NATO və KTMT-nin TDT qorxusu: Türk Dövlətləri Təşkilatı hərbi-siyasi İTTİFAQA çevrilirbackend

NATO və KTMT-nin TDT qorxusu: Türk Dövlətləri Təşkilatı hərbi-siyasi İTTİFAQA çevrilir

Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşünün yekunlarına dair Səmərqənd Bəyannaməsi imzalandı. Bəyannamə ölkələrin regional və geosoiyasi aspektdə irəliləyişlər əldə etməsi baxımından mühüm əhəmiyyətə malikdir. Xüsusən də bəyannamədə qeyd olunan Zəngəzur dəhlizinin tezliklə açılması, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin ötürücülük qabiliyyətinin artırılması, Avropa və Asiya arasında daha yaxşı nəqliyyat bağlantılarının genişləndirilməsi türk dövlətlərinin daha ciddi əməkdaşlıq perspektivlərinə kökləyir. Bu isə türk xalqlarının nəinki regional, həm də qlobal inkişafına ciddi tövhələr vəd edir.

Mövzunu KONKRET.az-a dəyərləndirən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Hasan Oktay bildirib ki, Türk Dövlətləri Təşkilatının Özbəkistanda baş tutan IX zirvə görüşü türk dövlətlərinin birlik və bərabərliyi baxımından mühüm əhəmiyyət daşıyır:

“Çünki 30 ildir ki, davam edən görüşlər artıq ciddi əməkdaşlıq prosesinə qədəm qoymağa başlayıb. Yəni, türk dövlətləri bu günə qədər müxtəlif səbəblərə görə, yavaş-yavaş irəliləyirdisə, indi daha sağlam və məntiqi nəticəyə daha uyğun inkişaf edir”.

“Təbii ki, bu görüşə Şimali Kipr Türk Respublikası və Macarıstanın da qatılması çox önəmldir. Bu mənada, bundan sonrakı görüşlərdə sadəcə müstəqil türk dövlətləri deyil, türk xalqlarnın da iştirak etməsi gözləniləndir. Bu da türk dövlətlərinin bir çox məsələlərdə bir-birinin zəif tərəflərini gücləndirməsinə gətirib çıxaracaq”, – deyə türkiyəli politoloq vurğulayıb.

Mərkəz sədri fikrini belə əsaslandırıb ki, sosial cəhətdən bəzi türk dövlətlərinin zəif olması, birlik nəticəsində onların qüvvətlənməsinə səbəb olacaq:

“Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin probelmləri var. Bu problemlər nəzərdən keçiriləndən sonra bu ölkələr dünyanın inkişaf edən dövlətlərinin siyahısına qədəm qoyacaq”.

Türkiyəli analitik Engin Özer də KONKRET.az-a Türk Dövlətləri Təşkilatının Özbəkistandakı son zirvə görüşündə ciddi qərarlara imza atdığı qənaətindədir:

“Çünki təşkilatın “Türk Dünyası 2040 Vizyonu” çərçivəsində bir çox yeni addımlar atacağına şahidlik edirik. Bu baxımdan, bu gün mədəni, sosial və iqtisadi sahələrdə inkişaf edən təşkilatın yeni mərhələdə hərbi-siyasi sahələrdə də irəliləyəcəyini görürük”.

“Bununla yanaşı, Şimali Kirp Türk Respublikasının da təşkilatda status alması Türkiyə üçün ümidvericidir. Bu mənada təşkilatın strukturunun Avropa İttifaqının strukturuna çevriləcəyini görə bilərik. “2040 Vizyonu” araşdırılması lazım olan bir mövzudur, bu, təşkilatda vacib olan təməlin qoyulmasıdır. İlk növbədə, əlbəttə ki, iqtisadi əməkdaşlığı artırmaq, gömrük maneələrini aradan qaldırmaq və bu ölkələrin vətəndaşlarının rahat ticarətini təmin etmək lazımdır. Növbəti mərhələdə isə hərbi-siyasi əməkdaşlıqlar ön plana keçəcək”,- deyə Özer vurğulayıb.

Türkoloq-alim Faiq Ələkbərli isə KONKRET.az-a açıqlamasında türk xalqlarının yenidən bir araya gəlməsinin 20-ci əsrin sonralarına təsadüf etdiyini deyib:

“1990-cı illərin əvvələrindən etibarən Türkiyə ilə yanaşı, yeni türk dövlətləri də meydana çıxdı. Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızstan və digərləri. İlk dövrlərdən müstəqil türk dövlətləri daha çox iqtisadi, mədəni və sosial sahələrdə münasibətlərə üstünlük veriridilər. 1-ci mərhələdə türk dövlətləri hələ ki, bir-biriylə yaxınlaşmağa, münasibətlərini bərpa etməyə başlayırdılar. Ki, bu da çox önəmli bir mərhələ oldu”.

“Türk dövlətlərinin birliyinin 2-ci mərhələsi isə təşkilatın yaranması ilə başlayıb. Artıq iqtisadi, sosial, mədəni əlaqələrdən daha çox önəm daşıyan siyasi-hərbi müstəviyə yaxınlaşmışıq. Yəni, Türk Dövlətləri Təşkilatının Səmərqənd görüşü də bizə deməyə əsas verir ki, təşkilat dünyada formalaşacaq əsas güclərdən biri olacaq. Burada isə söhbət təkcə müstəqil türk dövlətlərindən getmir, həm də digər dövlətlərin tərkibində yarım müstəqil olan və ya ümumiyyətlə hüquqları olmayan türk xalqlarından gedir”, – deyə Türkoloq vurğulayıb.

Onun sözlərinə görə, Səmərqənd görüşü bütün türk dövlətləri üçün olduqca əhəmiyyətlidir:

“Türk Dövlətləri Təşkilatı özündən müəyyən qədər söz etdirməyi bacarıb, ancaq bundan sonrakı mərhələ daha çox önəm daşıyacaq. Çünki yaxın zamanlarda Türk Dövlətləri Təşkilatı ciddi hərbi-siyasi ititfaqa çevriləcək. İkinci mərhələ də uzun sürməyəcək. Çünki 1-ci mərhələdən fərqli olaraq 2-ci mərhələ daha yetkin mərhələdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Prezident İlham Əliyevin, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin çağırışları da buna yönəlik idi. Bu baxımdan, Türk Dövlətləri Təşkilatı adında dəyişiklik edərək güclü hərbi-siyasi birliyə çevriləcək. Bununla da müstəqil türk dövlətlərinin sayı da şübhəsiz ki, artacaq. Beləliklə də dünyada Türk birliyi və ya Turan adına uyğun olan hərbi-siyasi birlik mövcud olacaq”.

Mərahim Nəsib,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*