də onun kəskinləşməsinin mühüm mənbəyidir.

Yada salaq ki, Soyuq Müharibə başa çatdıqdan sonra nə ABŞ, nə də NATO-nun Avropa üzvlərini genişləndirməyə  ehtiyac görmədilər. Hətta NATO-nun, ümumiyyətlə, mövcud olmasının zəruriliyini müzakirə etməyə başladılar. Böyük Avropa ölkələri ABŞ-ın daxil olmadığı və ya ən azı birtərəfli qaydada Vaşinqtondan asılı olmayan Avropa təhlükəsizlik çərçivəsini ciddi şəkildə nəzərdən keçirməyə başladılar. Onların arasında Almaniya xüsusilə fəal idi. Berlin hesab edir ki, Sovet İttifaqının dağılmasından sonra Almaniya ilə Rusiya arasındakı geniş məkan öz iqtisadi və strateji imkanlarına xidmət etməlidir və bunu başqa ölkələrlə bölüşmək istəmir. Lakin keçmiş Yuqoslaviyadakı böhran Avropanın təhlükəsizlik zəif cəhətlərini üzə çıxartdı. Və bu NATO-ya ayaqda qalmaq və genişlənmək üçün fürsət pəncərəsi verdi. NATO ilk dəfə 1999-cu ilin martında Çexiya, Macarıstan və Polşanı da əhatə etməklə genişləndi.

NATO-nun şərqə doğru genişlənməsinin ən azı üç nəticəsi oldu: Almaniya ön cəbhədən arxaya keçdi, NATO-nun Şərqi Avropa hissəsi xeyli genişləndi, Alyansla Rusiya arasında strateji münaqişə getdikcə daha da kəskinləşdi. 2008-ci ilin aprelində Buxarest sammitində Xorvatiya və Albaniya NATO-ya üzv olmağa dəvət edildi. ABŞ həmçinin bildirdi ki, Ukrayna və Gürcüstan da yaxın vaxtlarda NATO-ya daxil olacaq. Yaranmış şəraitdə təbii ki, Rusiya Alyansın genişlənməsinə qarşı çıxmaqda qərarlı idi. 2008-ci ilin avqustunda Rusiya Cənubi Osetiya problemi bəhanəsi ilə Gürcüstana hücum etdi və Gürcüstanın NATO-ya üzvlüyünü müvəqqəti olaraq dondurdu.

Ukrayna məsələsi gürcü məsələsindən qat-qat vacib və incədir. Ukrayna uzun müddətdir ki, “Avropaya qapı” və Rusiya ilə Qərb arasında əsas körpü hesab edilir. O, çoxdan mühüm strateji nöqtə və dəfələrlə hərbi münaqişələrin baş verdiyi ərazi olub. Buna görə də, Soyuq Müharibədən sonra Ukrayna dünyanın ən dərin geosiyasi bataqlığında batan ölkəyə çevrildi. Daxili və xarici ziddiyyətlərin üst-üstə düşməsi Ukraynanı sovet dövrünün inkişaf etmiş respublikasından SSRİ-nin ən geridə qalmış keçmiş subyektlərindən birinə çevirdi. Sosial-iqtisadi strukturun uzunmüddətli durğunluğu və geriləməsi, eləcə də Ukraynadakı bütün daxili siyasi qruplaşmaların bir-birinin üstünə ləkələr atması ölkə daxilindəki fikir ayrılıqlarının getdikcə ziddiyyətlərə və münaqişələrə çevrilməsinə səbəb olub. Nəticədə Rusiyayönlü və qərbyönlü qüvvələr hakimiyyətdə bir-birini əvəz edərək, kənar qüvvələrə ölkəyə müdaxilə etmək və manipulyasiya etmək imkanı verdilər.

2013-cü ilin sonunda Ukraynanın rusiyapərəst prezidenti Viktor Yanukoviç qərbyönlü qüvvələri qəzəbləndirərək Aİ ilə münasibətləri soyudaraq danışıqları dayandırdı. Nəticədə o, istefaya göndərildi. Ukraynanın Qərbə yürüşünün dayandırıla bilməyəcəyini hiss edən Rusiya Ukraynada Qərblə köklü siyasi və iqtisadi rəqabət strategiyasına düzəliş etdi və 2014-cü ilin martında Krımı geri aldı. Bir neçə gün sonra Avropa və Ukrayna tarixi birlik və azad ticarət sazişi imzaladılar və bundan sonra Ukraynanın şərqindəki silahlı birləşmələr- “LXR” və “DXR” rəsmən müstəqillik bayrağını qaldırdılar.

Çjan Tsyadun,

Çin.

Tərcümə etdi: Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*