Nazirliyin qoyduğu qaydalardan baş açmayan ana-balanın ACINACAQLI HƏYATI – FOTObackend

Nazirliyin qoyduğu qaydalardan baş açmayan ana-balanın ACINACAQLI HƏYATI - FOTO

“Uşaqpulu bərpa olunsaydı, bu sənəd işindən, internetdən kompüterdən canımız qutarardı. Mən latın əlifbası ilə yazıb-oxuya, kompüterə heç yaxın düşə bilmirəm”.

KONKRET.AZ bildirir ki, bu sözləri saytımıza ünvanlı sosial yardımla bağlı üzləşdiyi problemə görə müraciət edən Abşeron rayon  Mehdiabad qəsəbəsi, 20 yanvar küçəsi 8, mənzil 45-də yaşayan Səfərova Zəminə Bəxtiyar qızı deyib.

Zəminə xanım bildirib ki, artıq 4-cü ildir dövlətin təyin etdiyi sosial yardımdan məhrumdur, səbəbini də bilmir niyə?

“Bundan 4 il əvvələ qədər lazımi sənədləri toplayıb “sobezə” verirdik. Orda da rahat və problemsiz şəkildə yardım təyin olunurdu. Və düz 5 il ünvanlı sosial yardım almışam. Təzə qanun çıxandan sonra kompüter və internetlə heç bir əlaqəm olmadığı üçün hər il internet kulubda  bir-iki nəfərə 3-5 manat verib elektron  müraciət edirəm”.

Konkret.az saytının əməkdaşı məsələni araşdırmaq məqsədi ilə Zəminə xanımın yaşadığı  Abşeron rayon  Mehdiabad qəsəbəsinə yollanıb. Aydın olub ki sözügedən şəxs Mehdibad qəsəbəsində “Səma” adlı mağazada 160 manat müqabilində xadimə işləyir. Bundan başqa, himayəsində 10 yaşlı övladı da var. Beləliklə, ailənin yeganə gəliri xadiməçiliklə qazanılan 160 manatdır və bu pulla ailə, sözün əsl mənasında sürünür. Zəminə xanımın ailəsi dövlətin dəstək olacağı ünvanlı sosial yardım təyinatının kriteriyalarına tam uyğun gələn ailə nümünəsindir.

Qeyd edək ki, 2019-cu il üçün yaşayış minimumunun ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat müəyyən edilib. Sosial yardım isə aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Aztəminatlı ailə dedikdə, orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə başa düşülür.Yəni buradan  aydın gorünür ki, iki şəxsdən ibarət ailənin aylıq gəliri cəmi 160 manatdır.

Onu da bildirək ki, sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarına bərabər və ya məcmusundan yuxarı olduqda, sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12  ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqı-satqı etdikdə, ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla), ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanı tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında  bir aydan sonra baxılır, ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olduqda, ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda sosial yardım verilməsindən imtina edilə bilər.

Onu da nəzərinizə çatdıraq ki,sosial yardımın verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar baş verdikdə sosial yardım dayandırılır. Bura təmsilçi vəfat etdikdə, ailənin tərkibində və gəlirində sosial yardım məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar baş verdikdə və ya sosial yardım ailə tərəfindən ardıcıl gələn 3 ay müddətində alınmadıqda sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. Ailəyə mənzil (əgər bu ev və ya mənzil ailənin əmlakında və ya istifadəsində olan yeganə ev və ya mənzil deyildirsə) və nəqliyyat vasitəsi bağışlandığı hallarda, sosial yardımın verilməsi həmin halın baş verdiyi gündən dayandırılır.  Amma bütün bu yuxarıda sadaladıqlarımızın Zəminə xanımın kiçik ailəsinə heç bir aidiyyatı yoxdur.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə Əlaqələr şöbəsini müdiri Fazil Talıblı ilə əlaqə saxladıq. Fazil Talıblı məsələni araşdırıb məlumat verəcəyini bildirdi. Bəlli oldu ki, həqiqətən də bundan əvvəl 5 il ardıcıl olaraq Səfərova Zəminəyə ünvanlı sosial yardım təyin olunub, daha sonra tətbiq olunan Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminə (Vemtas) ardıcıl 3 il  olunan müraciətə baxılarkən Azəriqaz istehsalat birliyi tərəfindən təqdim edilən məlumata əsasən sayğac abonent kodu aşkarlanmadığından elektron sistem tərəfindən yardım avtomatlaşdırılmış qaydada dayandırılıb. Təbii ki, bütün bunlardan sadlövh vətəndaş bixəbəri olub.

Buradan da bir nəticə hasil olur ki, nümunə kimi göstərdiyimiz problemlə bağlı çox sayda anlayışsız insan qrupu əziyyət çəkir. Sadə texniki səbəbdən cansız texnika canlıya möhtac ailənin illərlə ehtiyac içində qalmasına, problemlərlə üzləşməsinə səbəb olaraq səhvlər edə bilir.

Təklif  olaraq deyə bilərik ki, belə halların yaşanmaması üçün  yaxşı olar ki, rayonlar üzrə sosial müdafiə mərkəzlərində Zəminə xanım kimi elektron texnikadan anlayışsız insanların rahat müraciəti təmin edilsin. Nazirlik ən azından iki əməkdaşını ayırıb vətəndaşın yardım müraciətinə baxsın.

Məsələnin həlli ilə bağlı Fazil Talıblıya  məhz bu yolla  köməklik göstərməsini, Zəminə xanımın müraciətinə baxılması üçün Nazirliyin Abşeron rayon şöbəsinə  köməklik göstərməsini xahiş etdik.

KONKRET.AZ problemi nəzarətdə saxlayacaq.

Hazırladı: Elman ŞİRMƏMMƏDOV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*