Dünyada müşahidə edilən qlobal iqtisadi böhran və bahalaşma Azərbaycandan da yan keçmir. Ölkədə ərzaq məhsulların və digər zəruri malların qiymətində müşahidə edilən artım fonunda kommunal tariflərinin yüksək olması isə vətəndaşlara əlavə çətinliklər yaradır. Üstəlik qaz və işıqdan istifadəyə görə müəyyən limitlərin tətbiqi vəziyyəti bir qədər də çıxılmaz edir. Bəs görəsən ən azından qış aylarında limitlərin artırılması və ya tariflərin aşağı salınması mümkündürmü?
Mövzunu KONKRET.az-a şərh edən iqtisadçı Natiq Cəfərli bildirib ki, enerji daşıyıcıları ilə bol olan, xaricə neft-qaz satan bir ölkədə elektrik enerjisinə və təbii qaza limit qoyulmamalıdır: “Bu, məntiqli deyil. Bu təbii resursların bəlli meyvəsini Azərbaycan xalqı da dərməlidir. Ona görə də, Azərbaycanda təbii qaza və elektrik enerjisinə limit qoyulması və limiti keçdikdən sonra qiymətlərin artırılması əhalini narahat edir və müəyyən problemlərə yol açır. Bu, tək sosialoji problem deyil. Çünki getdikcə siyasi-psixoloji problemə çevrilir. Azərbaycan bütün dünyaya neft-qaz satır. Ancaq ölkə əhalisi bu enerji daşıyıcılarına müəyyən limitlə çıxış əldə edir. Bu, insanlarda müəyyən xoşagəlməz sualların yaranması ilə nəticələnir”.
Natiq Cəfərli əlavə edib ki, insanların öz ölkəsində təbii qaza və elektrik enerjisinə əlçatanlılığının artırılması üçün ciddi addımlar atılmalıdır: “Hökumət bu haqda düşünməlidir. Sosial problemlərin çoxaldığı, inflyasiyanın artdığı və qiymətlərin yüksəldiyi bir dönəmdə ən azından limitlərlə bağlı pozitiv qərar əhali tərəfindən gözləniləndir. Yeni il qabağı belə bir qərar qəbul olunsa, Azərbaycanda sosial məsələlərin həllində kifayət qədər irəliyə doğru atılan bir addım kimi dəyərləndirilə bilər”.
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli isə bildirib ki, bu cür limitlərin qoyulması dünya praktikasında geniş yayılıb: “Bu, Azərbaycan hökumətinin fikirləşdiyi məsələ deyil. Dünyada smart sayğacların elə növləri var ki, hətta işığı və qazı axşam saatlarında istifadə etdikdə tariflər gecəyə nisbətən daha artıq hesablanır. Yəni fərqli saatlara görə, fərqli limitlər və tariflər müəyyənləşdirilə bilir. Azərbaycanda tariflərin ləğv olunmasına gəlincə, burada məsələ bir az fərqlidir. Əgər tariflər ləğv edilib hamı üçün eyni tarif müəyyənləşdirilsə, bu, daha yüksək rəqəm olacaq. Yəni burada aşağı tarifin bütün istifadəyə şamil olunmasından söhbət getməyəcək. Bütöv xərclər hesablanacaq və vahid qiymət tətbiq ediləcək. Məsələn sıfırdan qaz və ya elektrik enerjisindən istifadə üçün 17 qəpiklik bir tarif tətbiq ediləcək. Amma bu, daha ədalətsiz bir qərar olacaq. Çünki müəyyən vətəndaşlar qaz və işıqdan qənaətlə istifadə edərək daha aşağı tarif ödəmək hüququndan məhrum olunacaq”.
Xalid Kərimli əlavə edib ki, hökumət tarif siyasəti ilə sosial ədaləti qorumağa çalışır: “Yəni kiminsə imkanı yoxdursa və qənaət etməyi bacarırsa, o zaman aşağı tariflə ödəniş edə bilər. Yəni bu, bir proqressiv həvəsləndirmə mexanizmidir. Hazırda doğurdan da enerji daşıyıcılarının qiyməti yüksəkdir. Amma Azərbaycan özü neft-qaz istehsal etdiyi üçün əhalisini mümkün qədər aşağı qiymətlər verib. Lakin daha aşağı qiymətlər də təklif etmək mümkündür. Yəni idarəçiliyi tənzimləmək və xərcləri nizamlamaqla buna nail olmaq asandır. Ancaq məsələ ondan ibarətdir ki, bizim neft və qazımızı beynəlxalq şirkətlər çıxarır. Dövlət Neft Şirkətinin isə orada sadəcə payı mövcuddur. Onlar isə məhsulları dövlətə dünya bazarı qiymətinə uyğun satırlar. Bu halda dövlət aldığından daha ucuz qiymətə vətəndaşa satsa, man böyük ziyan yaranacaq. Ziyanı isə büdcə vəsaiti hesabına kompensasiya etmək lazım gələcək. Bu isə effektiv sayılmır. Hər bir halda vətəndaşlar çox çətin vəziyyətlə üz-üzədir. Çünki ərzaq qiymətləri qalxır, kommunal xərclər isə yüksəlir. Amma tariflərin limitlərə görə ləğvi də çıxış yolu deyil. Bu, daha pis nəticələrə səbəb ola bilər. Burada hökumət sadəcə olaraq aşağı tariflərin istifadə həcmini bir qədər artıra bilər”.
Müşviq Tofiqoğlu,
KONKRET.az