Nazirliyin işçilərə sərt qadağalar qoyması müzakirə obyektinə çevrilə bilər – ŞƏRHbackend

Nazirliyin işçilərə sərt qadağalar qoyması müzakirə obyektinə çevrilə bilər – ŞƏRH 

Dünyanın bir çox ölkəsində özəl və dövlət qurumlarda işçilərin geyim ilə bağlı müəyyən qaydalar və tələblər var və onlar bu qaydalara əməl etməlidir. Bu mənada Azərbaycanda da son illər ərzində müxtəlif müəssisələrdə dress-kod tələb edilir. Lakin təəssüf ki, ölkəmizdə bir çox məsələlərdə olduğu kimi, bu mövzuda da ifrata varılır. Misal olaraq isə Mədəniyyət Nazirliyini misal çəkə bilərik.

Belə ki, bu günlərdə Mədəniyyət Nazirliyində əmr imzalanıb. Əmrə əsasən nazirliyin tabeliyində olan qurumların qadın və kişi əməkdaşları üçün dress-kod müəyyən edilib. Belə ki, qadınlara işlədikləri müəssisələrdə dar və cins materiallı şalvar geyinmək, dikdabandan, eləcə də şəffaf və parıltılı dodaq və dırnaq boyasından istifadə etmək qadağa edilir. Sənədə əsasən qaydalarda nəzərdə tutulan geyim üslubuna mütləq şəkildə əməl edilməlidir.

Bəs görəsən bu qadağalar nə dərəcədə düzgündür?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını sosioloq Üzeyir Şəfiyev cavablandırıb. O bildirib ki, məsələ ilə bağlı ziddiyyətli məqamlar var:

“Etiket qaydaları və dress-kodlar əksər yerdə var. Bəzi müəssisələrdə bu məsələlər yazılmamış qaydalarla müəyyən edir. İnsanlar harada işləməyinin fərqində olmalıdır. Hər bir insan çalışdığı qurumun etiket qaydalarına və geyim tərzinə bələd olmalıdır. Lakin bu formada qadağaların qoyulması mübahisələndirilə bilər. Nazirliyin işçilərə sərt qadağalar qoyması müzakirə obyektinə çevrilə bilər. Belə mövzularda bəzən sərt reaksiyaların şahidi oluruq. Şirkətlər və qurumlar insanların fərqliliyini nəzərə almalıdır”.

Sosioloqun fikrincə, bu kimi qaydalar sərəncam şəklində və sərt olmalı deyil.

“Düzdür, bəzən xanımlar iş prosesində vulqar geyimlərə və həddən artıq makiyaja üstünlük verir. Şübhəsiz ki, bu, iş mühitinə də öz təsirini göstərir. Nazirliyin bu qərarı məhz belə halların qarşısını almağa hesablanıb. Əlbəttə, işçilər üçün müəssisədaxili qayda və normativlərin olması yaxşı haldır. Lakin belə həssas mövzularda ictimai rəy mütləq nəzərə alınmalıdır. Həmin qaydalar sərəncam şəklində və sərt olmalı deyil. Müəssisə daxili psixoloji iqlim həmin məqamları özü tənzimləməlidir”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*