Navalnını dirildib yenidən öldürmək? – Ananın axtardığı narahat ruh, Baydenin təbəssümübackend

Navalnını dirildib yenidən öldürmək? – Ananın axtardığı narahat ruh, Baydenin təbəssümü

Sovet imperiyasının amansız repressiya siyasəti bir çox ailələrin həyatını məhv etdi. Bu bəladan məmləkətimiz də yan keçə bilmədi. Amma mühüfizəkar dəyərlərə malik ölkəmizdə insanları ən çox təsir edən məqamlardan biri repressiyaya uğramış görkəmli şəxsiyyətlərimiz – Mikayıl Müşfiqin, Əhməd Cavadın və digərlərinin meyitlərinin ailələrinə təhvil verilməməsi, onların ənənələrə uyğun dəfn olunmalarına şəraitin yaradılmaması idi. Sən demə, insanın ölməsi bir yana, onun torpağa tapşırılmaması daha böyük dərd imiş…

Bəşəri cinayətlərin ifşasından və sovet rejiminin tarixin zibilxanasına göndərilməsindən sonra güman etmək olardı ki, özünü imperiyanın varisi hesab edən Rusiya həmin hadisələrdən nəticə çıxaracaq. Amma rus müxalifətçiləri Boris Nemtsovun Kreml yaxınlığındakı küçədə güllələnməsindən, Aleksey Navalnının həbsxanada ölməsindən sonra heç bir nəticənin çıxarılmadığı bir daha aydın oldu. Navalnının meyiti ətrafında baş verənlər isə nə dinə, nə insanlığa sığır.

Siyasətçinin ölümündən 6 gün keçməsinə baxmayaraq, anası “qəfildən ölən” övladının meyitinə qovuşa bilmir. Onsuz da bir ana üçün balasını itirmək böyük dərddir. Övladına son dəfə baxmaq və qucaqlamaq bu ağrını az da olsa, yüngülləşdirə bilər. Artıq Lyudmila Navalnaya oğlunun meyitinin təhvil verilməməsinə görə Rusiyanın dövlət başçısına və yerli məhkəməyə müraciət edib. Amma bu cəhdlər hələlik heç bir fayda verməyib.

Nifrətləri o qədər böyükdür ki, əlacları olsa, Navalnını dirildib, yenidən öldürərlər….

İndi Co Bayden rusiyalı həmkarını söyür, Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri, o cümlədən “dostumuz” Jozep Borrel mərhum müxalifətçinin xanımı Yuliya Navalnayanı mehribanlıqla qarşılayırlar, onun tələblərinə diqqətlə qulaq asır, bəyanatlar verir, Alekseyin adının əbədiləşdirilməsi naminə müxtəlif addımlar atırlar.

Bu yerdə adamın yadına jurnalist Camal Kaşıkçının faciəli taleyi düşür. Səudiyyə Ərəbistanın İstanbuldakı səfirliyində jurnalist öldürüldü, doğranılıb quyuya atıldı, onun nişanlısını qəbul edən Bayden əsdi-kükrədi, bir neçə il sonra isə ittiham etdiyi rəsmi şəxsin əlini sıxdı və üzünə gülümsədi…

Yaranmış durum və davranışlar göstərir ki, Navalnı məsələsi də fərqli olmayacaq. Müdriklərimiz demişkən, “olan ölənə oldu”…

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*