Son dövrlərdə Azərbaycanda əksər dərmanların qiymətində bahalanma müşahidə olunur. Əhalinin böyük qismi özünə lazım olan dərmanı ala bilmir. Apteklərdə yaranan mənzərə belə qənaətə gəlməyə əsas verir. Bəs görəsən dərmanların qiyməti niyə günü-gündən artır?
Mövzu ilə bağlı KONKRET.az-a danışan həkim-radioloq Aydın Əliyev bildirib ki, qiymətlər hər keçən gün artır: “Elə dərmanlar var ki, həqiqətən də çox bahalıdır. İnsanlar belə bahalı dərmanları almağa maddi baxımdan çətinlik çəkirlər. Əhalinin sosial vəziyyəti də o qədər yaxşı deyil. Düzdür, əksər dərmanların qiyməti Tarif Şurası tərəfindən müəyyənləşib. Lakin bu dərmanların qiymətinin hansı meyarlar əsasında müəyyənləşdiyi məlum deyil. Bəzi çətin tapılan dərmanların qiyməti çox bahadır və günü-gündən də artır”.
Həkimin sözlərinə görə, Azərbaycanın dərman istehsal etməsi üçün hər cür imkanları var: “Artıq dərman istehsalına başlamaq lazımdır. Buna ciddi ehtiyac var. Nə vaxta qədər dərmanı xarici ölkələrdən alacağıq? Ən sadə dərmanları belə biz idxal edirik. Pandemiya göstərdi ki, ölkəmizd ciddi dərman qıtlığı var. Ona görə də təcili olaraq dərman istehsalına başlamalıyıq. Ölkədə müasir çağırışlara cavab verən dərman zavod və fabrikləri tikilməlidir. Biz bu məsələdə çox geridəyik və gecikirik. Qlobal problem yarananda digər dövlətlərdən asılı qalırıq. Bu asılılıq aradan qaldırılmalıdır. Pandemiyanın ilk dövrlərində ölkədə maska və spirt çatışmazlığı yaşandı. Bu çox aktual problemdir. Problemin həlli üçün dəqiqləşdirilmələr aparılmalıdır. Mövcud qiymətlər nəyə əsasən təyin edilir? Bu ətraflı şəkildə araşdırılmalıdır. Digər tərəfdən Tarif Şurası tərəfindən müəyyən edilməyən bahalı dərmanların qiymətində korrektələr edilməlidir”.
Şəbnəm Mehdizadə,
KONKRET.az